İndiyədək Venesuelanın adı çəkiləndə yada ilk olaraq ən çox bu ölkənin qızlarının dünya gözəllik yarışmalarında “dünya gözəli” adını qazanması düşürdü. Venesuela qızları 6 dəfə “dünya gözəli” seçiliblər və heç bir ölkə yarışlarda bu saya nail olmayıb. Amma, Trampın Maduronu oğurlatması nəinki gözəlləri unutdurub, dünaynın ən qaynar nöqtələrində baş verənləri də arxa plana keçirib. İran qaynayır, Ukrayna müharibəsi ilə əlaqədar Parisdə “istəklilər koalisiyası” nümayəndələri görüşür və Ukraynaya “təhlükəsizlik zəmanəti” deklarasiyasını imzalayırlar. Amma, dünya hələ də Maduronun gecənin günortasında oğurlanmasının qəribəliyini və beynəlxalq hüququn ayaqlar altına atılmasını, bundan sonra daha hansı ölkələrin başçılarının başına torba salınacağının perspektivlərini müzakirə edir. Gündəmi zəbt edən Venesuela hadisəsi pozulmuş dünya düzənini daha da dərinləşdirir və ABŞ-nin hədəfinin yalnız bu ölkə ilə bitməyəcəyi prezident Trampın bəyanatlarında açıq səslənir. Bu bəyanatlardan məlum olur ki, Venesuelanın sərvəti yalnız “dünya gözəlləri” qızlar deyil, həm də 18.4 trilyon dollar dəyərində olan yeraltı minerallara malik olmasıdır.
Çin və Rusiyanın təsiri altında olan Venesuela, Kuba, İran, Kolumbiyaya növbə çatacağını, eyni zamanda Qrenlandiyanın da ABŞ-a verilməsini bildirən Trampın bu ərəfədə Ukrayna ətrafında gedən danışıqlara xüsusi diqqət ayırmadığı açıq hiss olunur. Baxmayaraq ki, yenə kürəkən Kuşner və nümayəndə Uitkoff Parisdə Ukraynaya təhlükəsizlik təminatı ilə əlaqədar Paris danışıqlarında iştirak ediblər. Bu danışıqlarda əldə olunan nəticələr 4 ildir davam edən müharibəni sonlandıra bilərmi?
Bəri başdan qeyd edək ki, Venesuelada, İranda və planetin digər yerlərində baş verən gərginliklər geosiyasi miqyasına görə Rusiya-Ukrayna müharibəsi ilə müqayisə oluna bilməz. Rusiya-Ukrayna ətrafında baş verənlər situativ olaraq arxa plana keçə bilər, amma strateji olaraq yeni dünya düzəni məhz bu müharibənin yekunlarına görə yaranacaq. Təəssüf ki, son Paris danışıqlarında qəbul olunan bəyanat müharibənin tezliklə dayanacağına bir o qədər də nikbin yanaşmağa əsas vermir. Ona görə ki, Ukraynanın tərəfdaşları olan Avropa ölklərinin, özünü tərəfdaş kimi göstərən ABŞ-nin Rusiyaya təzyiqi istənilən səviyyədə deyil, əksinə çox çəkingən şəkildədir. Bu yanaşma Parisdə qəbul olunan “Niyyət bəyannaməsi”ndə də öz əksini tapıb. Əvvələn, sənədin adının öhdəlik yox, “niyyət” adlandırılması artıq gələcəkdə veriləcək təhlükəsizlik təminatının hüquqi öhdəlik səviyyəsini şübhə altına alır. “İstəklilər koalisiyası”na aid ölkələr içərisində yalnız Fransa və Böyük Britaniya Ukrayna ərazisinə əsgər göndərəcəyinə razılıq verib. Bu razılaşma müharibə dayandırıldqdan sonra həyata keçiriləcək. Rusiyanın bu şərtləri qəbul edib müharibəni bitirəcəyi isə heç inandırıcı deyil. Bu razılaşma, davam edən müharibəni bitirməyə təkan verə bilərmi? Nədən müharibə bitməmiş sonrakı mərhələ müzakirə predmeti olur?
10 saat davam edən danışıqlarda ABŞ-nin adı çəkilmir. ABŞ-nin heç bir öhdəliyi bu sənəddə öz əksini tapmayıb. Uitkoff : “İşi davam etdiririk” deməklə Paris danışıqlarına qısa münasibət bildirib. Kürəkən Kuşner isə :” təhlükəsizlik zəmanəti ilə bağlı müəyyənliyin olması, hələ Ukraynada sülhün olacağı anlamına gəlmir”. Bu nə deməkdir? Amerika yaxşı bilir ki, Avropa-Ukrayna “niyyətləri” Rusiya üçün keçərli olmayacaq. Yəni, hər şey cəbhədə həll olunacaq. Rusiya da əmindir ki, ABŞ-nin hərbi köməyi olmadan cəbhədə Ukraynanın uğur qazanması mümkün olmayacaq.
Müharibə bitməmiş təhlükəsizlik zəmanəti ilə əlaqədar toplantının keçirilməsi Ukraynanın növbəti güzəştə getməsi üçün səbəb ola bilərmi? Yəni, Ukrayna əmin olur ki, Donbası verdiyi halda bir daha Rusiya hücum etməyəcək və Avropa ölkələri buna təhlükəsizlik zəmanəti verirlər. Uitkoff və Kuşner Paris danışıqlarının nəticələrini Kremlə çatdırmaq üçün Moskvaya səfər edəcəklərini bildiriblər. Zelenski isə Trampla yaxın vaxtlara görüşəcəyinin mümkünlüyü barədə paylaşım edib.
Rusiyanın mövcud şərtlərlə razılaşmayacağı qətiləşərsə Ukrayna müharibəni davam etdirmək gücündə olacaqmı? Ukrayna prezidenti nikbinliklə bildirib ki, 2026-cı ilin yarısında sülhün əldə edilməsi çox yaxındır. Deməli, ən azı hələ altı ay Ukrayna müharibə aparmaq gücündədir. Eyni zamanda ABŞ-da, daha doğrusu Tramp da anlayacaq ki, Ukraynanın bütün güzəştlərinə baxmayaraq Rusiya öz şərtləri ilə qələbə qazanmaq istəyir. Bu situasiyanın Trampı qəzəbləndirə biləcəyini birmənalı söyləmək çətin olsa da, hər halda Putinə münasibətində dəyişiklik yaranacağı da mümkün versiyadır. Eyni zamanda qələbəni dörd ildə əldə edə bilməyən Rusiyanın özü olduqca çətin vəziyyətdədir. İqtisadi böhran hər gün ağırlaşır. Bu qış Ukrayna enerji infrastrukturunu sıradan çıxarmaqla Ukrayna xalqını, dövlətini kapitulyasiyaya məcbur edəcəyini düşünən Kreml sahibi artıq bu variantın da keçməyəcəyini anlayır və Donbasın qalan ərazisini də işğal etməklə qələbə çaldığını Rusiya cəmiyyətinə sırımağı planlayır.
Bir sual da yaranır: Rusiya təkrar hücum etdiyi halda Ukraynanın Avropa müttəfiqləri qoşunları ilə Ukraynanı müdafiə edib onun təhlükəsizliyini həqiqətən qoruya biləcəklərmi? Sülh Tramp dövründə əldə edilərsə, Trampdan sonra demokratlar hakimiyyətə gəldiyi halda Rusiya yenidən Ukrayna torpaqlarını işğal etməyə başlarmı? Rusiya bu tezliklə yeni müharibə başlama gücündə deyil. Rusiya çalışacaq ki, sanksiyalardan qurtulsun və böhranda olan iqtisadiyyatını dirçəldə bilsin. Bu mənada Ukrayna da, Avropa liderləri də maksimum təzyiq və qətiyyət göstərib Rusiyanı sülhə məcbur etməlidirlər. Müharibədən sonra Rusiyada daxili siyasi proseslərin hansı istiqamətdə gedəcəyi də maraq doğurur. Cəmiyyətdə və Putin komandasında narazılıqların açıq müstəviyə keçməsi çox ehtimal olunur.
İlham İsmayıl