Niyə elanlarda yaşı 35-dək olan işçilər axtarılır? – Açıqlama
Aktual
1215
09 Jan 2026 | 10:50

Niyə elanlarda yaşı 35-dək olan işçilər axtarılır? – Açıqlama

Bu gün ölkədə işsizlərin sayı artmaqdadır. İşsizliyin artması rəsmi statistika ilə reallıq arasında ciddi ziddiyyət təşkil edir. Xüsusilə 35 yaşdan yuxarı şəxslər üçün əmək bazarı demək olar ki, qapalıdır. Onlarla vakansiyaya müraciət edən, lakin yaş səbəbilə müsahibəyə belə çağırılmayan yüzlərlə vətəndaş var. Bəs nə üçün işəgötürənlər 35 yaşdan yuxarı namizədlərə qarşı ehtiyatlı davranır? Bu yanaşma qanunvericiliyə nə dərəcədə uyğundur və yaşa görə ayrı-seçkilik faktı kimi qiymətləndirilə bilərmi?
“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Moderator.az-a bildirib ki, ölkənin əmək bazarında ciddi boşluqlar mövcuddur. Onun sözlərinə görə, bu boşluqların əsas səbəbi ölkədə şirkətlərin sayının yetərli olmamasıdır:
 
“Hazırkı iqtisadi şəraitdə şirkətlərin sayı kifayət etmir. Kiçik və orta biznesin önü müəyyən qədər açılsa da, tam potensialını göstərə bilmir. Buna görə də əmək bazarında daha çox gənc və aşağı tələbləri olan şəxslərə üstünlük verilir. Məsələn, 23 yaşlı şəxsə verilən əmək haqqı ilə 35–45 yaşındakı şəxsə verilən əmək haqqı eyni ola bilməz. Daha yaşlı işçilər daha yüksək imtiyazlar tələb edir, bu da normaldır. İnsanların yaşı artdıqca əmək haqqı və imtiyaz tələbləri də artır.
Hazırda ən böyük problemlərdən biri iş yerlərinin sayının az olması ilə iş axtaranların sayının çoxluğu arasındakı uyğunsuzluqdur. İş yerləri yetərincə deyil, iş axtaranlar isə çoxdur. Digər problem isə işsiz şəxslərin məşğulluq idarələrinə vaxtında müraciət etməməsidir. Bəzən insanlar uzun müddət işsiz qalır, amma rəsmi statistikada işsiz kimi qeydiyyata alınmırlar.
İş yerləri çox olduqda, yeni işlərə tələb artır, təklif isə azalır. Bu halda 35 yaşlı və ya 50 yaşlı şəxs öz ixtisasına uyğun iş tapa bilər. Avropa və Amerikada bunu aydın görmək mümkündür: istənilən yaşda olan əmək qabiliyyətli şəxs rahatlıqla iş tapa bilir, çünki orada işçi qüvvəsi çatışmır. Digər ölkələrdə işəgötürən hazır işçini çıxarmaq lüksünə malik deyil və hətta işçi çatışmadığı üçün əmək haqqını artırır.
Azərbaycan bazarında əmək haqqı yalnız işçi çatışmazlığı olduqda arta bilər. Tələb və təklif balansı, kiçik və orta biznesin potensialının açılması əmək haqqının yüksəlməsinə, işsizliyin azalmasına və əmək bazarındakı problemlərin həllinə gətirib çıxaracaq”.
 
 
Mehin Mehmanqızı
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər