Köhnə nağıl – 50 il əvvəl ölən medium SSRİ-nin dağılacağını və bərpa olunacağını deyibmiş
Analitika
312
12:31, Bu gün

Köhnə nağıl – 50 il əvvəl ölən medium SSRİ-nin dağılacağını və bərpa olunacağını deyibmiş

Rusiya mediasında məşhur və mərhum medium, “gələcəkdən xəbər verən”, “ürək (fikir) oxuyan” Volf Messinqə istinadla ölkəni xoşbəxt gələcək gözlədiyinə dair materiallar yer almağa başayıb.
 
İddia olunur ki, 50+ il əvvəl vəfat etmiş telepatın 2025-ci il üçün Rusiya ilə bağlı verdiyi proqnozlar özünü doğrultmağa başlayıb.
 
Volf Messinq sovet vətənpərvəri olaraq, Sovet İttifaqına pərəstiş etsə də, guya SSRİ-nin dağılacağını əvvəlcədən görürmüş və deyib ki, onun ölümündən bir neçə il sonra SSRİ-də sovet respublikalarının ayrılmasına gətirib çıxaracaq dönməz proseslər başlayacaq.
 
Messinqin pərəstişkarlarından biri Valentina İvanovna qeyd edir ki, Volf Qriqoryeviç Rusiyanın bir çox çətinliklərlə üzləşəcəyini proqnozlaşdırıb, amma Qərbin hücumlarına baxmayaraq ölkənin ayaqda qalacacağını da deyib.
 
İddiaya görə, Messinq əmin edib ki, 2025-ci il Rusiya üçün xüsusi il olacaq. Məhz 2025-ci ildə ölkədə ciddi yeniləşmə, mənəvi dirçəliş başlayacaq, cəmiyyət öz kökünə qayıdacaq, əvvəllər Qərbin tətbiq etdiyi saxta dəyərlərin kökü kəsiləcək.
 
Dərhal hiss olunur ki, bütün bu deyilənlər dövrün konyukturasına uyğunlaşdırılıb, dövlət siyasətinin təbliğatıdır və 1974-cü ildə vəfat etmiş telepatın öncəgörmələri ilə əlaqəsi yoxdur.
 
Mediumun adından irəli sürülən tezislərdə SSRİ-nin bərpasına vurğu edilməsi təbliğatçıları ələ verir. Messinqin bu barədə danışan ardıcılının ifadələrinə baxaq:
"Cəmiyyət mənfilikdən və vulqarlıq üsyanından yorulacaq: Volf Qriqoryeviç bu barədə tamamilə haqlı idi. Bunu indi görə bilərik. Biz nəhayət anlamağa başlamışıq ki, Qərbin bizə qoyduğu bütün dəyərlər yalandır. Bizim nəsil SSRİ dövründə mehribanlığın, bir-birinə məhəbbətin, hörmətin təbliğ olunduğu dövrdə böyüyüb. Təəssüf ki, Sovet İttifaqı dağılandan sonra işlər başqa cür oldu. Bayağılıq və pozğunluq bizə göydən südlü sıyıq kimi verilməyə başladı...”.
 
Yenə mənfur Qərb, gözəl SSRİ. Köhnə nağıllar, boyat bayatılar.
 
Heç demə, Volf Messinq hələ ötən əsrin 60-cı illərində Ukrayna münaqişəsini qabaqcadan görürmüş. O bildirib ki, rus xalqı Qərbin hücumlarından qorunmaq məcburiyyətində qalacaq. Guya Qərb ölkələri birləşərək yenidən kollektiv şəkildə Rusiya ilə qarşıdurmaya başlayacaqmış və Rusiyaya öz şərtlərini tətbiq etmək cəhdləri uğursuz olacaqmış. Sanksiya təzyiqi isə Qərbin özü üçün ciddi problemlərlə nəticələnəcəkmiş.
 
Ukrayna münaqişəsi isə, Messinqin adından yayılan proqnoza görə, sülh müqaviləsi ilə bitəcək, qardaş xalqlar birləşərək dünyanın şərinə qarşı birgə dayanacaqlar.
 
Bəli, hər iki tərəfdən toplamda 1 miyondan artıq, əksəriyyəti gənc kişilər olan insanlar öləndən sonra “qardaş xalqlar” birləşəcəkmiş. Messinq belə görüb və bunu kimlərəsə deyib. Yazıb qoymayıb, yazsa, tutarmışılar, şifahi şəkildə deyib...
 
Məşhur medium Rusiya iqtisadiyyatının da ağ günə çıxacağını proqnozlaşdırıbmış. Təmizləmə sınaqları da məhz bu il, 2025-ci ildə başlayacaq, nəticədə dünya ədalətə əsaslanan maliyyə modellərinə qayıdacaqmış.
 
İddia olunur ki, Messinq digər radikal dəyişiklikləri də proqnozlaşdırıb, deyib ki, dünyanı böyük sınaqlar gözləyir və 2020-ci illərdən sonra dünyanın hər yerindən ən yaxşı ağıllar Rusiyaya gəlməyə, həyat səviyyəsini yüksəltmək arzusunda olan insanlar Rusiyada yaşamağa çalışacaqlar.
 
Hələlik Messinqin bu proqnozunun tam yanlış çıxdığını söyləmək olar. 2020-ci ildən sonra Rusiyanı minlərlə ağıllı və istedadlı insan tərk edib. Onların hamısı Rusiyada “xarici agent” adlandırılır. Ağıllı adamların Rusiyaya axını isə hələlik müşahidə olunmur.
 
Ancaq Volf Messinq həqiqətən də ABŞ-nin 21-ci əsrin ortalarında dünya səhnəsindəki təsirini itirəcəyini, Çinin ön plana çıxacağını deyibsə, adama təşəkkür düşür, sadəcə, gül kimi proqnozun arxasına nədən “Rusiya isə dünyanın ürəyi olacaq” deyə bir ifadə artırıb, bilinmir.
 
Bir sözlə, Messinqin adından internetdə fəal şəkildə yayılan kəhanətlərin çoxunun onunla heç bir əlaqəsi olmadığını bildirənlər də çoxdur. Əsas versiya budur ki, Kremlin cari siyasəti ilə səsləşən bu “proqnozlar”ı bilə-bilə üfürür, ideoloji baza hazırlayır, insanlara təlqin edirlər ki, müqavimətin xeyir yoxdur, SSRİ bərpa olunmalı, Qərb çökməlidir, Rusiya yenidən dirçəlməlidir, məşhur medium da belə deyibsə, məsələ bitib.
 
Yəhudi əsilli Volf Qriqoryeviç (Gerşkoviç) Messinq 1899-cu ildə Rusiya imperiyasına daxil olan Varşava quberniyasında doğulub, 1974-cü ildə Moskvada vəfat edib. RSFSR-in əməkdar artisti olub, sirkdə işləyib, konsertlər verib. SSRİ dönəmində çox pul qazanan insanlardan biri Volf Messinq olub. Sovet-alman müharibəsi illərində o, öz puluyla iki qırıcı təyyarə hazırlatdırıb, pilotlara verib. Onun qırıcısında uçan pilotlardan biri “SSRİ qəhrəmanı” olub.
 
Söz yox, Messinq istedadlı şəxs olub, insanları hipnoz etməyi, fikirlərini oxumağı doğrudan da bacarıb, ancaq onun özü haqqında əfsanələr quraşdırdığı, iddialarının çoxunu sübut edən dəlillərin olmadığı bildirilir. Messinq hipnoz və ya xatirələrində təsvir olunan hər hansı bir hiyləni təkrar nümayiş etdirməkdən imtina edirmiş.
 
 Məsələn, Messinq iddia edirmiş ki, Stalinlə görüşüb və onun istəyi ilə dövlət bankının kassirini hipnoz edib: ona ağ vərəq verib və ondan 100.000 rubl alıb. Amma mütəxəssislər bildirir ki, bu mümkün deyildi, Stalinin dövründə dövlət bankında pulun verilməsi proseduru tamam başqa cür olub: çek siyirməsində pulu olmayan mühasibə təqdim olunur, sonra bu sənəd bankın daxili kanallarından keçir, auditor (və ya məbləğ böyükdürsə, iki auditor) tərəfindən diqqətlə yoxlanılır, sonra çek sənədləri və pulu hazırlayan kassirə gedir və bütün bunlardan sonra müştəri pulu alır.
 
Anlaşılan odur ki, “SSRİ təbliğatı” yarım əsr əvvəl dünyadan köçmüş mediumun ətrafında yaradılmış əfsanələrin ümidinə qalıb. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər