“ABŞ ilə İran arasında son dövrlərdə baş verən proseslər şübhəsiz ki, iki ölkə münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir. İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar və ABŞ kəşfiyyatının bu ölkəyə yönəlik addımları müəyyən ssenarilərin gündəmə gəlməsinə səbəb olub. Bu kontekstdə İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ölkəni tərk edə biləcəyi ilə bağlı iddialar da səsləndirilir. Onun Rusiyaya qaça biləcəyi barədə müxtəlif kuluar söhbətləri mövcuddur”.
Bunu siyasi şərhçi Zeynal Əmrəliyev Moderator.az-a dünyada baş verən siyası hadisələri şərh edirkən deyib.
Z. Əmrəliyevin fikrincə, bu iddialar eyni zamanda İranda mümkün rejim dəyişikliyi məsələsinə işarə edir:
“Rejim dəyişikliyi ssenarisi İran üçün ciddi və dərin problemlər yarada biləcək bir ehtimal kimi qiymətləndirilir. Məhz bu səbəbdən İran elitasının və mövcud sistemin müəyyən daxili və xarici müdaxilələr hesabına rejimin ömrünü uzatmağa çalışa biləcəyi istisna edilmir. Məsələn, İranda mövcud olan teokratik idarəetmə sisteminin nisbətən yumşaq, dövlət başçısının prezident olduğu daha mülayim İslam Respublikası modelinə keçidi ilə bağlı fikir və təşəbbüslər zaman-zaman gündəmə gətirilir. Bu cür müzakirələr İranın siyasi və ictimai mühitində səsləndirilir və yaxın perspektivdə bu istiqamətdə müəyyən hadisələrin baş verə biləcəyi ehtimal olunur”.

Siyasi şərhçi ABŞ və İsrailin İrana qarşı hərbi addımlar atacağını da istisna etmir:
“İkinci mühüm məsələ İranın daxili vəziyyəti ilə bağlıdır. Ölkədə kifayət qədər təhlükəsizlik mexanizmləri və nisbətən güclü iqtisadi potensial mövcud olsa da, ABŞ administrasiyası yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışır. Böyük ehtimalla, bu zəifliklərin daha da dərinləşdirilməsi məqsədilə İrana qarşı daha sərt və genişmiqyaslı sanksiyalar tətbiq ediləcək.
Eyni zamanda İsraillə birlikdə İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı da müzakirə olunur. Yaxın gələcəkdə ABŞ və İsrail tərəfindən İrana qarşı birgə və ya koordinasiyalı hərbi addımların atılması real ssenari kimi dəyərləndirilir".