Analitika
730
11 Oct 2025 | 21:41

"Rusiya, Avropa Birliyi və Çin: Mərkəzi Asiyada kimin mövqeləri güclənir?" - "Deutsche Welle"

"Mərkəzi Asiya yeni geosiyasi mərkəzə çevrilir..."
 
Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən etibarən Mərkəzi Asiyada illərlə formalaşdırdığı təsir zonasının sürətlə aşındığını hiss edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Moskvanın köhnə obrazı və yeni reallıq
 
Vladimir Putin Tacikistana səfər edərək regional liderləri inandırmağa çalışsa da, artıq əvvəlki "təhlükəsizlik qarantı" imicinin kifayət etmədiyi açıq görünür. Ekspertlərin fikrincə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan, yəni uzun müddət Moskvanın siyasi orbitində sayılan ölkələr indi ilk dəfə olaraq şərtləri özləri diktə etməyə başlayıblar.
 
Bu dəyişimin rəmzi nümunəsi kimi Tacikistanın Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında həbs orderini faktiki olaraq iqnor etməsi göstərilir. Lakin eyni zamanda region dövlətləri nə açıq formada Moskvanı dəstəkləyir, nə də açıq tənqid edir - siyasi neytrallıq zirehi onlar üçün ən təhlükəsiz müdafiə xəttidir.
 
Yeni oyunda iki güclü rəqib
 
Rusiya nüfuz itirdiyi anda meydanı boş qoymayıb: Avropa Birliyi Mərkəzi Asiyaya 12 milyard avroluq investisiya paketi təklif edib, Çin isə nəqliyyat, logistika və enerji infrastrukturuna milyardlarla dollar ayırıb. Avropa Birliyi üçün bu region Rusiyanı sanksiyalardan yan keçməyə qoymayan alternativ ticarət marşrutu, Çin üçün isə "Bir kəmər - bir yol" layihəsinin həlledici hissəsidir.
 
Çinin üstünlüyü real sektordadır: dəmir yolları, hava əlaqələri, qaz və atom energetikası layihələrində Pekin artıq lider mövqeyə yüksəlib. Rusiya isə daha çox enerji təminatçısı və təhlükəsizlik müttəfiqi qismində çıxış edir, lakin kapital qoyuluşu baxımından Avropa və Çinlə rəqabətə tab gətirə bilmir.
 
Mərkəzi Asiya artıq geosiyasi mərkəzə çevrilib
 
Ən maraqlı dəyişiklik isə təkcə Moskva, Brüssel və Pekin arasında deyil, regionun öz daxilində baş verir. Ekspertlər bildirir ki, Mərkəzi Asiya ölkələri artıq yalnız reaksiya vermir, həm də təşəbbüs göstərir. "C5+1" formatları (AB, Çin, Türkiyə, ABŞ, Yaponiya və s.) sayəsində eyni anda bir neçə güclə oynayır, sərhəd mübahisələrini artıq Moskvasız həll edir, siyasi elitalar öz suverenliyini daha açıq şəkildə vurğulayır. Əgər bir vaxtlar bu region "böyük güclərin arxa həyəti" adlandırılırdısa, indi Mərkəzi Asiya həmin gücləri qarşısında oturmağa məcbur edən masanın tamhüquqlu oyunçusudur.
 
Kim qazanır?
 
Bu mübarizədə qazanclı olan tək bir tərəf yoxdur. Rusiya tarixdən gələn bağları qorumağa çalışır, Çin infrastruktur şəbəkəsi ilə sahəni doldurur, Avropa isə iqtisadi stimullar ilə cazibə mərkəzinə çevrilir. Amma əsl qalib seçim imkanını genişləndirmiş Mərkəzi Asiya dövlətləridir. Çünki nə Moskva əvvəlki kimi hökm edə bilir, nə Pekin tam nəzarət götürə bilir, nə də Avropa özünü yeganə tərəfdaş kimi təqdim edə bilir. Region öz oyununu qurub və bu dəfə onun masadan qalxmaq niyyəti yoxdur.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər