Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi dövlətin sosial siyasətində prioritet istiqamətlərdən biri hesab olunur. Lakin artan yaşayış xərcləri, mənzil probleminin aktuallaşması və gənclərin maddi imkanlarının məhdudluğu yeni evlənən cütlüklər üçün ailə qurmağı getdikcə daha çətinləşdirir.
Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştlər edir?
Moderator.az-a açıqlamasında Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, sosial təminatın gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Deputat qeyd edib ki, son illərdə reallaşdırılan beş sosial paket bu istiqamətdə atılan ardıcıl addımların göstəricisidir. Hazırda gənc ailələr üçün bir sıra mühüm güzəştlər mövcuddur:
“Gənc ailələrin güzəştli ipoteka kreditlərindən istifadə etməklə mənzil almaq hüquqları var. Gənc ailələr üçün kreditlər illik 4 faizlə təklif olunur. Eyni zamanda, 2026-cı il dövlət büdcəsində gənc ailələrin mənzil təminatının daha da yaxşılaşdırılması məqsədilə 100 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait birbaşa ipoteka kreditlərinin verilməsi üçün istifadə ediləcək.
Bununla yanaşı, gənc ailələr sosial mənzillərdən də yararlanmaq hüququna malikdirlər ki, bu da onların mənzil şəraitinin yaxşılaşdırılmasına real imkan yaradır. Son illər kadr siyasətində gənclərə üstünlük verilməsi də müşahidə olunur. Bu isə məşğulluğun artırılması və dövlət qulluğunda gənclərin payının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, həm məşğulluq, həm də mənzil təminatı sahəsində tədbirlərin davam edəcəyi gözlənilir. 2026-cı il isə sosial təminatın gücləndirilməsi baxımından xüsusilə önəmli illərdən biri olacaq”.
Mehin Mehmanqızı