Qrip zamanı antibiotik içənlərin DİQQƏTİNƏ: Özbaşına müalicə bu fəsadları yaradır
Aktual
1820
11:30, Bu gün

Qrip zamanı antibiotik içənlərin DİQQƏTİNƏ: Özbaşına müalicə bu fəsadları yaradır

Qrip mövsümü başlayanda bir çox insan xəstəliyin daha tez keçməsi ümidi ilə antibiotiklərə üz tutur. Yüksək hərarət, halsızlıq, boğaz ağrısı kimi əlamətlər zamanı bu dərmanların vəziyyəti yüngülləşdirəcəyi düşünülür və çox vaxt həkim məsləhəti olmadan istifadə olunur. Halbuki, bu yanaşma tibbi baxımdan ciddi risklər yaradır. Mütəxəssislərin sözlərinə görə, qrip virus mənşəli xəstəlikdir və antibiotiklər viruslara qarşı təsirsizdir. Həkimlərin bildirdiyinə görə, antibiotiklər yalnız bakterial infeksiyalara qarşı effektlidir və qrip zamanı yalnız əlavə bakterial ağırlaşmalar yaranarsa, həkim tərəfindən təyin oluna bilər. Əks halda, bu dərmanların nəzarətsiz qəbulu orqanizmin müqavimətini zəiflədərək gələcəkdə antibiotiklərin təsirsiz qalmasına – yəni antibiotik rezistentliyinə səbəb olur. Ekspertlər vurğulayır ki, antibiotiklərin lüzumsuz istifadəsi bağırsaq florasını pozur, allergik reaksiyalar yarada bilər və qaraciyər, böyrək kimi həyati orqanlara əlavə yük salır. Buna görə də qrip zamanı əsas müalicə istirahət, bol maye qəbulu, simptomları yüngülləşdirən dərmanlar və həkim nəzarətidir. Özbaşına antibiotik istifadəsi isə xəstəliyin gedişini yaxşılaşdırmaq əvəzinə, sağlamlıq üçün daha ciddi problemlər yarada bilər.
 
Bu barədə Moderator.az-a danışan tibb sahəsi üzrə ekspert Şahvələd Məmmədov deyib ki, ölkədə antibiotiklərin reseptsiz satışı hələ də davam edir:
 
“Dünyanın heç bir səhiyyə sistemində antibiotiklərin nə tablet, nə də inyeksiya formasında həkim resepti olmadan aptekdə satılmasına icazə verilmir. Çünki bu preparatların ağır yan təsirləri, allergik reaksiyaları, hətta anafilaktik şok riski var. Hazırda virus infeksiyaları dövrünü yaşayırıq. Son vaxtlar xüsusilə qripin A və B variantı geniş yayılıb. Belə hallarda antibiotiklər yox, yalnız virusəleyhinə preparatlar təyin olunmalıdır. Xəstə ən azı 3–5 gün ərzində sahə həkimi və ya müalicə həkimi tərəfindən nəzarətdə saxlanılmalıdır. Təəssüf ki, bir çox insanlar həkimə müraciət etmək əvəzinə apteklərdən müxtəlif toz dərmanlar –  "Tylolhot", "Coldrex", "Theraflu" və buna bənzər preparatları alaraq özlərini müalicə etməyə çalışırlar. Lakin bu dərmanlar xəstəliyin səbəbini aradan qaldırmır, yalnız müvəqqəti olaraq əlamətləri zəiflədir və ağırlaşmaların qarşısını almır. Virus infeksiyası zamanı erkən dövrdə antibiotiklərin qəbulu isə immun sistemi daha da zəiflədir və əlavə fəsadların yaranmasına yol açır”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər