Aliment ödəməyənlərin sayı artır - Bu şəxslər nə kimi məsuliyyət daşıyır?
Aktual
647
12:45, Bu gün

Aliment ödəməyənlərin sayı artır - Bu şəxslər nə kimi məsuliyyət daşıyır?

Aliment ödəməyənlərin sayı artıb. 2025-ci ildə 6300-dək iş üzrə aliment ödənilməyib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib. Xatırladaq ki, 2024-cü ildə icraatda olan 133 minədək aliment işindən 46 minədək işdə müəyyən gecikmələrlə aliment ödənilib. 5000-dək işdə aliment ödənişi təmin olunmayıb.
 
Aliment ödəməyən şəxs nə kimi məsuliyyət daşıyır?
 
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov Moderator.az-a açıqlamasında deyib ki, Azərbaycan Respubliksının Ailə Məcəlləsinin 75-ci maddəsində valideynlər uşaqlarını saxlamağa borcludurlar:
 
 “Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən  uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı:
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər  ay aşağıdakı miqdarda aliment tutulur:
 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;  
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”.
 
Hüquqşünas qeyd edib ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir:
 
“Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan
alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Həmin şəxs alimenti ödəməkdən imtina edərsə, İcra Haqqında Qanunun 43-cü maddəsinə əsasən ilk növbədə tələb onun əmlakına yönəldilir. Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur.
 
İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir.
Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.
Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir”.
 
Hüquqşünas vurğulayıb ki, əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər:
 
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s.
Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir”.
 
Hüquqşünas sonda qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər:
 
1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə
2) 320 saatdan dörd 480 saatadək ictimai işlər
3) 2 ilədək müddətə islah işləri
4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması
5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər