Makronun hiyləgərliyi - Fransanın ermənipərəst səfiri Türkiyədə fəaliyyətə başlayır - ŞƏRH
Analitika
1440
24 Aug 2023 | 11:58

Makronun hiyləgərliyi - Fransanın ermənipərəst səfiri Türkiyədə fəaliyyətə başlayır - ŞƏRH

Fransa prezidenti Emmanuel Makronun Avropa və Türkiyə ilə münasibətlər üzrə keçmiş müşaviri İzabella Dumontun bu həftə Türkiyədə səfir kimi fəaliyyətə başlayacağı türk mediasında və siyasiləri arasında müzakirəyə çevrilib. Bu təyinatın Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə yeni səhifə açmaq niyyətinin göstəricisi hesab edilsə də, onun vaxtilə Türkiyə və Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi daha çox qabardılır. E.Makronun bu addımının arxasında nələrin gizləndiyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülür.
 
Əvvəlcə ondan başlayaq ki, bu diplomat xanım Türkiyəyə yad deyil - yəni orada onu yaxından tanıyırlar. 2011-2013-cü illər arasında Fransanın Ankaradakı səfirliyində çalışıb və türkcə mükəmməl danışır. Ankaradakı ilk təyinatından sonra ölkəsinə qayıdıb və Xarici İşlər Nazirliyində Rusiya və Şərqi Avropa sahələrində çalışıb. 2015 və 2019-cu illərdə Fransanın Ukraynada və 2019-cu illərdə Yunanıstandakı səfiri vəzifələrində çalışdıqdan sonra Dumont 2020-ci ildə Yelisey Sarayında Avropa və Türkiyə ilə əlaqələrdən məsul məsləhətçi olub. İlk dəfə 39 yaşında ən gənc səfir təyin olunan Dumont Türkiyədə səfir vəzifəsini yerinə yetirən ilk fransız qadın olacaq. 47 yaşlı Dumontun anası fransız dili müəllimi, atası isə Türkiyə üzrə mütəxəssis və tarixçidir. Bəziləri hesab edir ki, 3 ilə yaxın prezident Makronun məsləhətçisi olmuş və Ankara-Paris marşrutu üzrə təcrübəyə malik Dumont Türkiyə-Fransa münasibətlərinə müsbət təsir edə bilər.
 
 
Diplomatik mənbələrdən verilən məlumata görə, Ankara-Paris münasibətləri gələcəkdə ikitərəfli əməkdaşlıq, Türkiyə-Aİ prosesi və regional münaqişələr çərçivəsində intensivləşə bilər. Əvvəlki səfir də Türkiyəni tərk etməzdən əvvəl Türkiyə mətbuatına verdiyi son açıqlamada Türkiyə-Avropa İttifaqı əlaqələrini xüsusilə vurğulayaraq, “Türkiyə Avropa İttifaqı üçün əvəzolunmaz tərəfdaşdır” demişdi. Onun fəaliyyəti dövründə Fransanın önəm verdiyi məsələlərdən biri 2019-2020-ci illərdə yaşanan Şərqi Aralıq dənizi böhranının təkrarlanmamasına diqqət ayrılacaq. Qeyd olunur ki, Makron NATO-nun sonuncu sammiti zamanı Ərdoğanla görüşündə bu məsələni gündəmə gətirib və hətta Parisin Kipr probleminin həlli üçün müdaxilə edə biləcəyi təklifini səsləndirib. Ərdoğanın Kipr probleminin həlli ilə bağlı əvvəlki dövrlə müqayisədə daha yumşaq mesajlar verməsi həm Parisdə, həm də Aİ-nin digər paytaxtlarında diqqətəlayiq bir inkişaf kimi qiymətləndirilir.
 
Bütün bunlarla yanaşı, vaxtilə qatı ermənipərəst mövqeyi ilə seçilən diplomatın Türkiyə ilə Ermənistan arasında münasibətlərin yüksək templə normallaşacağına çalışacağını gözləmək olar.
 
Fransa prezidenti Emmanuel Makronun Türkiyə və Azərbaycana qarşı yönəlik, qatı ermənipərəst siyasət yürütdüyü heç kimə sirr deyil. Makronun bu siyasətinin arxasında duranlardan biri də məhz Dumontdur. O, dəfələrlə Türkiyənin Qafqazda artan təsirini, Azərbaycanın güclənməsini Fransanın milli maraqları üçün risk hesab edib. Yenə də bu siyasətini davam etdirəcəkmi? Çox güman ki, yox. Türkiyə mediası da bu məsələnin üstündə xüsusi dayanır. Xüsusi vurğulanır ki, Dumont Azərbaycanın Qarabağında 44 günlük müharibə zamanı türklərə qarşı olduğunu açıq şəkildə göstərdi. O, Fransa nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı böhtanlarla dolu çıxışını yazıb. Türkiyə mediasının iddiasına görə, İkinci Qarabağ müharibəsində Azərbaycanın mütləq qələbəsi dəqiqləşəndə atəşkəs təşəbbüsü də onun ideyası idi. “Əgər atəşkəs olmasaydı, Qarabağın hazırda işğal altında olan ərazilərində yol silahlı ermənilərdən təmizlənəcəkdi. Artıq indidən qeyd olunur ki, Türkiyə və Azərbaycana qarşı düşmən düşüncələri ilə seçilən Dumontun yeni vəzifəsində heç də xoş niyyətli olmayacağı aydındır”, - türk nəşrlərində yer alan xəbərdə vurğulanır.
 
 
Yeri gəlmişkən, qeyd olunur ki, Fransa ilə Türkiyə arasında gələcək təmaslar həm də hər iki ölkənin maraqlarının olduğu münaqişə bölgələrindəki hadisələri əhatə edəcək. Bu məsələlərin başında Rusiyanın Ukraynanı işğal etmək cəhdi və onun qlobal təsirləri dayanır.
 
Diplomatik mənbələr iki ölkənin siyasətinin ümumən uyğun olduğunu, Ankaranın “Taxıl sazişini” yenidən genişləndirmək cəhdlərinin Paris tərəfindən müsbət qarşılandığını qeyd edir. Bu prosesdə Türkiyənin İsveçin NATO üzvlüyünü daha çox gecikdirməməsi və Litvada əldə olunan razılaşma çərçivəsində oktyabr ayından etibarən lazımi təsdiq prosesini başlatması Fransanın gözləntiləri arasındadır.
 
İkitərəfli münasibətlərin gələcəyi ilə bağlı maraq doğuran digər məsələ isə Fransadan Türkiyəyə prezidentlər səviyyəsində illərdir həyata keçirilməyən rəsmi səfərin Makron tərəfindən həyata keçirilib - keçirilməyəcəyidir. Prezident Ərdoğanın dəvəti ilə 2022-ci ildə belə bir səfər üçün ilkin araşdırmalar aparılsa da, səfərin nəticələri ilə bağlı tərəflərin ortaq məxrəcə gəlinə bilinməməsi səbəbindən dayandırılıb. Paris proqnozlaşdırır ki, Makronun Türkiyəyə mümkün səfəri simvolik olmaqdan daha çox konkret hadisələrə yönəlməlidir.
 
Qeyd edək ki, Makronun Türkiyəyə yeganə səfəri 2018-ci ildə Suriya ilə əlaqədar keçirilən görüşdə iştirakı ilə bağlı olub. Prezident Ərdoğan da bu ölkəyə sonuncu səfərini 2018-ci ilin yanvarında edib. /Report/
 
Link kopyalandı!
Son xəbərlər