İran çöksə, Bakı üçün fəlakətmi, strateji fürsətmi?
Analitika
807
10:20, Bu gün

İran çöksə, Bakı üçün fəlakətmi, strateji fürsətmi?

ABŞ, Rusiya, İsrail və Çinin İrana münasibəti fonunda Azərbaycanın qarşısında duran risklər, açılan imkanlar və Güney Azərbaycan faktoru...
 
İranda baş verənlər artıq nə sadəcə etiraz dalğasıdır, nə də sırf daxili siyasi böhran. Bu, dövlətin davamlılığına dair açıq sualdır. Minlərlə ölən, on minlərlə həbs olunan, iqtisadiyyatın iflic olduğu bir ölkədən danışırıq. Amma paradoks ondadır ki, bu miqyasda zorakılığa baxmayaraq, böyük güclər hələ də ehtiyatlı davranır. Çünki problem təkcə İran rejimi deyil, İranın mümkün çökməsidir. İran çökərsə, bu, ilk növbədə Cənubi Qafqazı, daha konkret desək, Azərbaycanı sınağa çəkəcək.
 
ABŞ üçün İran illərdir dəyişməyən dilemma ilə ölçülür: rejimi necə zəiflətmək olar, amma dövləti dağıtmamaq şərti ilə. Vaşinqton İranın regional təsirinin sarsılmasını istəyir, eyni zamanda nüvə proqramının nəzarətdən çıxmasından qorxur. İranın tam çökməsi ABŞ üçün İraq 2003 ssenarisini xatırladır: mərkəz dağılır, periferiyalar silahlanır, məsuliyyət isə Qərbin üzərinə düşür. Buna görə ABŞ-ın real strategiyası təzyiq və gözləmədir. Sözdə etirazçılara dəstək var, amma konkret keçid planı yoxdur. Vaşinqton molla rejiminin getməsini istərdi, lakin nəzarətdən çıxan nəticələrin sahibi olmaq istəmir.
 
İsrail üçün İran ekzistensial (mövcudluq) təhlükədir. Amma İsrailin əsas qorxusu mövcud rejimdən çox, nəzarətsiz İrandır. Rejim çökərsə, nüvə obyektlərinin, raket arsenalının və silahlı strukturların taleyi qeyri-müəyyənləşir. Bu səbəbdən İsrail İranı sabotaj, kəşfiyyat və hədəfli zərbələrlə zəiflədir, lakin daxili inqilabın açıq sponsoru olmaqdan qaçır. Onun ideal ssenarisi zəif, parçalanmış, amma idarəolunan İrandır.
 
Rusiya üçün İran müttəfiq deyil, geosiyasi alətdir. Moskva Qərbyönlü İranı istəmir, amma İranın tam çökməsi də Rusiyanın maraqlarına ziddir. Belə bir halda Cənubi Qafqazda balans dəyişər, Türkiyənin və Qərbin manevr imkanları artar. Rusiya üçün ən rahat model sanksiya altında olan, zəif, lakin ayaqda qalan və Moskvaya möhtac İrandır. Bu səbəbdən Moskva nə rejimi xilas edir, nə də onun süqutuna imkan verir. Donmuş böhran Rusiyanın üstünlük verdiyi vəziyyətdir.
 
Çin İran məsələsində ən az danışan, amma ən uzunmüddətli hesab aparan aktordur. Pekin üçün İran enerji təhlükəsizliyinin elementi, “Bir kəmər, bir yol” təşəbbüsünün Qərb cinahı və ABŞ təsirinə qarşı amortizatordur. Çin nə rejimi açıq müdafiə edir, nə də onun devrilməsini təşviq edir. Onun mövqeyi sadədir: İran stabilliyini itirməsin, amma Qərbə də açılmasın. Pekin qəfil çökməni deyil, yavaş və proqnozlaşdırılan zəifləməni üstün tutur.
 
Bu böyük güclərin hesabları fonunda əsas sual Azərbaycana gəlib çıxır. Əgər İran daxildən çökərsə, dalğanın ilk vurduğu məkan Cənubi Qafqaz olacaq və bu dalğanın mərkəzində Azərbaycan dayanacaq. Təhlükəsizlik baxımından İranın şimalında nəzarətsiz boşluqlar yarana, silahlı qruplar meydana çıxa, qaçqın axını başlaya bilər. Geosiyasi baxımdan böyük güclərin rəqabəti regiona daşına bilər və Azərbaycan obyektə çevrilə bilər, əgər passiv qalarsa. Amma imkanlar da az deyil. Azərbaycan regional sabitlik üçün dayaq nöqtəsinə çevrilə, Türkiyə ilə birlikdə təhlükəsizlik istehsalçısı rolunu gücləndirə, tranzit və enerji baxımından mövqeyini möhkəmləndirə bilər. Məsələn, Güney Azərbaycan real siyasi subyektə çevrildiyi təqdirdə, regionun nəqliyyat və təhlükəsizlik xəritəsi köklü şəkildə dəyişə bilər. Bu halda Azərbaycan–Naxçıvan–Türkiyə bağlantısı üçün Zəngəzur dəhlizi yeganə və alternativsiz marşrut olmaqdan çıxar. Tranzit xətti İranın şimalından, yəni Təbriz–Zəngan–Xoy istiqamətindən daha qısa, daha təbii və daha az geosiyasi veto riski ilə qurula bilər. Bu, Ermənistan üzərindən keçən marşrutun yaratdığı siyasi şantaj imkanlarını zəiflədər, Azərbaycanın manevr sahəsini genişləndirər. Lakin bu ssenari qısamüddətli deyil və “əgər” şərtinə bağlıdır. Məhz buna görə Azərbaycan üçün rasional xətt Zəngəzur dəhlizindən imtina etmək yox, onu monopoliyadan çıxarmaqdır. Başqa sözlə, Zəngəzur bu gün üçün vacib geosiyasi alətdir, Güney Azərbaycan üzərindən mümkün marşrut isə orta və uzunmüddətli strateji alternativdir. Ağıllı dövlət bu iki xətti bir-birinə qarşı qoymaz, paralel saxlayar. Bu yanaşma Azərbaycanın mövqeyini zəiflətmir, əksinə gücləndirir. Çünki alternativlər artdıqca, asılılıq azalır. Nəticədə Bakı nə Ermənistanın, nə Rusiyanın, nə də başqa bir gücün tranzit üzərindən təzyiq rıçaqlarına məhkum olmur. Türkiyə ilə birlikdə qurulan çoxmarşrutlu təhlükəsizlik və nəqliyyat strategiyası Azərbaycanı regionda passiv obyekt yox, aktiv strateji subyekt kimi möhkəmləndirir.
 
İranın mümkün süqutunda ən həssas məsələ Güney Azərbaycan faktoru olacaq. Bu mövzu emosional deyil, hüquqi və siyasi çərçivədə idarə olunmasa, Azərbaycan üçün risk yarada bilər. Amma düzgün idarə edilsə, regionda sabitliyin açar mövzularından birinə çevrilə bilər.
 
Nəticə etibarilə İranın taleyi təkcə İranın işi deyil. ABŞ risk etmir, İsrail nəzarətsiz gələcəkdən qorxur, Rusiya asılılığı qorumağa çalışır, Çin isə səssizcə gözləyir. Bu xətlərin kəsişməsində Azərbaycan dayanır. Əsas sual açıq qalır: Azərbaycan hadisələrə reaksiya verən ölkə olacaq, yoxsa ssenari (oyun) quran ölkə.
 
İranın mümkün süqutu Azərbaycan üçün fəlakət də ola bilər, fürsət də. Amma bir həqiqət heç vaxt dəyişmir: bu miqyasda olaya hazır olmayanlar tarixdə uduzur. Azərbaycan hazır olmalıdır. Əminəm ki, rəsmi Bakı səs-küy salmadan bu prosesə xeyli müddətdir ki, hazırlaşıb da. Çünki İlham Əliyev xüsusən Azərbaycanın ətrafında baş verən siyasi prosesləri son dərəcə dəqiq hesablaya bilir. Mən dəfələrlə yazmışam ki, Azərbaycanın daxili siyasətində ciddi problemlər var, ancaq xarici siyasətimiz mükəmməldir. Məhz xarici siyasətimizdəki bu tendensiyaya güvənərək deyə bilərəm ki, rəsmi Bakı İranın mümkün süqutunu Azərbaycan üçün fəlakətə yox, fürsətə çevirəcək...
 
Elbəyi Həsənli, 
Sürix
 
Link kopyalandı!
Son xəbərlər