Tehran rejimi: İslam daxilində təfriqəçi və bölücü qüvvə - ŞƏRH + FOTO
Analitika
2241
07 Sep 2023 | 16:24

Tehran rejimi: İslam daxilində təfriqəçi və bölücü qüvvə - ŞƏRH + FOTO

İrandakı rejim islam və məzhəbdən panfarsçı siyasi ambisiyasını həyata keçirmək üçün istifadə edir. Panfarsizm və fars şovinizminin əsasında isə türk və ərəb düşmənçiliyi durur. Deməli, bu rejim İran mərkəzli fars düşüncə sistemi ilə öz hikkəsini yeritmək məqsədilə müsəlman dünyasının birliyinə qarşı çıxır. Din daxilində təfriqə yaradır. Bu həm də İrandakı rejimin islam tarixində baş verən hadisələrdən öz siyasi məqsədləri üçün şou düzəltdiyi anlamına gəlir. İslamla heç bir əlaqəsi olmayan məsələləri din adından təqdim edib onu gözdən salmaqla İrandakı rejim ilk növbədə islam düşmənlərinin dəyirmanına su tökür. Tehran rejimi nümayəndələrinin fəaliyyəti və çıxışları bu mülahizələrimizi təsdiqləyir.
 
Deməli, Güney Azərbaycanın Ərdəbil əyaləti var. Bu bölgənin mərkəzi şəhəri Ərdəbildir. Bu şəhər vaxtilə Azərbaycanın, Səfəvilərin qurduğu imperiyanın siyasi-ideoloji mərkəzi olub. İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin bu əyalət üzrə nümayəndəsi höccətülislam Seyid Həsən Amilidir. Rejimin bu din xadimi Azərbaycana qarşı çıxışları ilə məşhurdur. O, vaxtilə Azərbaycanın Qarabağı heç vaxt işğaldan azad edə bilməyəcəyini iddia edirdi. Amili onda deyirdi ki, Azərbaycanın bu torpaqları işğaldan azad etməyə “qüdrəti və mənəvi gücü çatmaz” və s. O, Qarabağ işğaldan azad edildikdən sonra Allahşükür Paşazadənin “Xaməneinin fətvası” haqqında dediyi yalanı təsdiqləyib. Onda Paşazadə iddia etmişdi ki, guya Xamənei Qarabağın işğaldan azad edilməsi ilə bağlı fətva verib. Amili də iddianı saxtakarcasına təsdiqləyirdi. Bu fətvanın yalan olduğu təsdiqləndi. İslam dinində yalanın cəzası və günahı böyükdür. Yalan həm də bütün fitnə-fəsadların əsasını təşkil edir. Bu baxımdan Amili Azərbaycana qarşı həmişə yalan danışıb. Yeri gəlmişkən, türk, azərbaycanlı kimi təqdim edilən Amili əslində livanlıdır. Vaxtı ilə babaları oradan Ərdəbilə köç edib. İndi də özünü türk kimi qələmə verir. İrandakı rejimin bu nümayəndəsi islam dini daxilində parçalanmanı dərinləşdirən çıxışları ilə seçilib. Xüsusilə Azərbaycanla Türkiyə arasında qarşıdurma yaratmaq məqsədilə təbliğat aparıb. Belə çıxışların birini də ötən gün edib.
 
 
Sentyabrın 6-da İmam Hüseynin şəhadətinin rəmzi 40-cı günü qeyd edilib. Seyid Həsən Amili tarixi hadisələri təhrif edərək Azərbaycan və Türkiyə arasında məzhəb ixtilafını qızışdırmağa çalışıb. O, Şah İsmayılın Anadolu müftiləri tərəfindən təhqir olunduğunu iddia etməklə rejimin məzhəbçiliyini gücləndirməyə və təbliğ etməyə çalışıb. Əslində Şah İsmayılla Sultan Səlim arasında baş verənlərin indiki zamana heç bir aidiyyəti yoxdur. 500 illik məsələni təhrif edilmiş şəkildə yada salmağa çalışan Amilinin məqsədinin heç də xoşməramlı olmadığı sirr deyil. O, bununla Azərbaycanla Türkiyə arasında "bir millət, iki dövlət" münasibətinin üzərinə kölgə salmağa, yaxud bu qardaşlığa, əməkdaşlığa zərbə vurmağa çalışır. Çünki fars şovinizmi Azərbaycanla Türkiyənin əlaqələrinin genişlənməsi, güclənməsinə qarşıdır. Zəngəzur dəhlizi ilə bağlı bu ölkə rəsmiləri, siyasiləri, mediasının açıqlamaları bunu təsdiqləyir. Bu layihəni “türk dəhlizi”, “Turan yolu” adlandırmaqla İran rejimi türklərə qarşı olduğunu gizlədə bilməyib. “İmamın 40-ı” tədbirləri günü Şah İsmayılla Sultan Səlim münasibətlərini yada salmaq xainin xofundan xəbər verir. Həsən Amili bununla Tehran rejiminin yalançı və saxtakar olduğunu da isbatlayıb.
 
 
İran Prezidenti İbrahim Rəisi sentyabrın 6-da bu günlə bağlı çıxışında deyib: “Əgər Hüseynin (ə.s) qiyam etdiyini anlamaq istəyirsinizsə, onun dinini islah etmək üçün ayağa qalxdığını bilməlisiniz”. O, islamın iki böyük məzhəbindən bəhs edərək vurğulayıb ki, sünni və şiələrin birliyi inkişafa müsbət təsir edər. Düzdür, Rəisi də bu çıxışında fürsətdən istifadə edərək etiraz aksiyalarını pisləyib. Yəni Xaməneinin nümayəndəsi Həsən Amili və onun xeyir-duası ilə prezident olan Seyid İbrahim Rəisi “İmamın 40-ı” mərasimi ilə İran rejiminin, deməli, panfarsizmin siyasi-ideoloji təbliğatını aparıb.
 
İranda “İslam Respublikası” adlanan rejimin konstitusiyası, Əsas Qanunu da İslam dini daxilində məzhəb ayrı-seçkiliyi edir. Həmin qanuna əsasən, yalnız onların təbliğ etdiyi məzhəbin nümayəndələri hakimiyyətdə təmsil oluna bilər. Bu, məzhəb adı ilə həyata keçirilsə də, əslində şovinist yanaşmadır. Odur ki, İran hakimiyyətinin təbliğ etdiyi din insanlar arasında diskriminasiyanı genişləndirir. Bu rejim islam daxilində hikkəli, müştəbeh, özündənrazı “dindar”a oxşayır. Belə əməllər isə küfr və günahdır. Allah anlayanları bağışlasın! /Report/
 
Link kopyalandı!
Son xəbərlər