"2025-ci il avqustun 8-də Ağ Evdə tarixi hadisə baş verib - ABŞ Prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycanın Prezidenti İlham Əliyevi mühüm görüş üçün qəbul edib. Bütün maneələrə baxmayaraq və beynəlxalq ictimaiyyətin 30 ildən artıq uğursuz diplomatik cəhdlərindən sonra, Cənubi Qafqazın iki lideri ölkələri arasında münasibətləri normallaşdıracaq yekun sülh sazişinə dair birgə bəyannamə imzalayıblar. Həmçinin hər iki ölkənin xarici işlər nazirləri həmin sazişin layihəsini paraflayıblar və sənədin növbəti 12 ay ərzində tam ratifikasiya olunması planlaşdırılır".
Bu barədə Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin "Ermənistan-Azərbaycan sülhü üçün növbəti addımlar" məqaləsində bildirilir.
Onun sözlərinə görə, bu diplomatik irəliləyiş nə Moskva, nə Paris, nə də Brüsseldə deyil, məhz Vaşinqtonda əldə edilib:
"Onilliklər boyu Cənubi Qafqaz regionu rəqabətin, həll olunmamış münaqişələrin və əldən verilmiş diplomatik imkanların ocağı olub. İndi isə ABŞ-nin regiona yenidən fəal şəkildə qoşulması ilə Azərbaycan və Ermənistan arasında real sülhün əldə olunması, həqiqətən, mümkün görünür.
Prezident Donald Trampın razılaşmalar əldə etmək meyli və beynəlxalq sülhpərvər dövlət xadimi kimi tarixdə qalmaq istəyi onun Ermənistan-Azərbaycan münaqişəsini həll etmək səylərinə rəhbərlik etmək əzmini gücləndirib. Bu razılaşma, həmçinin onun birinci prezidentlik dövründən qalan açıq məsələni bağlamaq imkanı yaradıb. Tramp tez-tez öz dövründə yeni müharibələrin başlamadığını iddia etsə də, 2020-ci ildə İkinci Qarabağ müharibəsi onun prezidentliyinin son ilində baş vermişdi. Həmin vaxt Tramp administrasiyası müharibənin dayandırılması üçün ciddi addımlar atmamış, nəticədə yaranan boşluğu atəşkəs üçün vasitəçilik etməklə Moskva doldurmuşdu (ancaq o da məsələnin icrasına nəzarət edə bilmədi).
Bununla belə, Prezident Tramp qarşısına çıxan fürsətləri dəyərləndirməyi bacarır. Bir çox mənada, o, artıq açıq olan bir qapıdan içəri girir. Həm Azərbaycan, həm də Ermənistan normallaşma və sülhün əhəmiyyətini anlayırlar. Hər iki ölkə Moskvanın uğursuz vasitəçilik səylərindən və onun azalan regional təsirindən yorulub.
Lakin Ağ Ev düşünməməlidir ki, artıq başlıqlar yayımlandı, kameralar söndü və imzalanma mərasimi başa çatdısa, iş bitib. Qarşıda hələ üç böyük məsələ qalır:
- Baş nazir Paşinyanın siyasi sabitliyi ilə bağlı suallar qalmaqdadır. Bu sabitlik, xüsusilə Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkisi ərəfəsində sarsıla bilər. Ermənistan daxilindəki radikal millətçi qruplar və Moskva tərəfindən dəstəklənən qüvvələr Paşinyanın səlahiyyətinə və sülh prosesinin legitimliyinə meydan oxuyurlar.
- Həm Ermənistan, həm də Azərbaycan Rusiya və İranın dezinformasiya kampaniyaları başladaraq sülh prosesini gözdən salmağa çalışacağını gözləməlidirlər.
- Sülh sazişində nəzərdə tutulan regional nəqliyyat əlaqələrinin - o cümlədən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) - necə maliyyələşdiriləcəyi ilə bağlı hələ də bir çox sual cavabsız qalır.
Bu çətinliklər həll edilməsə, Prezident Tramp sülh təşəbbüsündə marağını itirə bilər. Yalnız onun birbaşa nəzarəti təşəbbüsün uğurunu təmin edə bilər.
Ermənistan-Azərbaycan: İcmal
Razılaşmanın geosiyasi əhəmiyyətini təhlil etməzdən əvvəl bu münaqişənin son tarixinə nəzər salmaq gələcəyin necə inkişaf edə biləcəyini daha yaxşı anlamağa kömək edə bilər.
Ermənistan-Azərbaycan münaqişəsinin kökləri Sovet İttifaqının son illərinə gedib çıxır. 1988-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (SSR) inzibati bölgüsü olan Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV), əsasən, ermənilərdən ibarət olan Xalq Deputatları Soveti Qarabağın Ermənistan SSR-ə birləşməsi üçün qərar qəbul etdi. 1991-ci ilin dekabrında o, "müstəqillik referendumu" keçirdi ki, bunu da azərbaycanlılar boykot etdilər. Sovet və Azərbaycan hökumətləri həm 1988-ci ildəki yerli məclisin səsverməsini, həm də 1991-ci ildəki referendumu qeyri-qanuni hesab etdilər, nəticədə bu, Ermənistan və erməni dəstəkli separatçılarla Azərbaycan arasında 30 000 insanın həyatını itirdiyi və yüzminlərlə insanın məcburi köçkünə çevrildiyi qanlı müharibəyə gətirib çıxardı.
1991-ci ilin sonlarında Sovet İttifaqı dağıldıqdan sonra yeni müstəqil ölkələr olan Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan Alma-Ata Protokollarını imzaladılar. Bu protokollarda qeyd edilirdi ki, imzalayanlar bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə sadiqdirlər. Bu, Azərbaycan SSR-in Qarabağ bölgəsinin yeni Azərbaycan Respublikasının tərkibində qalmasını ehtiva edirdi. Lakin protokollar qüvvəyə minəndə Ermənistan artıq Qarabağla bağlı sərhəd prinsipinə əməl etməmişdi, həmçinin ermənilər və azərbaycanlılar artıq müharibə vəziyyətində idilər.
1992-ci ildə erməni qüvvələri, həmçinin erməni dəstəkli silahlı dəstələr Qarabağı və Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarını tamamilə və ya qismən işğal etdilər. Bu işğal olunmuş ərazidə erməni separatçılar özlərinin "Artsax Respublikası" elan etdilər, hansı ki, onu heç bir ölkə, hətta Ermənistan da tanımadı.
1992-ci və 1993-cü illər ərzində BMT Təhlükəsizlik Şurası münaqişəyə dair dörd məcburi qətnamə qəbul etdi:
- 822 saylı Qətnamə (30 aprel 1993) - hərbi əməliyyatların dayandırılmasına və erməni qüvvələrinin Kəlbəcər rayonundan çıxarılmasına çağırırdı;
- 853 saylı Qətnamə (29 iyul 1993) - işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər yeni işğal olunmuş ərazilərindən çıxarılmasını qəti şəkildə tələb edirdi;
- 874 saylı Qətnamə (14 oktyabr 1993) - əvvəlki qətnamələrin həyata keçirilməsini tələb edir və 1992-ci ildə münaqişənin həllinə kömək etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən yaradılmış Minsk qrupu tərəfindən təklif olunan "Təxirəsalınmaz tədbirlərin yenilənmiş cədvəli" adlı sülh planını dəstəkləyirdi;
- 884 saylı Qətnamə (12 noyabr 1993) - Zəngilan və Horadiz şəhərinin işğalını pisləyir, əvvəlki qətnamələri bir daha təsdiqləyir və işğalçı qüvvələrin Azərbaycandan çıxarılmasını yenidən tələb edirdi.
Hər bir qətnamə, həmçinin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və məcburi köçkünlərin geri qayıtmasını tələb edirdi.
İllər boyu kiçik toqquşmalardan sonra 2016-cı ilin aprel ayında yenidən şiddətli döyüşlər alovlandı və hər tərəfdən, təxminən, 200 nəfər həlak oldu. Bu qısa münaqişə zamanı Azərbaycan qüvvələri İran sərhədi yaxınlığında yerləşən strateji Lələtəpə yüksəkliyi də daxil olmaqla, səkkiz kvadratmildən (təxminən, 20 kv.km - red.) çox ərazini geri qaytardı. 2018-ci ildə Azərbaycan qoşunları Naxçıvanda strateji əhəmiyyət daşıyan Günnüt kəndi ətrafında əlavə ərazilər əldə etdi.
Daha sonra, 2020-ci ildə İkinci Qarabağ müharibəsi kimi tanınan hərbi əməliyyat başladı və Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini geri qaytardı. Rusiya atəşkəs üçün vasitəçilik edərək regiona sülhməramlılar yerləşdirdi və Ermənistana Qarabağın bir hissəsini saxlamağa imkan verdi, lakin bu razılaşma həmişə kövrək idi. 2023-cü ilin sentyabrında 24 saatlıq əməliyyatdan sonra Azərbaycan əraziyə tam nəzarəti bərpa etdi və Rusiya qüvvələri sakitcə oranı tərk etdilər.
O zamandan bəri hər iki ölkə hərtərəfli sülh istəyini ifadə edib, lakin proses, əsasən, inamsızlıq və Moskvanın azalan nüfuzu səbəbindən dayanıb. Tarixən Rusiya Cənubi Qafqazda təsirini qorumaq üçün Ermənistan-Azərbaycan münaqişəsindən təzyiq vasitəsi kimi istifadə edib. Artıq nə Bakı, nə də İrəvan Moskvaya neytral vasitəçi kimi güvənirlər.
İllərlə davam edən diplomatik səylərə baxmayaraq, Fransa, Rusiya və ABŞ-nin həmsədrlik etdiyi Minsk qrupu bütün tərəflər üçün məqbul çərçivə yarada bilmədi və nəticədə əhəmiyyətini itirdi. 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası qrupun buraxılması barədə qərar qəbul etdi, bu prosesin 1 dekabr tarixinədək başa çatdırılması nəzərdə tutuldu.
...Və budur, meydana ABŞ daxil oldu. Prezident Tramp liderləri Ağ Evdə qəbul edərək, Rusiyanın geriləməsi və Avropanın hərəkətsizliyi ilə yaranan diplomatik boşluğu doldurdu. İmzalanmış bəyannamə və paraflanmış müqavilə layihəsi diqqətəlayiq nailiyyətlərdir.
Çətin işlər başlayır
Bir çox cəhətdən çətin işlər məhz indi başlayır. Hər iki tərəf növbəti il ərzində sülh müqaviləsini ratifikasiya etməyi öhdəsinə götürüb. Ratifikasiyanın mümkün olması üçün iki mühüm məsələ həll olunmalıdır: (1) Ermənistanın konstitusiyasına zəruri dəyişikliklər və (2) TRIPP-in həm yaradılmasında, həm həyata keçirilməsində real irəliləyiş.
Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq üçün Ermənistan konstitusiyasına düzəlişlər
Sülhün irəliləməsi üçün zəruri addım Ermənistan konstitusiyasının islahatıdır, hansı ki, 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməklə Azərbaycana qarşı dolayısı ilə ərazi iddiası ehtiva edir. Həmin bəyannamə 1 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti və qondarma Qarabağ Milli Şurasının birgə qərarına əsaslanır və açıq şəkildə bildirir:
"Ermənistan Ali Soveti və DQMV Milli Şurası Ermənistan Respublikası və DQMV-nin birləşməsini elan edir. Ermənistan Respublikasının vətəndaşlıq hüquqları DQMV əhalisinə şamil edilir".
23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi aşağıdakı sözlərlə başlayır:
"Ermənistan SSR Ali Sovetinin və "Artsax Milli Şurasının" Ermənistan SSR və Qarabağ bölgəsinin birləşməsi haqqında 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanaraq..."
Ermənistan 1995-ci ildə konstitusiyanı qəbul edəndə preambula bunu davam etdirərək bəyan etdi:
"Ermənistan xalqı Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit edilmiş erməni dövlətçiliyinin fundamental prinsiplərini və ümummilli aspirasiyalarını əsas götürərək, Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir".
Bu mətnlər birlikdə götürüldükdə Ermənistanın konstitusiya quruluşunun Azərbaycanın Qarabağ bölgəsinə iddialar irəli sürən təsis aktına əsaslandığı anlamına gəlir.
Bakı üçün bu, semantik məsələ deyil, sülh yolunda struktur maneədir. Prezident İlham Əliyevin son vaxtlarda qeyd etdiyi kimi, "Konstitusiyaya bu dəyişiklik edilən və Azərbaycana qarşı ərazi iddiaları konstitusiyadan çıxarılan kimi rəsmi sülh sazişi imzalanacaq". Ermənistanın konstitusiyasında Azərbaycan torpağı ilə birləşməyə istinad edən sənəddən götürülmüş ritorika saxlanıldıqca Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaqda səmimiliyini şübhə altına alacaq. Konstitusiyaya dəyişiklik edilərək bu istinadların çıxarılması təkcə Azərbaycanın narahatlıqlarını aradan qaldırmayacaq, həm də Ermənistanın normallaşma və ərazi mübahisəsinin bağlanması məsələsində ciddi olduğunu nümayiş etdirəcək.
Xəritə 1: Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu
Mənbə: Hadson İnstitunun tədqiqatı
Nəqliyyat marşrutlarının açılması: TRIPP-in yaradılması və tətbiqi
Həll olunmalı olan digər mühüm məsələ regional nəqliyyat əlaqələrinin açılması, xüsusilə "Zəngəzur dəhlizi" adlanan marşrut istiqamətində irəliləyişin olub-olmadığıdır. Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə imzalanmış və 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyan atəşkəs sazişi çərçivəsində Ermənistan prinsip etibarilə belə əlaqələrə icazə verməyə razılaşmışdı:
"Maddə 9: Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir".
Lakin təxminən, beş il sonra bu hələ də həyata keçirilməyib. Bu, Azərbaycan üçün başadüşülən narazılıq yaradır, çünki eyni sazişin digər maddəsi Bakıya öhdəliklər qoymuşdu:
"Maddə 6: Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və eyni zamanda, Şuşa şəhərinə təsir etməyəcək Laçın yolu (5 km enində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. ...Azərbaycan Respublikası Laçın yolu boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir".
Azərbaycan, Ermənistandan fərqli olaraq, öhdəliyini yerinə yetirdi və bunu vaxtından əvvəl etdi. 6-cı maddə Bakıya Ermənistanla Qarabağı birləşdirən yeni yolun tikintisi üçün üç il vaxt verilmişdi, lakin layihə son müddətdən xeyli əvvəl, 2022-ci ilin iyulunda başa çatdırıldı. Fərq aydındır: Azərbaycan 6-cı maddəyə əsasən öhdəliklərini yerinə yetirdiyi halda, Ermənistan 9-cu maddəyə əsasən öhdəliklərini yerinə yetirməyib. Bakı üçün İrəvandan qarşılıqlı addımların olmaması artan narazılıq səbəbi olub.
Bu çıxılmaz vəziyyəti həll etmək üçün Ağ Ev yeni bir təklif irəli sürdü: Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) - bu, ABŞ-nin rəhbərliyi ilə həyata keçirilən təşəbbüs olub, Ermənistanın öz ərazisi üzərində suverenliyini qorumaqla, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan eksklavı arasında təhlükəsiz tranzit dəhlizinin açılmasını təmin etməyi hədəfləyir. ABŞ-nin dəstəklədiyi özəl şirkətin Ermənistan hökuməti ilə koordinasiyada dəhlizin logistika və təhlükəsizliyini idarə etməsi planlaşdırılır. Tikintinin ilin sonunadək başlanması, marşrutun isə Prezident Trampın səlahiyyət müddəti bitənədək tam istifadəyə verilməsi nəzərdə tutulur.
Logistik çətinliklər çox böyükdür. Ermənistanın Azərbaycanı Naxçıvandan ayıran Zəngəzur (Sünik) vilayətinin bir hissəsi cəmi 26 mil enindədir, lakin bu iki bölgəni birləşdirən avtomobil və dəmiryol infrastrukturu münaqişə səbəbindən onilliklərdir ki, yararsız vəziyyətdədir. Sovet dövründə həm magistral yol, həm də dəmir yolu Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirirdi. Köhnə Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı (QGNMB) dəmiryol xəttinin Naxçıvan-Mehri-Bakı hissəsi həm yük, həm də sərnişin qatarlarına xidmət göstərirdi. Maraqlıdır ki, xətt bu gün Ermənistanın Zəngəzur (Sünik) vilayəti (sovet dövründə Mehri rayonu) ərazisindən keçsə də, Ermənistan SSR tərəfindən deyil, Azərbaycan SSR-in dəmiryol idarəsi tərəfindən idarə olunurdu.
1991-ci ildə Birinci Qarabağ müharibəsinin başlaması ilə bütün birbaşa nəqliyyat əlaqələri kəsilib və Azərbaycanın Horadiz bölgəsindən cənuba doğru uzanan dəmir yolu Ermənistanın nəzarətinə keçdikdən sonra istifadədən çıxarılıb. Bu marşrut boyunca dəmiryol xətlərinin və əlaqəli infrastrukturun böyük hissəsi o vaxtdan bəri yararsız hala düşüb. "International Alert" qeyri-hökumət təşkilatının 2014-cü il hesabatına görə, Horadizdən Ermənistanın Zəngəzur (Sünik) vilayətindən keçərək Naxçıvana gedən dəmiryol hissəsi "4-cü kateqoriya" kimi təsnif edilib - bu da xəttin tamamilə dağıldığını və tam bərpaya ehtiyacı olduğunu göstərir.
Öz ərazisi üzərində nəzarəti bərpa etdikdən sonra Azərbaycan TRIPP-in Azərbaycan ərazisinin qalan hissəsinə bağlanmasını təmin edəcək Horadiz-Ağbənd dəmiryol xəttini yenidən qurur. Tikinti işləri 2021-ci ildə başlayıb və bu ilin sonuna qədər tamamlanması gözlənilir. Əsas ox, təxminən, 111 kilometr məsafəni əhatə edir və üç tunel, 41 körpü və yeddi yolüstü keçiddən ibarətdir. Nəticədə bu xətt Horadizi Azərbaycanın Ermənistanla sərhədində yerləşən Ağbənd ilə birləşdirəcək. Bu nöqtədən TRIPP Naxçıvan ilə əlaqə yaratmaq üçün inşa ediləcək.
Avtomobil yolu şəbəkəsi bundan az fərqlənir. Əsas marşrut "E-002" kimi təyin edilmiş Avropa "B" sinif yoludur. Cənubi Qafqazın bir çox hissəsində "B" sinif yollar kifayət qədər inkişaf etməyib və bu hissə də istisna deyil. "E-002" onilliklər ərzində Azərbaycanı Naxçıvanla birləşdirmək kimi əsas məqsəd üçün istifadə edilmədiyindən yolun korlanması əhəmiyyətli dərəcədədir. Bəzi hissələr hələ də asfaltlanmamış çınqıl yollar olaraq qalır və bir çox körpülər əsaslı təmirə və ya tam dəyişdirilməyə ehtiyac duyur.
TRIPP təşəbbüsü bu maneələri ABŞ-nin siyasi iradəsini, beynəlxalq investisiyaları və yerli əməkdaşlığı səfərbər etməklə aradan qaldırmağa çalışır. Lakin Cənubi Qafqazın geosiyasi cəhətdən ən həssas bölgələrindən birində tərk edilmiş nəqliyyat dəhlizini işlək beynəlxalq marşruta çevirmək vəzifəsi nə asan, nə də sadə olacaq.
Sülh müqaviləsi: Regional nəticələr
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının hər iki ölkəyə böyük faydalar gətirəcəyi şübhəsizdir. Azərbaycan üçün bu, onilliklər boyu davam edən geosiyasi çağırışı - ərazi bütövlüyünün xarici təcavüzdən qorunması ilə yanaşı, uzun müddətdir gözlənilən Naxçıvan eksklavı ilə nəqliyyat və kommunikasiya əlaqələrinin qurulması - həll edir. Ermənistan üçün isə Azərbaycanla sülh ölkədə siyasi sabitlik və iqtisadi inkişaf perspektivi vəd edir ki, bu da iki xalq arasında əsrlər boyu mövcud olmuş yerli və regional ticarət ənənəsinə əsaslanır. Sülh şəraitində münaqişə dövründə mümkün olmayan yeni investisiya imkanları yarana bilər. Ermənistanın kövrək iqtisadiyyatını nəzərə alaraq, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşması uzunmüddətli perspektivdə misilsiz iqtisadi faydalar gətirə bilər. Bundan əlavə, bu, Ermənistan rəhbərliyinə Avro-Atlantika birliyi ilə daha sıx əlaqələr qurmaq üçün lazımi siyasi məkan verə bilər.
Regiondakı və ondan kənardakı müxtəlif ölkələr Azərbaycan-Ermənistan sülh müqaviləsinə müxtəlif cür baxacaqlar. Lakin bu müqavilə ratifikasiya olunduqdan və TRIPP kimi müddəalar həyata keçirildikdən sonra Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişəcəyinə şübhə yoxdur. Bu cür dəyişikliklər vakuumda baş verməyəcək; onlar region və onun hüdudlarından kənarda ikinci və üçüncü dərəcəli təsirlərə malik olacaq.
Rusiya: Moskva qismən təsirini itirir və təhlükəsizlik narahatlıqları ilə üzləşir. Rusiya sülh sazişinə narahatlıqla yanaşır. 2022-ci ildən bəri, əsasən, Ukrayna müharibəsi səbəbindən, Cənubi Qafqazda Rusiyanın təsiri tədricən azalmaqdadır. Həm Ermənistan, həm də Azərbaycanla əlaqələr gərgindir. Bir çox ermənilər hesab edirlər ki, 2020-ci il Qarabağ müharibəsi zamanı Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öhdəliklərini yerinə yetirməyib və buna görə də Moskvanı etibarsız tərəfdaş hesab edirlər. Eyni zamanda, Rusiya ilə Azərbaycanın münasibətləri 2024-cü ilin dekabr ayında Azərbaycan Hava Yollarının sərnişin təyyarəsinin vurulması nəticəsində onlarla mülki şəxsin həlak olmasından sonra pisləşib - Moskva bu hadisəni heç vaxt rəsmən tanımayıb. ABŞ-nin indi vaxtilə Rusiyanın hakim olduğu regionda sülh prosesinə rəhbərlik etdiyi şəraitdə Moskva diqqətini daha çox Gürcüstana yönəldəcək. Hətta Rusiyanın Ermənistan siyasətinə müdaxilə edərək Moskvanın maraqlarına daha uyğun olan bir lideri hakimiyyətə gətirməsi də mümkündür.
İran: Tehran ən böyük geosiyasi autsayder kimi çıxış edir. İran və Azərbaycan ictimaiyyət qarşısında xoş münasibətlər saxlasalar da, dərinlikdə əlaqələr gərgindir və bəzən qarşıdurmaya səbəb olur. Azərbaycan İranın şimalında yaşayan etnik azərbaycanlılara qarşı münasibətindən, eləcə də İranın Qarabağ münaqişəsi zamanı onilliklərlə Ermənistana göstərdiyi dəstəkdən narahatdır. İki ölkə arasında Xəzərdə dəniz sərhədləri də mübahisəli olaraq qalır. Son illərdə Bakı Naxçıvanı təchiz etmək üçün Tehrana bel bağlayırdı - avtomobil və hava əlaqəsi, həmçinin Türkmənistanla qaz mübadiləsi razılaşması vasitəsilə. TRIPP-in yaradılması və Türkiyəni Naxçıvanla birləşdirən təbii qaz kəmərinin son tamamlanması ilə İranın Bakıya təsir imkanları kəskin şəkildə azalıb. Tehran üçün daha narahatedici məqam odur ki, artıq ABŞ İranın Ermənistanla 26 mil uzunluğundakı şimal sərhədinin idarə edilməsində dolayısı ilə rol oynayacaq.
Türkiyə: Ankara - regionun ən böyük qalibi oldu. Sülh müqaviləsi və TRIPP-in yaradılması Türkiyəni Avrasiyanın mərkəzinə bağlayan şərq-qərb nəqliyyat marşrutlarının dayanıqlılığını artırır. Hazırda Türkiyənin əsas şərq marşrutu Gürcüstandan Azərbaycana və oradan Xəzər dənizi vasitəsilə keçir. TRIPP bu dəhlizi əvəz etmək üçün nəzərdə tutulmayıb, lakin onu tamamlayaraq, hətta Gürcüstan dəhlizi pozulduğu təqdirdə ticarətin davamlılığını təmin edəcək alternativ marşrut təqdim edir. Türklər hazırda Qarsı Türkiyənin Naxçıvanla sərhədində yerləşən Dilucuya bağlayan yeni dəmiryol xəttini inşa edirlər. Bu xətt nəticədə TRIPP-ə və oradan da Mərkəzi Asiyaya qoşulacaq. Ankara üçün digər nəticə isə Ermənistanla normallaşma üçün yaradılan yeni siyasi məkandır. Türkiyə 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olsa da, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən sonra münasibətlər sürətlə pisləşdi. İrəvan və Bakı arasında sülhün bərqərar olması ilə Ankara-İrəvan barışması üçün yeni imkanlar yaranmağa başlayır.
Türk Dövlətləri Təşkilatı: Avrasiyanı yenidən formalaşdıran blok. Sülh müqaviləsi Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirir və Avrasiya boyunca türk birliyini sürətləndirir. TDT Avrasiyada formalaşan geosiyasi qütb kimi Rusiyanın təsirinə getdikcə daha çox meydan oxumaq qabiliyyətinə malikdir. Qazaxıstan və Qırğızıstan son münaqişə zamanı TDT üzvü olan Azərbaycanı Ermənistana qarşı açıq şəkildə dəstəkləyərək, Moskvanın dəstəklədiyi KTMT-yə (Ermənistanın o zaman üzv olduğu təşkilat) deyil, TDT-yə sadiq olduqlarını nümayiş etdirdilər. 1990-cı illərin əvvəllərində müstəqillik qazandıqdan sonra Mərkəzi Asiya respublikaları və Azərbaycan Rusiya tərəfindən təyin olunmuş mədəni əlaqələrdən imtina edərək türk kökləri, mədəniyyəti və ortaq tarixi canlandırmağa çalışıblar. Bu meyil Türkiyənin yumşaq gücü ilə daha da güclənir, belə ki, milyonlarla türkdilli insan - Cənub-Şərqi Avropadan Şərqi Çinə və Arktikaya qədər - türk kinosu, musiqisi və televiziyasına baxır. TRIPP-in yaradılması TDT üzvlərini ticarət, enerji və iqtisadi inteqrasiya sahəsində əməkdaşlığı genişləndirməyə təşviq edəcək.
Xəritə 2: Qars-Bakı dəmiryol xətti layihəsi
Mənbə: Hadson İnstitutunun tədqiqatı. Qeyd: Marşrutlar təxminidir.
ABŞ: Avrasiya ölkəsi olmasa da, bölgədə yüksələn qüvvəyə çevrilir. Ermənistan və Azərbaycan arasında sülh ABŞ-nin Cənubi Qafqaz və ondan kənarda daha geniş iştirakı üçün uzun müddətdir gözlənilən fürsət yaradır. 2020-ci ilin fevralında dərc edilmiş son ABŞ Mərkəzi Asiya strategiyası Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması, İkinci Qarabağ müharibəsi və Rusiyanın Ukraynaya hücumu kimi regional dəyişikliklər nəzərə alındıqda artıq köhnəlib. Cənubi Qafqaz, xüsusilə də Azərbaycan ABŞ və Avropa üçün Mərkəzi Asiyaya mühüm coğrafi və tranzit qapısıdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, TRIPP-in yaradılması ilə birlikdə, Vaşinqton üçün Avrasiyada nadir diplomatik uğuru təmsil edir. Birləşmiş Ştatlar regionda rezident bir güc kimi öz təsirini göstərmək üçün bu məqamdan istifadə edərək onilliklərdir görünməyən nəticələr yaratmalıdır.
Ermənistan və Azərbaycan arasında 30 illik münaqişənin sona çatmasında əldə edilən irəliləyiş böyük nikbinliklə qarşılansa da, Cənubi Qafqazda hələ də həll edilməmiş məsələlər qalmaqdadır. 2008-ci ildən bəri Rusiya qonşu Gürcüstanın təxminən 20 faizini - xüsusilə Abxaziya bölgəsini və Tsxinvali bölgəsini (Cənubi Osetiya kimi tanınan) nəzarət altında saxlayır. Moskva bu hərbi mövcudluğunu təkcə bölgədə gücünü nümayiş etdirmək üçün deyil, həm də Gürcüstanın daxili siyasətinə təsir göstərmək üçün istifadə edir. Rusiyanın Ermənistan və Azərbaycanda təsiri azaldıqca, Cənubi Qafqazda əsas nüfuz vasitəsi kimi Gürcüstanda mövcudluğuna güvənəcək. ABŞ siyasətçiləri bu reallığı nəzərdən qaçırmamalı və Gürcüstanın dayanıqlığını gücləndirən, regional sabitliyi və ABŞ maraqlarını irəli aparan siyasətlər hazırlamalıdırlar.
Tövsiyələr
Prezident Trampın Cənubi Qafqaz diplomatik təşəbbüsü Vaşinqton üçün regionda daha fəal iştirak etmək imkanı yaradır. ABŞ-nin üzləşdiyi çoxsaylı geosiyasi çağırışlar - iddialı Rusiya, transmilli terror qruplarının yayılması, cəsarətlənmiş Çin və getdikcə aqressivləşən İran nəzərə alınmaqla - Vaşinqtonun Avrasiyada fəal olması məqsədəuyğundur. ABŞ regionda Rusiya və İranın təsirini zəiflətməyə çalışarkən siyasi sabitliyi, iqtisadi rifahı, milli suverenliyi və təhlükəsizliyi təşviq etməlidir. Bunun üçün aşağıdakı addımları atmalıdır:
- Amerika Birləşmiş Ştatları, Azərbaycan və Ermənistanın Ağ Evdə imzaladığı strateji sazişlərdən yaranan impulsu gücləndirmək:
1. Azərbaycan üçün: Dəniz təhlükəsizliyi və terrorla mübarizə sahəsində əməkdaşlığa diqqət yetirmək. ABŞ və Azərbaycan 11 sentyabr hadisələrindən sonra təhlükəsizlik, kəşfiyyat və terrorla mübarizə sahəsində yaxşı münasibətlərə malik olsalar da, bəzən Vaşinqtondakı müəyyən lobbi və təzyiq qrupları əməkdaşlığı çətinləşdiriblər. Azadlığa Dəstək Aktına 907-ci düzəliş ABŞ-nin təhlükəsizlik maraqları naminə fəaliyyəti əngəlləyən ədalətsiz bir maneədir və bu, keçmiş sovet dövlətləri arasında yalnız Azərbaycanı hədəf alır. Xəzərin dəniz imkanları sahəsində ən böyük boşluqlardan biri dəniz sahəsinə nəzarətdir, buna görə də ABŞ komanda və nəzarəti təkmilləşdirməyə kömək etmək üçün sahil radar stansiyaları, gəmilər üçün radar və rabitə avadanlığı təmin etməlidir. Vaşinqton Azərbaycan Hərbi Dəniz Qüvvələrini təlim imkanları, zabit mübadiləsi və mümkün olan hər yerdə avadanlığın modernləşdirilməsi ilə təmin etməlidir.
2. Ermənistan üçün: Rusiyanın təsiri barədə realist olarkən, Ermənistanı Avro-Atlantik birliyinə yaxınlaşdıran siyasət həyata keçirmək. Ermənistan ABŞ və Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirməlidir, lakin Moskva hələ də əhəmiyyətli təsir gücünə malikdir. Rusiya Gümrüdəki 102-ci hərbi bazanı, İrəvan yaxınlığındakı aviabazanı və Ermənistanın Türkiyə və İranla sərhədləri boyunca sərhəd mühafizəçilərini saxlayır. 2020-ci il müharibəsindən sonra Moskva ilə münasibətlər pisləşsə də, bu yerləşdirmələr Rusiyanın Ermənistanın təhlükəsizliyi və xarici siyasətinə təsirini qoruyub-saxlayır. Siyasətçilər Ermənistanın istiqamətində hər hansı qəfil dəyişiklik gözləməməli, əksinə, uzunmüddətli və strateji yanaşma tətbiq etməlidirlər.
- TRIPP layihəsində sürətli inkişafa nail olmaq. Bu tranzit marşrutu Tramp adı ilə brendləşdirildiyinə görə prezident layihənin tamamlanması və uğuru üçün birbaşa rol oynamalıdır. Marşrutun idarəedilməsini həyata keçirəcək beynəlxalq şirkətlər konsorsiumu və maliyyələşdirmənin necə baş tutacağı ilə bağlı bir çox suallar qalır. Bu məsələlərin həlli çətinləşərsə, ABŞ siyasətçiləri layihəyə marağı itirə bilərlər ki, bu da əhəmiyyətli gecikmələrə səbəb olar. Azərbaycanın Ermənistanla sülhə belə bir tranzit marşrutunun yaradılacağı şərti ilə razılaşdığını nəzərə alsaq, layihənin tamamlanmaması sülh müqaviləsinin ratifikasiyasına mane ola bilər.
- Trans-Xəzər təbii qaz boru kəmərinin tikintisini təşviq etmək. Klinton administrasiyasının 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini siyasi cəhətdən dəstəklədiyi kimi, Tramp administrasiyası da yeni qazanılmış diplomatik impulsdan istifadə edərək Azərbaycan və Türkmənistanla birgə Türkmənistanın zəngin təbii qaz ehtiyatlarını Avropa bazarlarına bağlayacaq Trans-Xəzər qaz kəmərinin inşası üçün çalışmalıdır. Qısa müddətdə bu, Xəzərdə cəmi 60 mil aralıda yerləşən Türkmənistan və Azərbaycan qaz yataqlarını birləşdirən interkonnektorla tez bir zamanda həyata keçirilə bilər. İnterkonnektor tərəflər arasında etimad quruculuğu tədbiri və Xəzər altında tam inkişaf etmiş qaz boru kəmərinə gətirib çıxara biləcək konsepsiyanın sübutu rolunu oynayacaq.
- Türk Dövlətləri Təşkilatı ilə daha sıx əlaqələrin qurulması. Avrasiyanın böyük hissəsində türk təsiri artmaqdadır və TDT, xüsusilə Rusiyanın təsiri azaldıqca və Çinin diqqətini daha çox Hind-Sakit okean regionuna yönəltdikcə qarşıdakı illərdə geosiyasi əhəmiyyətini artıracaq. Birləşmiş Ştatlar dünyanın digər regional və siyasi təşkilatları ilə olduğu kimi, TDT ilə də institusional əlaqələr qurmağa başlamalıdır. İlk addım olaraq, dövlət katibi Marko Rubio rəsmi dialoq başlatmaq üçün TDT-nin baş katibi ilə görüşməlidir.
- Mərkəzi Asiya üçün regionu Cənubi Qafqazda yeni tranzit marşrutları ilə daha effektiv birləşdirəcək strategiya hazırlamaq. ABŞ-nin Mərkəzi Asiya üçün son strategiyasının qəbul edilməsindən artıq beş ildən çox vaxt keçib. Regionda yeni geosiyasi reallıqları nəzərə alan yeni yanaşma artıq çoxdan vacibdir. Növbəti Mərkəzi Asiya strategiyasının əsas istiqaməti bağlantılar olmalıdır və bu, Cənubi Qafqazda son nəqliyyat və enerji təşəbbüslərindən (Cənub Qaz Dəhlizi və mümkün TRIPP kimi) faydalanmalı və bunlar Mərkəzi Asiya ilə ən yaxşı şəkildə əlaqələndirilərək regional bağlantıları artırmalıdır.
- Yeni tranzit əlaqələri üçün siyasi və kommersiya dəstəyi təklif edilməlidir. Amerika Birləşmiş Ştatları Ermənistanı regionun qalan hissəsi ilə birləşdirən yeni tranzit əlaqələrinin yaradılmasını və xüsusilə etimadı artıra biləcək birgə Ermənistan-Azərbaycan infrastruktur layihələrini dəstəkləməlidir. Cənubi Qafqazda otuz ildən çox davam edən münaqişə səbəbindən Ermənistan bir çox mühüm regional enerji və nəqliyyat infrastrukturu layihələrindən kənarda qalıb. Vaşinqton Ermənistanı qonşuları ilə əlaqələndirən və onu regiona inteqrasiya etməyə kömək edən yeni layihələri dəstəkləməlidir. Əgər həqiqi sülh əldə olunarsa və Trans-Xəzər boru kəməri inşa edilərsə, regional hökumətlər Türkmənistan-Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə qaz kəmərini yarada bilərlər. Bu ideya hazırda regionun Ermənistandan yan keçərək Avropaya qaz çatdıran əsas boru kəməri şəbəkəsi kimi xidmət edən Cənub Qaz Dəhlizi ilə rəqabət aparmaq məqsədi daşımır. Əksinə, belə bir iddialı layihə regionun inteqrasiyasına kömək edə, köhnə rəqiblər arasında etimadı artıra və Ermənistanın enerji problemlərini həll etməyə yardım edə bilər. Region belə bir layihə üçün tələb olunan diplomatik şəraitdən hələ xeyli uzaq olsa da, ABŞ mümkün olan şeylər haqqında müzakirəyə indi başlamalıdır.
- ABŞ-nin regiondakı diplomatik iştirakını genişləndirmək lazımdır. Yüksəksəviyyəli səfərləri daha çox həyata keçirməklə yanaşı, Amerika Birləşmiş Ştatları regionun bir neçə strateji yerində daimi mövcudluğunu - baş konsulluq, konsulluq agentliyi və ya digər daimi nümayəndəlik təsis etməyi nəzərdən keçirməlidir.
1. Gəncə, Azərbaycan - ölkənin ikinci ən böyük şəhəri, Avrasiya qitəsinin ən mühüm ticarət keçid məntəqələrindən biri - Gəncə Dəhlizində strateji mövqedə yerləşir.
2. Qafan, Ermənistan - Zəngəzur (Sünik) vilayətində, TRIPP yaxınlığında yerləşir. Tehran Ermənistanın cənubunun regional nəqliyyat əlaqələrinin mərkəzinə çevriləcəyini anlayaraq bu yaxınlarda orada konsulluq açıb.
- ABŞ-nin regional siyasi varlığını artırmaq lazımdır. Prezident Tramp Ermənistan və Azərbaycana səfər etməli və beləliklə bu ölkələrə səfər edən ilk ABŞ prezidenti olmalıdır. Son iyirmi ildə Avrasiyada yüksəksəviyyəli ABŞ nümayəndələrinin çatışmazlığı var idi. Avrasiya boyunca yüksəksəviyyəli ABŞ iştirakı kifayət qədər olmayıb. Heç bir ABŞ prezidenti indiyədək Ermənistana, Azərbaycana və ya beş Mərkəzi Asiya respublikasından hər hansı birinə səfər etməyib.
Region rəsmiləri tərəfindən səfərlər də nadir hallarda olub: Dövlət katibləri Con Kerri, Mayk Pompeo və Antoni Blinken hər biri Mərkəzi Asiyaya yalnız bir dəfə səfər edib. Ermənistan və ya Azərbaycana səfər edən sonuncu dövlət katibi 2012-ci ildə Hillari Klinton olub. Mərkəzi Asiyaya səfər edən sonuncu müdafiə naziri 2006-cı ildə Donald Ramsfeld olub. Azərbaycana səfər edən sonuncu müdafiə naziri 2010-cu ildə Bob Geyts olub. Donald Ramsfeld 2001-ci ildə Ermənistana səfər etdikdən sonra heç bir müdafiə naziri Ermənistana səfər etməyib.
Region çoxdan yüksəksəviyyəli ABŞ səfərinə ehtiyac duyur ki, bu da Prezident Trampın sülh planının həyata keçməsini təmin etməyə kömək edəcək.
- Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq. Ermənistan və Azərbaycan rəsmi olaraq sülh müqaviləsini ratifikasiya etdikdən və iki ölkə arasında münasibətlər düzəldikdən sonra Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa təşviq edilməlidir. İki ölkə arasında sərhədlərin yenidən açılması və diplomatik əlaqələrin bərpası Cənubi Qafqazın tranzit və iqtisadi imkanlarını artıra və davamlı regional sülh üçün şərait yarada bilər. Prezident Tramp indi gələcəkdə münasibətlərin normallaşmasını təmin etmək üçün hər iki tərəflə pərdə arxasında işləmək üçün güclü mövqedə ola bilər. /Oxu.az/