Bizi sosial şəbəkələrdən izləyin:
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazırlanmış tabut idxal olunub. Rəsmi gömrük statistikasına görə, bu məhsulların hamısı Çindən gətirilib. Belə bir idxal həcmi cəmiyyətdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Bəzi vətəndaşlar bunu ölkədə dini mənzərənin dəyişməsi, hətta insanların xristianlaşması ilə əlaqələndirməyə çalışır.
Digərləri isə məsələni artan ölüm statistikası, pandemiyadan sonrakı demoqrafik proseslər, məhkəmə-tibbi ekspertiza tələbləri kimi izah edir. Bəs əsl səbəb nədir? Bu rəqəmlər dini dəyişikliklərin göstəricisidirmi, yoxsa tamamilə başqa amillərlə bağlıdır?
Moderator.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, ölkəyə bahalı tabutların idxalı ilə bağlı məndə rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, gətirilən tabutların bahalı olması məsələnin pandemiyadan sonrakı demoqrafik vəziyyətlə əlaqədar olmadığını göstərir:
“Çünki əhalinin əksəriyyəti həmin bahalı Çin tabutlarından istifadə etmək imkanında deyil. Məhkəmə tibbi - ekspertizası üçün də qiymətli tabuta ehtiyac yoxdur. Əhalinin xristianlaşması da doğru yanaşma deyil, belə bir həqiqət ortada yoxdur. Ola bilsin bahalı mərmər daşlarının inhisarını həyata keçirən işbazlar indi də tabut biznesinə qurşanıblar. Qəbristanlıqları işğal edib böyük qəbir daşları qoyan adamlar indi də bahalı tabutlar alacaqlar. Eyni zamanda inancsız adamlar var ki, ola bilsin onlar İslam dininə uyğun dəfn olunmaq istəmirlər. Habelə ölkədə qeyri- müsəlman vətəndaşlar yaşayır. Mümkündür ki, həmin zümrə üçün sözü gedən tabutlar təklif olunsun”.
Mehin Mehmanqızı