Son zamanlar yeniyetmələrə qarşı zorakılıq halları çoxalıb. Hər gün mediada bu kimi xəbərlərə rast gəlirik. Bəs bu kimi halların artmasına səbəb nədir? Əksəriyyəti yaxın qohum tərəfindən törədilən cinsi zorakılıq hallarının arxasında hansı psixoloji pozuntular və ya davranış modelləri dayanır? Cəzasızlıq hissi və ailə daxilində “ört-basdır” etmək təcavüz edən şəxslərin bu davranışı davam etdirməsində nə dərəcədə rol oynayır?
Moderator.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib ki, bu məsələ son dərəcə həssas və ağrılıdır və cəmiyyət olaraq bununla üzləşməkdən qaçmaq problemi daha da dərinləşdirir. Onun sözlərinə görə, yeniyetmə qızlara qarşı cinsi zorakılıq hallarının artması təkcə fərdi deyil, sosial, psixoloji və institusional boşluqların üst-üstə düşməsinin nəticəsidir:
“Bu hadisələr təsadüfi şəkildə baş vermir və arxasında illərlə formalaşmış risk faktorları dayanır. Bu cür cinayətlərin artmasının əsas səbəblərindən biri zorakılığın normalizə olunduğu və ya susdurulduğu mühitlərin mövcudluğudur. Heç kimə sirr deyil ki, bir çox hallarda zorakılıq ailə daxilində və ya yaxın qohum çevrəsində baş verir. Bunun da əsas səbəbi uşağın ən çox etibar etdiyi və müdafiəsiz olduğu mühitin məhz ailə olmasıdır. Zorakılığı törədən şəxslər adətən güc münasibətindən istifadə edirlər, yaş fərqi, ailə iyerarxiyası, maddi və ya emosional asılılıq bu şəxslərə nəzarət və təzyiq imkanı yaradır. Belə mühitlərdə uşaq qorxu, utanc və günahkarlıq hissi ilə susmağa məcbur qalır. Psixoloji baxımdan bu cür cinayətləri törədən şəxslərin davranışlarının arxasında empati çatışmazlığı, impulsların zəif idarəsi, güc və nəzarət ehtiyacı, mənəvi sərhədlərin pozulması dayanır. Bu insanlar qarşı tərəfi müstəqil şəxsiyyət kimi deyil, obyekt kimi qavrayırlar. Onlarda tez-tez emosional soyuqluq, məsuliyyətsizlik, öz davranışına bəraət qazandırmaq meyli müşahidə olunur. Bir çox hallarda belə şəxslər etdiklərini zorakılıq kimi deyil, öz “haqları” və ya “nəzarət vasitəsi” kimi təqdim edirlər. Bu isə dərin şəxsiyyət pozuntularının və təhrif olunmuş düşüncə modellərinin göstəricisidir. Uşaqlıq dövründə zorakılığa məruz qalmaq və ya sağlam ailə modelinin olmaması gələcəkdə bu cür cinayət davranışlarının formalaşmasına ciddi təsir göstərir”.
Psixoloq qeyd edib ki, uşaq zorakılıq, laqeydlik, emosional soyuqluq və ya sərhədsiz böyüdükdə normal münasibət modelini öyrənə bilmir. O, gücün sevgi ilə, qorxunun itaətlə, susmağın təhlükəsizliklə eyniləşdirildiyi bir psixoloji sxemlə böyüyür:
“Bu travmatik təcrübələr vaxtında psixoloji müdaxilə olmadıqda gələcəkdə ya qurban davranışının davam etməsinə, ya da zorakılıq edən rolunun təkrarlanmasına səbəb ola bilir. Cəzasızlıq hissi və ailə daxilində baş verən hadisələrin ört-basdır edilməsi bu cinayətlərin davam etməsində həlledici rol oynayır. Zorakılıq edən şəxs əgər cəmiyyət və ailə tərəfindən qorunursa, ona susmaq öyrədilirsə və real hüquqi nəticə ilə qarşılaşmırsa, onda davranışının davam etməsi üçün psixoloji maneə qalmır. Susdurulan qurban, qorunan cinayətkar modeli formalaşır. Bu model isə tək bir ailənin deyil, bütöv cəmiyyətin psixoloji təhlükəsizliyini zədələyir. Bu problemlə mübarizə yalnız hüquqi cəza ilə məhdudlaşmamalıdır. Erkən yaşlardan sağlam ailə münasibətlərinin təbliği, uşaqların psixoloji maarifləndirilməsi, valideynlərin məsuliyyətinin artırılması, məktəblərdə və icmalarda psixoloji monitorinq mexanizmlərinin gücləndirilməsi vacibdir. Ən əsası isə susmaq mədəniyyəti yox, qoruma və müdaxilə mədəniyyəti formalaşdırılmalıdır. Uşaq bilməlidir ki, onu dinləyən, qoruyan və müdafiə edən sistem var. Cəmiyyət də anlamalıdır ki, zorakılığı gizlətmək namus deyil, gələcək cinayətlərin əsasını qoymaqdır. Bu mövzuda açıq danışmaq, problemin psixoloji köklərini dürüst şəkildə analiz etmək və məsuliyyəti paylaşmaq zorakılığın azalmasının yeganə real yoludur. Susqunluq isə həmişə zorakılığın tərəfdaşı olur”.
Mehin Mehmanqızı