ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putindən məyus olduğunu açıqlaması Alyaskada keçirilən görüşdən sonra iki ölkə arasındakı gərginliyin daha da artdığını göstərir. Bu ifadə Vaşinqtonun Moskva ilə əlaqələrdə sərt mövqeyini gücləndirəcəyinə və qarşıdakı dövrdə yeni sanksiya və diplomatik təzyiqlərin tətbiqinə hazırlaşdığına işarə kimi qiymətləndirilir.
Bəs Trampın Putinə qarşı məyusluğu, tənqidi yanaşması ABŞ-nin Rusiyaya qarşı siyasətində dönüş nöqtəsi ola bilərmi? Bu, iki ölkə arasındakı diplomatik dialoqun zəifləməsinə və beynəlxalq səviyyədə gərginliyin artmasına gətirib çıxara bilərmi?
Mövzunu Oxu.az-a şərh edən politoloq Natiq Miri deyib ki, Alyaska görüşündən sonra Rusiya intensiv qaydada Ukraynanın mərkəzi şəhərlərini həm pilotsuz uçuş aparatları, həm də ballistik raketlərlə vurmağa başladı:
"Vurulan obyektlərin əksəriyyəti də yaşayış məskənləridir. Dağıdılan binaların altında insanlar qalıblar, bunların arasında uşaqlar da var. Bu gün də Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə dron və raket zərbələri davam edir. Lakin sülh istiqamətində niyyət varsa, bu, eskalasiyanın şiddətinin azalması, atəşkəsə və müharibənin bitməsinə maraq nümayiş etdirməklə olmalıdır. Lakin biz Rusiya rəhbərliyinin yanaşmasında bunun tam əksini görürük.
Donald Trampın məyusluğu da buna görədir. Ancaq problem ondadır ki, bu, Donald Trampın Vladimir Putin haqqında neçənci məyusluğudur? Çünki biz bu ritorik açıqlamanı dəfələrlə eşitmişik. Buna görə də bundan sonrakı prosesləri proqnozlaşdırmaq çətindir".
"Ancaq hər bir halda Ukrayna dövlətinin də Rusiyaya qarşı adekvat reaksiyaları davam edir. Bu, Rusiyanın neft emalı zavodlarının intensiv vurulması, ballistik raket hücumlarına cavab olaraq Rusiyanın da mərkəzi şəhərlərinin vurulmasına başlayacağı haqqında açıqlamalar kontekstindən özünü göstərir. Düşünürəm ki, bununla Donald Tramp bəzi məsələlərə məcbur edilir. Üstəlik, Avropa liderlərinin də Ukraynayönümlü mövqeyi və Donald Trampın əleyhinə açıqlamalar vermələri, təbii ki, ABŞ prezidentini və onun administrasiyasını narahat edir", - deyə ekspert vurğulayıb.
Müsahibimiz fikrini əsaslandırmaq üçün Çində keçirilən paradda göstərilən güc nümayişini misal gətirib:
"Bir tərəfdə Donald Trampın Hindistana 50 faizlik rüsum tətbiqindən sonra Hindistanın Baş naziri Narendra Modinin, Şimali Koreya və Rusiya liderlərinin birlik və güc nümayişi, təbii ki, Avropa İttifaqı ilə münasibətləri gərginləşdirməyin ABŞ-nin maraqlarına xidmət etmədiyi reallığını ortaya çıxarıb. Çünki əgər ABŞ-yə qarşı bu cür ittifaqlar yaranırsa, ən azından, belə bir görüntü varsa, təbii ki, Vaşinqtonun da Qərb dünyasına - Aİ, NATO kimi müttəfiqlərə ehtiyacı var. Ona görə də Ukrayna-Rusiya müharibəsinə münasibətdə Birləşmiş Ştatların artıq Rusiya əleyhinə sərt qərarlar qəbul etmək məcburiyyəti ilə üzləşdiyini demək olar. Ona görə də Trampın açıqlamasını bir də bu kontekstdə dəyərləndirmək lazımdır".