ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik səlahiyyətlərinə başladığı gündən bütün vasitələrlə təcavüzkar Rusiyanın mövqeyini açıq və gizli şəkildə dəstəklədi, təcavüzə məruz qalmış Ukraynaya isə təzyiq göstərərək “güclü Rusiya” qarşısında güzəştə getməyə, daha doğrusu təslim olmağa çağırış etdi. Zelenski ilə Ağ Evdəki ilk görüşündə “ bu müharibədə sənin kartın yoxdur” deyimi, uzun müddət Trampın əlində özünün dediyi kimi” kozır” oldu. Dünyanın təcrid etdiyi Rusiya prezidentini Alyaskada qırmızı xalı üzərində qarşılayıb onun şərtləri ilə razılaşdığını dolayısı ilə təsdiq etdi və Rusiya rəsmiləri bu görüşdən sonra bir ildir ki,“Ankoric ruhu” deyib Ukraynananın kapitulyasiyasına Trampın razılıq verdiyinə açıq şəkildə eyhamlar vururlar.
Amma, Trampın gözlədiyi kimi nə Ukrayna təslim oldu, nə də Rusiya qalib gəldi. İstər dünyaya “rüsum siyasəti” ilə hücum edəndə, istər İranla başladığı müharibədə, istərsə də Rusiya-Ukrayna müharibəsində proqnozlaşdırdığı nəticələrin heç birinə nail ola bilməyən Donald Tramp faktiki olaraq noyabrda keçiriləcək aralıq seçkilərinə “əliboş”gedir. Baş verənlərdən nəticələr çıxarıb siyasətində korrektələr edirmi? İranla, rüsum siyasətilə bağlı siyasətində bəzi kiçik dəyişikliklər etsə də, Rusiya ilə bağlı siyasətində əvvəlki mövqeyində qalır, yəni hələ də Ukraynaya təzyiqləri davam edir. ABŞ prezidentinin son bəyanatı buna sübutdur.
Həftəsonunu İrlandiyada qolf oynamağa gələn Tramp qolf klubunda jurnalistlərə verdiyi müsahibə ilə yenə hər kəsdə təəccüb yaradıb. “Mənə elə gəlir ki, tarixdə ən təbii addımlardan biri İrlandiya və Şimali İrlandiyanın birləşdirilməsi olardı” deyən Tramp, faktiki olaraq rəsmi Dublinin də, Londonun da apardığı siyasətə əks mövqe nümayiş etdirib. Ukrayna ilə bağlı dedikləri isə faktiki olaraq müzakirə hədəfi olub: "Zelenski bir şey etməlidir. O, Rusiyanın dizel yanacağı ehtiyatlarını vurmağı dayandırmalıdır. Qoy, digər hədəflərə hücum etsin, amma dizel yanacağına yox, çünki bu, qıtlığa gətirib çıxarır. Bu, Yaxın Şərqlə bağlı deyil. Bu, Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlıdır." Əslində,bu açıqlaması ilə ABŞ prezidenti etiraf edib ki, Ukraynanın da əlində “kart-kozır” var. Bu reallığı qəbul edən Tramp nədən Rusiyaya deyil, Ukraynaya müraciət edir? ABŞ prezidentinin məntiqinə görə, Rusiya Ukraynada istənilən şeyi atəşə tuta bilər, lakin Ukraynanın özü Rusiya Federasiyasına qarşı cavab zərbələrindən çəkinməlidir. Ukraynanı hər gün raketlərlə dağıdan, mülki adamları öldürən, enerji infrastrukturlarını dağıtmaqla Ukraynaya faciəli ağır günlər yaşadan Rusiyaya müraciət edərmi ki, həyati vacib obyektləri vurmasın. Gözlənilmir. Bu mövqeni Trampın Putinə müharibəni cəzasız davam etdirə biləcəyini açıq şəkildə bildirməsi kimi dəyərləndirmək olar. Putin hesab edir ki, Tramp tamamilə onun əlindədir. Müharibənin bitməsi yolundakı diplomatik uğursuzluq Amerika prezidentinin Vladimir Putinə münasibətindən qaynaqlanır.
Eyni zamanda, Trampın İran və husilərin Yaxın Şərqdə neft hasilatı və nəqlinə hücumları fonunda Ukraynanı günahlandırması, onun böyük miqyasda siyasi bəraət qazanmağa cəhdid. Bu, həm də strateji bir səhvdir, çünki Rusiya və İran bir-birlərinə kömək edirlər. Tramp bu müharibələri hər dəfə ayrı-ayrı kateqoriyalara böləndə Moskva və Tehran gülüb uğurlarına sevinirlər.
Trampın yanlış siyasəti nəticəsində aralıq seçkilərinin respublikaçıların məğlubiyyəti ilə sonlanacağını özü də hiss edir, hətta mümkünlüyünü etiraf edir. Yəqin ona görə də Respublikaçılar partiyasına səs vermək üçün 18 yaşından yuxarı olan amerikalıların hər birinə 5000 dollar veriləcəyini vəd edir. Bunun üçün 1,3 trilyon dollar lazımdır. Bu məbləğdə vəsaitin hardan alınacağı bir tərəfə, hesab edirəm ki, bu amerikalıları, ABŞ cəmiyyətini təhqir etməkdir. Yəni, məndən narazı olduğunuzu bilirəm,amma sizlərin qiyməti budur: pulla mənəviyyatınızı, düşüncənizi, ləyaqətinizi satın almaq olar. “Siyasi rüşvət” kimi dəyərləndirilən bu təklif kəskin tənqidə məruz qalıb. Rüsum siyasətində də Tramp hər bir vətəndaşa 2000 dollar vəd etmişdi, amma vermədi. Bir müəllifin yazdığı kimi “gərək o dərəcədə axmaq olasan ki, Trampın hər bir amerikalıya 5000 dollar verəcəyi vədinə inanasan”.
Əslində Trampın siyasəti təccüb doğurmur, çünki hakimiyyətə gəldiyi gündən Qrenlandiyanı, Kanadanı ABŞ ərazisinə qatmağı təklif etməklə işğalçı Rusiyaya əlavə bəhanə verdi. Nartsist xarakterli bu şəxs yalnız özünü tərifləməklə və təriflətməklə məşğuldur. Tərifləmək üçün isə ortada real heç nə yoxdur. Təəssüf ki, bu yanlış siyasət işğalçını gücləndirir, təcavüzə məruz qalanı isə faciəli duruma salır.
İlham İsmayıl