NATO tipli ordu, amma NATO üzvü yox – Bakının ZƏRGƏR taktikası
Analitika
429
15:44, Bu gün

NATO tipli ordu, amma NATO üzvü yox – Bakının ZƏRGƏR taktikası

8 noyabr Zəfər Günü ilə bağlı paytaxt Bakıda keçirilən möhtəşəm hərbi parad bir sıra özəllikləri ilə yadda qaldı. Onlardan biri də budur ki, dünən Rusiya istehsallı silah-sistemlər daha az gözə dəydi.
 
Bu da məntiqlidir. Çünki Azərbaycan daha modern, daha keyfiyyətli, daha etibarlı hərbi texnika və arsenala ehtiyac duyur, həmçinin özü artıq bir sıra müasir silahlar istehsal etməyə başlayıb. Ən önəmlisi, Bakı Alyansda ikinci güclü orduya malik qardaş Türkiyənin köməyi ilə NATO tipli ordu qurmağı hədəfləyib.
 
Daha doğrusu, buna faktiki nail olunub. Üç gün öncə Bakıda Alyansın böyük nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev ordumuzun NATO standartlarına uyğunlaşdırıldığını və bu kontekstdə Türkiyə ordusu ilə sıx əməkdaşlıq edildiyini xüsusi vurğulayıb...
 
Bu məqama diqqət çəkən ABŞ-ın “Newsweek” nəşri Cənubi Qafqazda bundan sonrakı sabitliyin əsas oyunçuların Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə nəzarət etməsindən asılı olacağını bildirərək yazır: “Prezident İlham Əliyev Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığını deyib. Bu prosesdə Türkiyə ordusu ilə sıx əməkdaşlığı və ölkəsi ilə Alyans arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb”.
 
Daha sonra nəşr xatırladır ki, Bakının NATO ilə əməkdaşlığı 1994-cü ildə, Alyansın “Sülh Naminə Tərəfdaşlıq proqramı” çərçivəsində başlayıb. “Newsweek” ardınca Rusiya mənbərlərinin məsələyə reaksiyasına toxunub: “Rus hərbi analitikləri xəbərdarlıq edirlər ki, Azərbaycan Sovet dövründən qalma döyüş təlimatlarını və hərbi strukturları NATO metodları ilə əvəz edə bilər. Bu fonda Bakının Qərb silahları ilə təchizat prosesini sürətləndirməsi gözlənilir. Rusiyalı analitiklər həmçinin bildirirlər ki, Azərbaycanın NATO xətti ilə hərbi modernləşdirilməsi gələcək üzvlük müraciətinə işarə edə bilər, hərçənd Bakı üzvlük üçün rəsmi müraciət etməyib”.
 
Nəşrə görə, Rusiya üçün digər problem Azərbaycanın NATO üzvü Türkiyə ilə sıx əlaqəsidir ki, bu da Cənubi Qafqazda Moskva və onun müttəfiqi Tehranla gərginliyi artıra bilər...
 
Sözsüz ki, NATO standartlı ordu hələ NATO ölkəsi demək deyil. Bizim Türkiyə ilə Şuşa Bəyannaməmiz var. Bu da de-fakto hərbi müttəfiqliyin ən yüksək mərhələsidir. Bununla belə, Azərbaycanın Hərbi Doktrinası və Milli Təhlükəsizlik Konsepsiyasına, həmçinin Qoşulmamaq Hərəkatındakı təmsilçiliyimizn yaratdığı öhdəliyə əsasən ərazimizdə digər ölkənin hərbi bazasının yerləşməsi mümkün sayılmır. Hətta qardaş Türkiyə olsa belə.
 
Əlbəttə, istənilən sənədi dəyişdirmək mümkündür. Ancaq gerçək belədir ki, Bakı Alyansa qoşulmağa hazırlaşmır. Nədən ki, buna zəmin və əsas yoxdur. Rusiyanı və İranı niyə boş yerə qıcıqlandıraq ki? Ukrayna böhranı görkdür.
 
Azərbaycan üçün önəmli olan öz ərazi bütövlüyü və suverenliyini, təhlükəsizliyini təmin eləmək idi. Ona da Türkiyə ilə ən yüksək səviyyəyə çatdırılmış hərbi-siyasi münasibətlər, həmçinin nüvə dövləti qardaş Pakistan sayəsində nail olub...
 
Başqa yandan, NATO-ya üzvlük ərizəsi avtomatik üzvlük demək deyil. Bunun üçün digər ciddi şərtlər var. O da məlumdur ki, üzvlüyə bütün alyans üzvləri razılıq verməlidir, o cümlədən ermənipərəst Fransa. Yəni proses illərlə uzana bilər. Ona qədər orta regional güc kimi Azərbaycan lüzumsuz yerə özünə qarşı niyə yeni təhdidlər yaratsın ki.
 
Hərçənd siyasətdə heç vaxt “heç vaxt” demək olmaz. NATO ilə sıx əlaqələr indilikdə mürəkkəb bölgəmizdə ən azından Rusiya və İran təhdidlərinə qarşı təhlükəsizlik zəmanətlərinin “şaxələndirilməsi” baxımından mühüm görünür... /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər