Dekabrın 28-i İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək. Səfərin əsas məqsədi ABŞ prezidenti Donald Trampla görüşdür. Xarici medianın məlumatlna görə, görüşdə Yaxın Şərq üçün həlledici məsələlər - İran təhlükəsi, Suriya və Livandakı vəziyyət, HƏMAS-ın tərksilahı və Qəzza bölgəsində müharibədən sonrakı mərhələyə keçid müzakirə ediləcək. Netanyahunun səfəri çərçivəsində İranla bağlı hansı qərarı veriləcək? Tramp Netanyahunun mümkün hücum təklifini dəstəkləyə bilərmi? Əgər bu baş verərsə, ABŞ bu məsələdə birbaşa hücum, yoxsa dolayı dəstək yolunu seçə bilər?
Moderator.az-a açıqlama verən politoloq Azər Hüseynov deyib ki, Yaxın Şərqdə ABŞ və İsrailin maraqları əsas xətt üzrə üst-üstə düşür:
“İsrailin bir dövlət olaraq bölgədə mövcudluğu ABŞ-a Yaxın Şərqdə hərbi-strateji varlığını davam etdirmək imkanı verir. Eyni zamanda ABŞ-ın İsrailə verdiyi siyasi, diplomatik, hərbi və maliyyə dəstəyi İsrailin bölgədə təhlükəsizlik və mövcudluq strategiyasının əsas dayaqlarından biridir. Bu münasibət qarşılıqlı asılılıq üzərində qurulub.
Bununla belə, müharibələrin gedişatı, müddəti, istifadə edilən silah növləri, yerüstü əməliyyatların aparılıb-aparılmaması və münaqişənin hansı mərhələdə dayandırılması kimi detallarda ABŞ və İsrail arasında fikir ayrılıqları yarana bilir. Bu fərqlər strateji ittifaqı pozmur, lakin taktiki səviyyədə ciddi müzakirə mövzusu olur.
Son dövrdə baş verən və təxminən on iki gün davam edən qarşıdurma zamanı ABŞ-ın İran ərazisinə endirdiyi hərbi zərbələr və bu zərbələrin İranın nüvə infrastrukturu ilə bağlı olduğu barədə açıqlamalar diqqət çəkdi. İran tərəfi isə bu məsələyə kifayət qədər səssiz və ölçülü reaksiya verdi; nə obyektlərin tamamilə dağıdıldığını təsdiqlədi, nə də bunu açıq şəkildə təkzib etdi. Bu susqunluq Tehranın vəziyyəti daha da eskalasiya etdirməmək niyyətindən xəbər verirdi.
Həmin on iki günlük qarşıdurma dövründə İsrail və İran qarşılıqlı şəkildə ciddi zərbələr endirdi. Zərbələrin intensivliyi müəyyən mərhələdə elə bir həddə çatdı ki, ABŞ-ın prosesə birbaşa müdaxiləsi qaçılmaz oldu. Bundan sonra tərəflər daha çox öz daxili imkanlarını bərpa etməyə, hərbi və təhlükəsizlik sistemlərində yaranmış boşluqları doldurmağa fokuslandılar. İran xüsusilə hərbi-sənaye kompleksinin yenidən qurulması və zəif nöqtələrin möhkəmləndirilməsi istiqamətində hərəkət etdiyini nümayiş etdirdi”.
Politoloq qeyd edib ki, məhz bu mərhələ İsraildə ciddi narahatlıq doğurur:
“İsrail İranın bu cür “sakit bərpa” və hazırlıq prosesini potensial təhlükə kimi görür və hər ehtimala qarşı özünü sığortalamaq istəyir:
İsrail anlayır ki, İran ABŞ-a birbaşa zərbə endirmək imkanına malik deyil, lakin İsrail İran üçün daha əlçatan hədəfdir. Bu səbəbdən Tel-Əviv Vaşinqtonu İrana qarşı daha sərt mövqe tutmağa və hətta mümkün hərbi müdaxiləyə təşviq etməyə çalışır.
Lakin burada ABŞ-ın mövqeyi daha praqmatikdir. Donald Tramp iqtisadi imperativlər üzərində düşünən, müharibədən çox iqtisadi qazancı və sistemli üstünlükləri önə çıxaran bir liderdir. Onun əsas hədəfi istər Yaxın Şərqdə, istər Qafqazda, istərsə də Ukrayna istiqamətində ABŞ üçün uzunmüddətli maliyyə və siyasi dividendlər gətirəcək modellər qurmaqdır. Bu baxımdan yeni, genişmiqyaslı və davamlı bir müharibənin başlanması ehtimalı yüksək görünmür.
Proseslərin daha çox lokal səviyyədə, məhdud hərbi əməliyyatlar və seçici zərbələr formasında davam etməsi ehtimalı daha realdır. ABŞ maksimum halda yenə də İsrailin yanında dayanaraq aviazərbələr, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat dəstəyi ilə prosesdə iştirak edə bilər. Ancaq Vaşinqtonun İrana qarşı uzunmüddətli, birbaşa və genişmiqyaslı müharibəyə girməsi hazırkı mərhələdə real ssenari kimi görünmür”.
Mehin Mehmanqızı