Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını parlamentin Elm və təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov cavablandırıb. Deputatla söhbətdə telekanallar mövzusunda danışılb.
Müsahibəni təqdim edirik:
- Ceyhun müəllim, bu gün xəbər yayıldı ki, bəzi efirlərdə şou verilişlər dayandırılıb. Ancaq bəzən deyirlər ki, günahkar toplumdur və məişət səviyyəsində verilişlərə maraq göstərir...
- Mən günahı televiziyalarda görürəm. Televiziya ictimai şüura təsir edən vasitələrdən biridir. Onun vəzifəsi maarifləndirmək, məlumatlandırmaq, əyləncəli verilişlər təqdim edərkən də tamaşaçı zövqünü yüksəltməkdir. Telekanallar kütlənin arxasınca getməli deyil, onu öz ardınca gətirməyi bacarmalıdır. Ona görə bu məsələdə televiziyalar çox diqqətli olmalıdır. Sonra bunun fəsadlarını görmək olur. Təbii ki, dünyanın çox yerində şou proqramlar var. Amma kiminsə evində olan məsələ efirdə müzakirə olunmur. Odur ki, televiziyaların üzərinə vəzifə düşür. “Kütlə nə istəyir, onu da verək” yanaşması kökündən yanlışdır. Çünki bu, cəmiyyəti uçuruma aparan məsələdir. Biz gələcəkdə bunun əziyyətini çəkəcəyik. Əgər hər yerdə insanlar şikayətlənirsə, əhalinin böyük hissəsi narazıdırsa, deməli, cəmiyyət o verilişləri qəbul etmir.
- Bəs necə oldu ki, telekanallarda vəziyyət bu yerə qədər gəlib çıxdı? Axı bir nəzarət mexanizmi olmalıdır...
- Səbəb qeyri-peşəkarların efirlərə gəlməsi oldu. Aparıcılıq mədəniyyəti, təhsili olmayanların prosesə cəlb edilməsi təsir etdi. Onların neçəsi jurnalistika təhsili alıb? Neçəsi bu sahəyə aid adamlardır? Axı istənilən adam efir apara bilməz! Ona görə də bu məsələnin özündə ciddi problem var. Televiziya aparıcısının savadı, səviyyəsi, yüksək intellekti, bu sahəyə bağlılığı olmalıdır.
- Sizcə, burada cəmiyyətin bir hissəsinin də təqsiri yoxdurmu? Axı vaxt var idi ki, ailədə olan mübahisənin qonşuda eşidilməsinə adamlar utanardı, indi ər-arvad efirə çıxıb milyonların qarşısında evin içindəkiləri danışırlar...
- Məsələnin mahiyyəti budur ki, cəmiyyətdə mənəvi aşınma var, deqradasiya gedir. Əvvəl də təklif etmişdim ki, milli-mənəvi dəyərlərin qorunması, təbliği üçün proqram qəbul edək. Sözsüz ki, burada ailələrin məsuliyyəti var. Sadəcə, televiziya vasitəsi ilə bu mənəvi aşınmanın qarşısını almaq üçün çalışmalıyıq. Televiziyanın öz missiyası var və müsbət töhfə verməlidir, bu problemi daha da körükləməməlidir.