Münxendə Fransaya vurulan zərbə: Berlin əzəli rəqibini küncə sıxışdırır - ŞƏRH + FOTO
Analitika
2919
19 Feb 2024 | 17:20

Münxendə Fransaya vurulan zərbə: Berlin əzəli rəqibini küncə sıxışdırır - ŞƏRH + FOTO

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın dünyada artan nüfuzunun növbəti təsdiqi kimi tarixə düşdü. Prezident İlham Əliyevin tədbirdə iştirakı, konfrans çərçivəsində keçirdiyi çoxsaylı görüşlər rəsmi Bakının beynəlxalq aləmdə artan rolu və nüfuzundan xəbər verir. Dünyanın aparıcı ölkələrinin rəhbərlərinin, siyasətçilərin, fikir adamlarının, nəhəng şirkətlərin, iş adamlarının bölgədə söz sahibi kimi Azərbaycanı gördükləri bir daha təsdiqləndi. Ən əsası odur ki, çoxsaylı görüşlərin böyük əksəriyyətinin təşəbbüskarları qismində məhz qarşı tərəf çıxış edib.
 
Münxendə ən diqqət çəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları oldu. Almaniya kansleri Olaf Şoltsun moderatorluğu ilə baş tutan görüş dünya mediasının baş xəbərinə çevrildi. Rəsmi Berlin vasitəçi kimi deyil, yalnız ev sahibi kimi görüşə təşkilatçılıq edib. O.Şolts liderləri salamladıqdan sonra Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin birbaşa danışıqları üçün zalı tərk edib. Bir faktı da xatırladaq ki, Almaniya Azərbaycanın ərazi bütövlüyü məsələsində obyektivliyi qoruyub saxlamağa çalışan azsaylı dövlətlərdəndir. Ara-sıra erməni lobbisinin təsiri altında olan siyasətçilər istisna olmaqla, rəsmi Berlin həmişə keçmiş Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin tərəfdarı olub. Bu da mühüm məsələdir.
 
 
Almaniya kansleri də görüşdən dərhal sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, Berlin Bakı və İrəvan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır. İlham Əliyevlə Nikol Paşinyanın vasitəçilərsiz müzakirələrinin nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərinin normallaşma prosesini nəzərdən keçirmək üçün yaxın vaxtlarda bir araya gəlməsi, delimitasiya komissiyasının iclaslarının keçirilməsi razılaşdırılıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Bakı ilə İrəvan arasında vasitəçiyə ehtiyac olmadığını vurğulamışdı. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib. Dövlət başçısı həmin çıxışında onların diplomatik qaydalara əməl belə etmədiklərini diqqətə çatdırıb: “Bizə bu məsələdə vasitəçi lazım deyil”.
 
 
Vasitəçilərsiz görüş sülhə gedən ən mühüm, qısa yollardan biridir və rəsmi Bakı da dəfələrlə bunu açıqlayıb. Almaniya da görünür, buna önəm verir. Bu ölkə rəhbərliyinin bəyanatları, aparılan müzakirələr müsbət tendensiyanı göstərir. Hər halda Almaniya sülh danışıqlarına töhfə verməkdə səmimi görünür. Bunu sübut edən çoxsaylı faktlar da var. Məsələn, rəsmi Berlin əbədi və əzəli rəqibi Fransa kimi birtərəfli deyil, qərəzli mövqe tutmur. Emmanuel Makronun idarə etdiyi Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti olub və sülh prosesinə vasitəçilik edib. Ancaq Parisin vasitəçiliyi sadəcə kağız üzərində olub.
 
 
Yelisey sarayı 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasında maraqlı olub, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışıb. İkinci Qarabağ müharibəsidən sonra isə riyakar, qatı ermənipərəst mövqeyi ilə seçilib. Suverenliyini, ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı çirkin kampaniyaların təşəbbüskarı olub. Bir vaxtlar vasitəçi ölkə olduğunu unudaraq, Ermənistanı silahlandırmaqdan da çəkinməyib. Fransa gah İrəvanda revanşistləri dəstəkləyir, gah Qarabağdan könüllü çıxan erməni sakinlərin hüquqlarının pozulduğundan dəm vurur. Üç ildən bir qədər artıq müddətdə Parisin əsas fəaliyyəti yalnız bir hədəfə yönəlib - Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq. Bu ölkənin Azərbaycanofob, türkofob qərarları ilə seçilən Fransa rəhbərliyi, hətta Senatı dəfələrlə Bakıya qarşı qərəzli qətnamə çıxarıb, bəyanatlar səsləndirib. Həmin qətnamələrdə Qarabağdan könüllü çıxan ermənilərin guya “etnik təmizləmə”yə məruz qaldıqları yazılıb, eləcə də, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıran gülünc fikirlər yer alıb. Hazırda Bakıda həbsdə olan, məhkəmələrini gözləyən erməni separatçılar və terrorçuları “siyasi məhbus” adlandırmaqdan da çəkinməyib.
 
Bütün bunların da sonu olmalı idi və oldu da. Münxendə baş tutan son danışıqlarla Fransa birdəfəlik danışıqlar posesindən sıxışdırılıb çıxarıldı. Özü də əbədi və əzəli rəqibi tərəfindən. Berlinin moderatorluğu ilə baş tutan təkbətək görüş Parisə dəyən ən böyük zərbədir. Bu göstərir ki, əgər nüfuz və hörmət qazanmaq istəyirsənsə, heç olmasa, obyektiv olmalısan. Hər halda ümid etmək olar ki, Fransa baş verənlərdən dərs çıxaracaq. Əks təqdirdə, uğursuzluğa düçar olmağa davam edəcək. /Report/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər