İranda böyüyən etirazların görünməyən tərəfləri: Proses necə yekunlaşacaq?
Analitika
1450
03 Jan 2026 | 16:30

İranda böyüyən etirazların görünməyən tərəfləri: Proses necə yekunlaşacaq?

İranda 2025-ci ilin dekabrından etibarən təkrarlanaraq 2026-cı ilin yanvarında daha da kəskinləşən köhnə problemlərin yeni dalğası - etirazlar ölkənin bir sıra şəhər və əyalətlərinə yayılıb. Bahalaşma, milli valyutanın sürətlə dəyərdən düşməsi və sosial rifahın pisləşməsi fonunda küçələrə çıxan insanlar artıq təkcə iqtisadi deyil, açıq siyasi tələblər də irəli sürməyə başlayıblar. Artıq vəziyyət o yerə gəlib çıxıb ki, etirazçılarla təhlükəsizlik qüvvələri arasında insidentlər yaşanır. Ötən günlərdə çoxlu sayda yaralı və saxlanılanlar olub.
 
İran Prezidenti Məsud Pezeşkian isə ölkədəki narazılığı etiraf edib və mövcud problemlərə görə məsuliyyətin hökumətin üzərində olduğunu bildirib. O, rəsmiləri hər şeyi ABŞ və digər xarici qüvvələrin üzərinə yıxmamağa çağırıb. Dünən isə prezident Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüşüb və bəyan edib ki, hökumət bu sahədə çalışanlara öz yanaşmasını dəyişməlidir.
 
Proseslərdə önə çıxan digər iki məqam isə Birləşmiş Ştatların, daha dəqiq desək, Prezident Donald Trampın etirazlara haqq qazandırması və İranın sabiq rəhbəri Rza şah Pəhləvinin ABŞ-də yaşayan eyniadlı varisinin sülalə olaraq yenidən hakimiyyətə qayıtmaq istəyi ilə bağlıdır. Çünki bu dəfə etirazlara yalnız aşağı təbəqə deyil, ticarətçilər, zənginlər də qoşulub və onlar iqtisadi vəziyyətin ağırlaşması, bahalılıq fonunda vəziyyətin getdikcə pisləşəcəyindən narahatdırlar. Hakimiyyət isə ABŞ-ni onların daxili işlərinə qarışmamağa çağırır və bunun yeni problemlərə yol açacağını deyir. Nəzərə alsaq ki, ötən ilin iyun ayında ABŞ İrana zərbələr endirmiş və hədələrin sadəcə sözdə olmadığını sübut etməyə çalışmışdı, deməli, bu dəfə də bu təhdidləri diqqətdən kənarda saxlamaq olmaz.
 
Digər məsələ isə xalqın köhnə monarxiyaya olan münasibətidir. Məsələn, məlumdur ki, 1979-cu ildəki İslam İnqilabı məhz şah rejimindən bezən xalqın alternativi idi. Bu gün isə dini rejimə alternativ kimi şah rejimi çıxış edir və başqa variant demək olar ki, görünmür. Bu baxımdan, etirazlara rejim dəyişikliyi fonunda dəstək verənlər də var, yalnız tələblərinin yerinə yetirilməsini istəyənlər də.
 
Bəs, bütün bunların fonunda etirazların nəticəsi necə görünür? Baş verən hadisələrin ABŞ-İran münasibətlərinə yeni təsiri nə ola bilər? Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi ehtimalı nə qədər realdır? Pezeşkianın etirazçılara haqq qazandırması mövcud gedişata hansı effekti verə bilər?
 
Etirazların əsas səbəbləri
 
Baş verən hadisələrin mərkəzində ilk növbədə dərin iqtisadi böhran dayanır. İranda inflyasiyanın yüksək səviyyədə qərarlaşması, rialın kəskin şəkildə ucuzlaşması və ərzaq qiymətlərinin artması əhalinin həyat səviyyəsini ciddi şəkildə aşağı salıb. Ona görə də bu dəfə etirazlara yalnız aztəminatlı təbəqə deyil, ticarətçilər, kiçik və orta sahibkarlar, tələbələr də qoşulub. İqtisadi problemlər fonunda siyasi sistemə inamsızlıq da açıq şəkildə üzə çıxır. Bu baxımdan, dini rejim əleyhinə səslənən şüarlar narazılığın təkcə hökumətin qərarlarına deyil, ümumilikdə idarəetmə sisteminə yönəldiyini göstərir. Bu isə islahat tələblərindən daha çox, həm də alternativ axtarışının gücləndiyini deməyə əsas yaradır.
 
Etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma nədən xəbər verir?
 
Xüsusən Həmədan şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar prosesin yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmadığını göstərir. Nisbətən sakit hesab edilən bölgələrdə də etirazların baş qaldırması narazılığın coğrafiyasının genişləndiyini göstərir. Mövcud problemlər həll olunmadığı təqdirdə etirazların yenidən alovlanması ehtimalı yüksək olaraq qalır.
 
Pezeşkianın mövqeyi
 
İran Prezidenti Məsud Pezeşkianın etirazlara görə hökuməti məsuliyyəti üzərinə götürməyə və baş verənləri xarici qüvvələrlə əlaqələndirməməyə çağırması ölkənin siyasi reallığında nadir hallarda rast gəlinən adekvat və müsbət açıqlamalardan sayılır. Prezident iqtisadi çətinliklərin və valyuta böhranının daxili idarəetmə problemləri ilə bağlı olduğunu etiraf etməklə cəmiyyətdəki narazılığa nisbətən haqq qazandırmış olur. Bununla belə, Pezeşkianın real təsir imkanları məhduddur. Yekdil idarəetmənin ali dini lider Əli Xameneidə olması prezidentin təhlükəsizlik strukturları, SEPAH və əsas strateji qərarlar üzərində təsir rıçaqlarını zəiflədir. Bununla yanaşı, məlum mövqeyi prezidentin şəxsi imicinə müsbət təsir göstərərək, onu sistem daxilində nisbətən fərqli fiqur kimi önə çıxarır.
 
Pəhləvi şüarları
 
Etirazlarda Rza şahın və ümumiyyətlə pəhləvilərin lehinə səslənən şüarlar cəmiyyətdə keçmiş monarxiyaya intizar və ehtiyacdan daha çox, mövcud rejimə qarşı etirazın simvolik ifadəsi kimi qəbul edilir. Tarixi baxımdan İran cəmiyyətinin bir vaxtlar şah rejimini məhz avtoritar idarəetmə səbəbindən devirib dini rejimi iqtidara gətirməsi bu çağırışların paradoksal xarakterini ortaya qoyur. Lakin Rza Pəhləvinin ölkə daxilində real siyasi və təşkilati dayaqlarının olmaması, həmçinin qeyri-fars etnik qruplar arasında geniş dəstək qazanmaması onun qısamüddətli perspektivdə real hakimiyyət alternativinə çevrilməsini çətinləşdirir, hətta bu, mümkünsüz görünür. ABŞ-dən mümkün dəstək məsələsi isə etirazçıların yalnız bir hissəsində ümid yaratsa da, digər tərəfdən Tehran hakimiyyətinə "xarici müdaxilə" arqumentini də gücləndirmək imkanı verir.
 
Mümkün nəticələr və ABŞ-İran münasibətlərinə təsir
 
Qısa müddətdə etirazların xaotik şəkildə davam edəcəyi gözlənilir. Orta müddətli perspektivdə isə iqtisadi vəziyyət dəyişməsə, aksiyaların daha genişmiqyaslı forma alması istisna edilmir. Bir sözlə, İranda baş verən etirazlar ani və təsadüfi hadisə deyil, bu, köhnə problemlərin yeni dalğasıdır. Hadisələrin gedişatı isə əsasən bir sualdan asılıdır: İran hakimiyyəti real iqtisadi və siyasi islahatlara gedəcək, yoxsa mövcud böhranı yalnız güc və ritorika hesabına idarə etməyə çalışacaq? Nəticə həm də bu sualın cavabından asılı olacaq.
 
Lakin onu da unutmaq olmaz ki, Vaşinqtonun aksiya iştirakçılarına açıq dəstəyi Tehranın mövqeyini sərtləşdirə, sanksiya və qarşıdurma ritorikasını gücləndirə, nəticədə ABŞ-İran münasibətləri daha da dalana dirənə bilər. Bu isə öz növbəsində münasibətlərin yumşalmasından daha çox gərginləşməsinə zəmin yaradar, eyni zamanda İranın daxilindəki prosesləri daha da qəlizləşdirər. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər