Azərbaycanda qış turizmi hansı səviyyədədir?
Aktual
1157
09 Jan 2026 | 10:25

Azərbaycanda qış turizmi hansı səviyyədədir?

Qış mövsümünün başlaması ilə Azərbaycanın dağlıq regionlarında turizm canlanır.
Bu barədə Moderator.az –a danışan turizm eksperti Cəfər Qarayev xatırladıb ki, 2012-ci ilə qədər Azərbaycanda turizm mövsümü deyəndə hamı yalnız yay turizmini nəzərdə tutulurdu:
 
“Amma 2013-cü ildən dövlətin dəstəyi ilə fəaliyyətə başlamış Şahdağ Qış Turizm Kompleksi bu anlayışı dəyişdi. Artıq ölkədə həm yay, həm də qış turizmi mövsümü formalaşdı. Ardınca Qəbələ rayonundakı Tufandağ Qış Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasındakı Ağbulaq İstirahət Mərkəzi fəaliyyətə başladı. Bu mərkəzlərdə xizək yolları, kanat xətləri, yollar və digər infrastruktur inkişaf etdirildi. Hər il bir qış turizmi ilə bağlı yeniliklər tətbiq olunur: yeni attraksionlar, kanat xətləri, xizək yolları, iaşə obyektləri, otellər tikilir. Hazırda Şahdağda və Qəbələdə bir neçə otelin tikintisi davam edir. Bu mərkəzlər regionlarda sosial-iqtisadi inkişafa birbaşa töhfə verir, çünki turistlər yalnız mərkəzlərdə qalmaqla kifayətlənməyib, yaxın kəndlərdə və şəhər mərkəzlərində yerləşirlər. Qış turizminin inkişafına mane olan əsas problemlərdən biri qiymətlərin yüksək olması və xidmət keyfiyyətinin çatışmazlığıdır. Eyni zamanda, regionlarda qar yağdıqda yol infrastrukturunda operativ müdaxilə olmaması logistik problemlərə səbəb olur. Lakin turizm mərkəzlərinin özündə kanat xətləri və xizək yolları ilə bağlı heç bir problem yoxdur və xidmət keyfiyyəti artıq 10 ildən çox davamlı olaraq yaxşılaşdırılır”. 
Turizm  eksperti  qeyd edib ki, xidmət keyfiyyəti artıq 10 ildən artıqdır ki, yüksək səviyyədə təmin olunur. Bu mərkəzlər öz üzərlərində davamlı işləyir, beynəlxalq təcrübələri öyrənir və tətbiq edirlər:
 
“Beynəlxalq təcrübədən danışarkən qeyd edək ki, 2026-cı il martın 6-8-də Azərbaycanda, Şahdağ Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları keçiriləcək. Bu da göstərir ki, xidmət keyfiyyəti beynəlxalq standartlara uyğundur. Təbii ki, xidmət göstərilən hər yerdə müəyyən nöqsanlar ola bilər. Əsas məsələ bu nöqsanları vaxtında müəyyən etmək, araşdırmaq və aradan qaldırmaqdır. Qiymətlər isə bazar səviyyəsinə uyğundur. Bizə yaxın olan qonşu ölkələrdə də xizək mərkəzləri fəaliyyət göstərir – məsələn, Gürcüstanda “Bakuriani”, “Gudauri”. Eyni zamanda Özbəkistanla da bu sahədə sıx əməkdaşlıq mövcuddur. 
Tələb çox olduğundan yeni otellərin tikilməsi də məntiqlidir; beləliklə, qış turizm mərkəzlərinin tutumu artır. İaşə və mehmanxana obyektləri də ətraf rayonlarda, kəndlərdə tikilməkdədir. İşğaldan azad olunmuş dağlıq ərazilərdə isə qış turizmi üçün böyük potensial mövcuddur. Məsələn, Kəlbəcər rayonunda kanat xətti layihələndirilib; kanat xətti qurulandan sonra xizək yolları açılacaq və həmin ərazilərdə qış turizm mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Şuşadan Xankəndinə  də kanat xətti nəzərdə tutulub. Dağlıq ərazilərdə qarın uzun müddət qalması imkanından maksimum yararlanmaq lazımdır. Bu, təbiətin Azərbaycana verdiyi xüsusi bir hədiyyədir. Nə qədər çox mərkəzimiz olarsa, onlar dekabrdan martın sonuna qədər fəaliyyət göstərəcək. Eyni zamanda, yay mövsümündə də həmin mərkəzlər işləyir, beləliklə ilin bütün mövsümlərində həm qış, həm də yay turizm mərkəzləri kimi fəaliyyət göstərirlər”.
Turizm ekspert Rəhman Quliyev deyib ki, Azərbaycanda qış turizmi hazırda inkişaf mərhələsindədir, durğunluqdan söhbət gedə bilməz:
 
“Son illər dövlət və özəl sektorun yatırımları nəticəsində infrastruktur formalaşıb, qış turizmi anlayışı artıq cəmiyyət üçün yeni deyil. Xüsusilə Şahdağ və Tufandağ kimi mərkəzlər regionlara turist axınını təmin edir.
Lakin bu inkişaf hələ tam potensial səviyyəsində deyil. Qış turizmi əsasən müəyyən auditoriya ilə məhdudlaşır və kütləvi xarakter almaq üçün əlavə addımlara ehtiyac var.
Bu mərkəzlərin regionların sosial-iqtisadi inkişafına töhfəsi danılmazdır. Yerli əhali üçün yeni iş yerləri yaradılır, xidmət sektoru genişlənir, kənd təsərrüfatı və kiçik sahibkarlıq üçün əlavə bazar formalaşır.
Eyni zamanda, yolların çəkilməsi, kommunal infrastrukturun yaxşılaşdırılması və regionların tanıdılması baxımından da müsbət effekt var. Ancaq gözlənilən maksimum töhfənin əldə olunması üçün turizm mövsümü yalnız qış ayları ilə məhdudlaşmamalı, dörd mövsüm fəaliyyət göstərən modellər qurulmalıdır.
Əsas prioritetlər qiymət siyasətinin balanslaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, nəqliyyat imkanlarının yaxşılaşdırılması və güclü beynəlxalq tanıtımdır. Bu addımlar atılarsa, qış turizmi həm regionların inkişafına, həm də ölkənin ümumi turizm gəlirlərinə əhəmiyyətli töhfə verə bilər”.
 
Mehin Mehmanqızı
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər