Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Prezidenti İlham Əliyevin yerli mediaya verdiyi müsahibələr artıq ənənəvi xarakter alıb. Hər il bu müsahibələrdə ölkənin daxili və xarici siyasəti, baş vermiş mühüm hadisələr və aktual məsələlər barədə ictimaiyyətə ətraflı məlumat verilir. Dövlət başçısı bütün mövzuları diqqətlə və detallı şəkildə əhatə edərək öz mövqeyini açıqlayır.
Bəs Prezidentin bu müsahibələrinin ictimaiyyətə təsiri necədir və bu cür açıq kommunikasiya siyasi və sosial sahələrdə hansı faydaları təmin edir?
Bu barədə Moderator.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibələr artıq davamlı və formalaşmış bir ənənəyə çevrilib:
“Dövlət başçısı bu müsahibələrdə cəmiyyətin diqqət mərkəzində olan bütün əsas mövzulara xüsusi həssaslıqla yanaşır. Artıq yerli mediaya cənab Prezidentin müsahibə verməsi ənənə halı alıb. Bu müsahibələrdə ölkə vətəndaşlarını düşündürən daxili və xarici siyasət, Ermənistan–Azərbaycan münasibətləri, Azərbaycanın beynəlxalq əlaqələri, eləcə də sosial və təhsil sahələri ilə bağlı mühüm və aydın mesajlar verilir. Bu cür müsahibələr dövlətin əsas siyasi hədəflərinin cəmiyyətə birbaşa və şəffaf şəkildə çatdırılması baxımından olduqca vacibdir. Bu açıq kommunikasiya cənab Prezidentin xalqla birbaşa təmasa nə qədər önəm verdiyini nümayiş etdirir. Dövlət başçısının gərgin iş qrafikinə baxmayaraq mediaya vaxt ayırması ölkədə kommunikasiya kanallarının açıq olduğunu bir daha təsdiqləyir”.
Deputat əlavə edib ki, Prezidentin bu cür açıq və şəffaf kommunikasiya xətti ictimai etimadın möhkəmlənməsinə, dövlət–xalq münasibətlərinin daha da sağlamlaşmasına və ölkə daxilində siyasi dialoqun güclənməsinə mühüm töhfə verir.
Mehin Mehmanqızı