Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti son günlər Avropa İttifaqı və ABŞ ilə bağlı qəbul etdiyi qərarlarla düşən reytinqini qaldırmağa, növbəti parlament seçkilərində (2026) qələbə qazanmağa ümid edir. Hətta siyasi kulislərdə gəzən söhbətlərə görə, hökumət başçısı növbədənkənar seçkilərə də getməyi planlaşdırır. Amma hələlik gücündən və qalibiyyətindən əmin olmadığı üçün bu planı sadəcə hakim partiyanın elitası ilə bölüşüb. Çünki son dövrlər aparılan sorğulara görə, hökumətin reytinqi 16 faiz təşkil edir. Müxalifət medianın iddiasına görə isə hətta bu 16 faiz də şişirdilmiş rəqəmdir, realda isə bu, 13 faiz və daha aşağı rəqəmlərlə ifadə edilməlidir.
Qeyd etmək yerinə düşər ki, Ermənistanda hətta müxalifətin də reytinqi aşağıdır. Bununla belə, yeni-yeni qüvvələr meydana çıxır. Müxalifət həm Aİ, həm ABŞ ilə müqavilələri, həm də Rusiya ilə gərginləşən münasibətləri fürsət bilərək, ciddi tənqid seriyasına start verib. Vurğulamaq lazımdır ki, son addımlar hətta hakimiyyətin qərbpərəstlər qanadı arasında da çaşqınlığa səbəb olub və ciddi müzakirə və mübahisələr yaradıb. Bu səbəbdən də seçkilərdə həm müxalifətin, həm də iqtidarın şansı zəifdir. Bununla belə, ehtimal etmək olar ki, müxalifətin bir nömrəli vəzifəsi Paşinyan hökumətini devirmək olacaq. Buna görə də bir neçə partiyanın birləşməsi, səsləri toplaması da labüd görünür. Eyni zamanda keçmiş siyasilərin də partiya quraraq, meydana atılması qaçılmaz görünür. Məsələn, keçmiş müdafiə naziri Arşak Karapetyan artıq “Millət-Ordu-Kilsə” adlı siyasi hərəkatı yaratdığını bildirib.
Adından da göründüyü kimi, eks-nazir ətrafına daha çox keçmiş hərbçiləri, onların tərəfdarlarını yığmağı hədəfləyib. Son illər Paşinyan tərəfindən həbsə göndərilən general, polkovnik və digər zabit heyətinin çoxluğunu nəzərə alsaq, bu planın hansı məqsədlərə qulluq etdiyini anlayarıq. Bununla yanaşı, Arşak hakim partiya və kilsə münasibətlərini də gözəl dərk etdiyi üçün hərəkatda onlardan da dəstək gözlədiyini gizlətmir.
Paşinyan hökuməti isə siyasi qüvvə və partiyaların təşkilatlanmasının qarşısını almaq üçün müxtəlif addımlar atır. Məsələn, bəzi keçmiş siyasi və nazirlər barədə yeni-yeni cinayət işləri açılır, region və ucqarlarda idarəetmə strukturlarına öz adamlarını yerləşdirir. Hətta iş o həddə çatıb ki, QHT-lərə (xüsusən də Paşinyanı tənqid edənlər) məxsus sosial şəbəkə səhifələrinə və xəbər portallarına məhdudiyyətlər və senzuralar tətbiq edilir, bəziləri isə bağlanır. Məsələn, 1 milyondan çox abunəçisi olan “5-ci Kanal”ın səhifəsi silinib və bərpa edilməyib. “Hraparak” qəzetinin də Facebook səhifəsi məhdudiyyətlərlə üzləşib. “Yerevan.Today” səhifəsinə də cəzalar tətbiq edilib. Facebook-un “Fact Checking” və ya fakt yoxlama sistemi Ermənistanda 2021-ci il növbədənkənar parlament seçkilərindən sonra açıq şəkildə istifadəyə verilib.
Bu, iqtidar, iqtidaryönlü və iqtidaryönlü mövqedə olanların, xüsusən də Qərb mövqeyində olanların, qeyri-hökumət media orqanlarına qarşı əllərində cəza aləti oldu. Müvafiq olaraq, eyni üsuldan müharibədən sonrakı aksiyalar və bütün seçkiqabağı kampaniya zamanı da istifadə olunduğu istisna edilmir. Siyasətçilərin, siyasi mübarizə iştirakçılarının, seçki prosesində iştirak edənlərin səhifələri bağlanıb, giriş məhdudlaşdırılıb, hökumətin təbliğat xarakterli povestləri geniş yayılıb. Belə çıxır ki, seçki mübarizəsində olanlar da çox qeyri-bərabər mövqelərdə olublar. Sadə dillə desək, Ermənistandakı 2,5 milyon insan hər gün dövlət televiziyasında Nikol Paşinyan, onun çıxışları və əsaslandırmaları ilə üzləşib, ona qarşı çıxanlar isə “Facebook”da məhdudlaşdırılıb.
İl isə həddindən artıq daxili gərginliklə başlayıb. Söhbət təkcə xarici siyasətdən getmir. Təbii ki, bu açıq-aşkar avantürizm də gərginliyi artırır, insanlarda qəzəbə səbəb olur. Daxili gərginliyi artıran digər faktorlar da var. Məsələn, paytaxta İrəvanda ictimai nəqliyyatın qiymətini 3 dəfə artırmaqla bağlı qanun layihəsi biabırçılıqlardan sonra təxirə salınıb. Amma bunun növbəti aylarda reallaşacağı artıq qaçılmaz deyil. Belə bir qərar isə kifayət qədər ciddi narazılıq yaradıb.
Eyni zamanda hər il əmlak vergisinin artması, 2025-ci ildən isə iki dəfə artması, hüquq və mühasibatlıq xidməti göstərən kiçik şirkətlərə də tətbiq edilən verginin kəskin şəkildə artması böyük narazılıq dalğası yaradıb. Dövriyyə vergisi dərəcəsinin isə yaxın vaxtlarda 20 faizlik ƏDV ilə əvəzlənməsi də kiçik və orta sahibkarlıq subyektlərinin məhv edilməsi ilə nəticələnə bilər.
Bütün bu hadisələrin fonunda Nikol Paşinyanın qorxuları getdikcə inanılmaz həddə çatıb. O, nəinki cangüdənsiz və snayper ordusu olmadan çölə çıxmır. Eyni zamanda artıq son günlər banketlərdən də imtina edib. Əvvəllər yeyib-içən Paşinyan ictimai yerlərdə yeməyə yaxınlaşmayan, mötədil insan kimi tanınmaz hala düşüb. Komanda bunu liderin zəhərlənə biləcəyi qorxusu ilə izah edir. Hakim partiyadan sızan məlumatlara görə, partiyadaxili və iqtidardaxili partiyalarda baş tutacaq görüşlərdən bir neçə gün əvvəl Paşinyanın köməkçisi menyunu dəqiqliklə dəqiqləşdirir, ziyafət günü isə mətbəxdə növbətçilik edir, yeməyin necə hazırlandığını və ona necə verildiyini izləyir. Bu isə onu deməyə əsas verir ki, artıq baş nazir yaxın çevrəsinə belə inanmır və hər an zəhərlənə biləcəyindən qorxur.
Bütün bunların səbəbi isə ölkəni ABŞ və Avropanın kəşfiyyat oylağına çevirməsidir. Çünki çoxsaylı kəşfiyyat qurumlarının nümayəndələrinin kimlərlə təmas qurduğu, hansı planlar hazırladığı məlum deyil. Paytaxt İrəvanda kəşfiyyatçının qaynadığı bir dövrdə bunu izləmək, analiz etmək, düzgün nəticə çıxarmaq isə hökumət üçün mümkünsüz görünür.
Hələ bir də əlavə etsək ki, “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan İrana səfər edib və bu, gizli saxlanılıb. Bu səfərdən “Müqəddəs Mübarizə” hərəkatının siyasi şurasının da xəbəri olmayıb. Baqratın isə səfəri iki gün davam edəcək, İranın yüksək rütbəli rəsmiləri, ruhaniləri ilə siyasi görüşlər keçirəcək.
İrəvanın Qərbə, xüsusən də ABŞ-yə yaxınlaşması, Vaşinqtonla strateji partnyorluq xartiyası imzalaması Tehranda xoş qarşılanmayıb. Hələlik rəsmi açıqlamalar və sərt bəyanatlar olmasa da, bu, gün kimi aydın məsələdir. Bu səbəbdən də Baqratın İranda kimlərlə nələri razılaşdıracağının Paşinyan hökuməti üçün əlavə başağrı olacağını söyləmək mümkündür. /Report/