Korrupsiya, rüşvət, çirkli pulların yuyulması, pedofiliya - Maltanın əsl siması
Analitika
1682
17 Aug 2023 | 16:18

Korrupsiya, rüşvət, çirkli pulların yuyulması, pedofiliya - Maltanın əsl siması

Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası keçirilib. Günlərdir bu iclasa hazırlaşan Ermənistanın arzusu qursağında qaldı. Azərbaycan tərəfinin də gözlədiyi kimi, iclas adi ab-havada keçdi. Ümumi fikirlər, söz yığınından ibarət bəyanatlar, nəticəsiz çıxışlarla dolu iclas ermənilərin arzusunu bu dəfə də puça çıxardı. İclasın sonunda günlərdir erməni təbliğat maşınının tirajladığının əksinə olaraq nə birgə bəyanat qəbul edildi, nə də anti-Azərbaycan qətnaməsi. Bu, artıq bütün dünyanın məsələnin məğzindən xəbərdar olmasından, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətindən xəbər verməklə yanaşı, ermənilərdən bezdiyini də göstərir.
 
Amma bununla yanaşı, iclasda xüsusi canfəşanlıq edən ölkələr də var idi. Bu ölkələrdən biri də Maltadır. Ərazisi cəmi 316 kvadratkilometr olan Malta uzun illər Böyük Britaniyanın müstəmləkəsi olub. 1960-cı illərdə isə guya müstəqillik qazanaraq Respublika elan edilib. Malta ofşor, korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma, seks qalmaqalları və pasport alveri ilə məşhur bir ölkədir.
 
Maltanın “2013-cü ildə iqtisadi uğuru” Leyboristlər hökumətinin seçilməsi ilə müşayiət olunan bir sıra korrupsiya qalmaqalları ilə şübhə altına alınıb. Hakimiyyətin yuxarı eşelonlarında korrupsiya faktları ard-arda üzə çıxmağa başladı. Əsas diqqət Maltaya varlı əcnəbilərə pasport sataraq milyonlarla pul qazanmağa imkan verən Fərdi İnvestor Proqramına yönəlib.
 
Maltada Fərdi İnvestor Proqramı 2013-cü ildə başlayıb. Çoxları, o cümlədən, Avropa İttifaqı belə sxemlərin çirkli pulların yuyulması, vergidən yayınma və korrupsiya ilə əlaqəli ola biləcəyindən ehtiyat edirdi.
 
Malta 2004-cü ildə Avropa İttifaqına (Aİ) üzv olub. Malta pasportu sahibləri Böyük Britaniya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla 160-dan çox ölkə daxilində sərbəst səyahət edə bilərlər. Onların istənilən Aİ ölkəsində yaşamaq, işləmək, təhsil almaq və bizneslə məşğul olmaq hüququ var. Baş Nazirlik Aparatının rəhbərinin bu sxemdən qazanc əldə etdiyinə dair kifayət qədər faktlar və sübutlar var. Təxminən 1,1 milyon avroluq investisiya və ödənişlər qarşılığında istənilən üçüncü ölkə vətəndaşı sadələşdirilmiş prosedur vasitəsilə Malta vətəndaşlığını ala bilər. Bundan əsas faydalananlar Rusiya, Çin və ərəb ölkələrindən olan iş adamlarıdır ki, onlar Avropada hərəkət etmək, sanksiyalardan yan keçmək və ya başqa ölkələrdə cinayət təqibindən yayınmaq azadlığı əldə etmək istəyirlər. Bundan əlavə, bu insanları ada ilə heç nə birləşdirmir və onlar əslində orada yaşamaq fikrində deyillər.
 
2019-cu ildə Maltada yenidən pasport alveri ilə bağlı növbəti qalmaqal üzə çıxdı. Maltanın aparıcı vətəndaşlıq agentliklərindən biri olan "Chetcuti Cauchi Advisors" hələ fəaliyyət göstərmir. Hakimiyyət onun lisenziyasını ləğv edib, işçilər isə korrupsiyada şübhəli bilinirlər. Qalmaqala gizli dinləmə materialları səbəb olub.
 
“Malta Today”in məlumatına görə, fransız müxbirlər pasport agentinin nümayəndələrindən birinin bir qrup potensial afrikalı investora agentliyin Malta hökuməti ilə əla münasibətləri haqqında danışmasını gizli şəkildə lentə alıblar. Rəsmi bildirib ki, onun ölkənin baş naziri ilə əlaqələri var və agentlikdə parlamentin vətəndaşlıq məsələləri üzrə katibi ilə yaxşı münasibətdə olan vəkil kimi keçmiş nazir var.
 
Görünür, pasport alveri ilə bağlı üzə çıxan qalmaqallar Malta rəsmilərinin vecinə deyil. Çünki 2020-ci ildə növbəti qalmaqal üzə çıxdı. Malta polisi respublikanın keçmiş baş naziri Cozef Muskatın komandasından olan nüfuzlu siyasətçi Keyt Şembrini saxlayıb. Həmin şəxs “qızıl pasport” adlanan sənədləri varlı əcnəbilərə satarkən və rüşvət almaqda, çirkli pulların yuyulmasında ittiham olunur. Xüsusilə, Şembrinin üç Rusiya vətəndaşına pasport satışından yüz min avro məbləğində rüşvət aldığı iddia edilir.
 
Bundan əlavə, Malta ilə bağlı araşdırma aparan jurnalistlər Maltanın İtaliya mafiyası ilə əlaqəsi olan firmalar və Rusiyadan olan kredit quldurları üçün cənnətə çevrildiyini sübut edirlər. Qələm əhli Aralıq dənizindəki bu kiçik adanın vergidən yayınanlar üçün “pirat bazası”na çevrildiyini bəyan ediblər.
 
Avropa Parlamentinin yaşıl partiyalar koalisiyasının sifariş verdiyi hesabata görə, yalnız 2012-2015-ci illər arasında Malta korporasiyalara Avropanın digər ölkələrində ödəməli olduqları 14 milyard avroluq vergidən yayınmağa kömək edib. Bu tip şirkətlərin törəmələrinin isə yalnız elektron poçt ünvanı olur və filiallar daha çox Maltada qeydiyyatdan keçir.
 
Malta ilə bağlı qalmaqallara biri də əlavə edilib. Bu dəfə isə seks qalmaqalı üzə çıxdı. 2010-cu ildə Maltada fəaliyyət göstərən kilsələrdə çalışan üç rahibin adı pedofiliyada hallandırıldı. Məlum olub ki, kilsə nümayəndələri uşaq evində qalan 10 körpəyə qarşı seksual hərəkətlər ediblər və onları zorlayıblar. Bu məsələ uzun müddət Avropada biabırçı hadisə kimi utanc mənbəyinə çevrilmişdi. Amma iş bununla da bitmir. Maltanın futbol üzrə yığmasının baş məşqçisi Devis Manc da oyunçulara qarşı seksual hərəkətlər etməkdə ittiham edildi və işdən qovuldu. Sonradan məlum olub ki, Devis başqa futbolçuya qarşı da eyni hərəkətləri edib.
 
Düşünürəm ki, ərazisi cəmi 316 kvadratkilometr, əhalisi 500 minə yaxın bir ölkə üçün bu qədər qalmaqal çoxdur. Bu qalmaqallar Maltanın hansı məzhəbə qulluq etdiyini göstərir: “Pulunu ver, dayı deyim”. Belə bir ölkənin BMT iclasında Azərbaycan əleyhinə ittiham səsləndirməsi absurdun pik nöqtəsi sayıla bilər. Əvvəlcə öz ayıbına kor olmaq lazımdır. Necə deyərlər, öz gözündə tiri görmür, başqa gözdə çöp axtarır. Hərçənd, erməni dostluğu və həyasızlığını Malta timsalında bir daha gördük. Gördük ki, ölkəsi qalmaqal, rüşvət və korrupsiya, çirkli pulların yuyulması ilə məşhurlaşan bir hökumət BMT tribunasından həyasızcasına haqq və ədalətdən danışa bilər. Görəsən, yaxın gələcəkdə Azərbaycan diplomatiyası başqa hansı həyasızlıqlarla üzləşəcək? /Report/
 
Link kopyalandı!
Son xəbərlər