Analitika
2045
21 Jul 2026 | 18:29

"Almaniya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır" – Politoloq

"Prezidentin Almaniyaya budəfəki səfəri həm vaxtı, həm də gündəliyi baxımından xüsusi maraq doğurur. Azərbaycan ilə Almaniya arasında münasibətlər son illər ardıcıl inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqla yanaşı, iqtisadi, ticarət və diplomatik əlaqələr də genişlənməkdədir".

Bu fikirləri Moderator.az-a politoloq Turan Rzayev açıqlamasında bildirib. 

Politoloq qeyd edib ki, Bakı Almaniyanın Avropadakı siyasi və iqtisadi çəkisini nəzərə alır. Eyni zamanda, Berlin də Azərbaycanı etibarlı tərəfdaş və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri kimi qiymətləndirir:

"Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla keçirdiyi görüş də diqqət çəkən məqamlardan biridir. Görüş zamanı Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlığa marağın artdığı vurğulanıb, biznes əlaqələrinin daha sistemli şəkildə inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Bu istiqamət Azərbaycanın iqtisadi prioritetləri baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakı bu cür görüşləri xarici investisiyaların artırılması, yeni layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli platforma hesab edir. Almaniyanın yüksək texnologiyalara və böyük təcrübəyə malik şirkətlərinin həm işğaldan azad edilmiş ərazilərin bərpasında, həm də enerji və infrastruktur layihələrində iştirakı Azərbaycan üçün xüsusi önəm daşıyır.

Görüşlərdə ənənəvi və bərpa olunan enerji, Orta Dəhliz, nəqliyyat-logistika və qarşılıqlı iqtisadi əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub. Azərbaycan alternativ enerji istiqamətində layihələrini genişləndirsə də, ənənəvi enerji resursları sahəsində də Avropa üçün strateji əhəmiyyətini qoruyur. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi kontekstində Azərbaycanın Almaniya ilə əməkdaşlığı dərinləşdirmək və enerji resurslarının Avropaya, o cümlədən Almaniyaya çatdırılması istiqamətində Berlinin dəstəyini gücləndirmək niyyətində olduğu görünür".

Turan Rzayev vurğulayıb ki, Almaniya iqtisadiyyatının artan enerji tələbatı da bu əməkdaşlığın perspektivlərini daha da artırır:

"Prezident İlham Əliyevlə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında keçirilən görüşdə siyasi dialoqun və diplomatik münasibətlərin gələcək inkişafı da əsas müzakirə mövzularından biri olub. Hazırkı beynəlxalq şəraitdə – Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə gərginliyin tam aradan qalxmaması və ABŞ-nin Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırması fonunda Almaniyanın təhlükəsizlik siyasətində yeni mərhələ müşahidə edilir.

 Berlin uzun illərdən sonra hərbi potensialının gücləndirilməsinə daha ciddi diqqət ayırır.
Belə bir dövrdə Azərbaycanın Almaniya ilə münasibətlərini daha da inkişaf etdirməsi təkcə ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də dəyişən geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı qlobal prosesləri diqqətlə izləyərək balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir və dünyanın aparıcı siyasi-iqtisadi mərkəzləri ilə əlaqələrini genişləndirməyə çalışır. Almaniya ilə təmasların intensivləşdirilməsi də məhz Azərbaycanın praqmatik, uzaqgörən və çoxşaxəli xarici siyasət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər