Ağdamdan dünyaya və ermənilərə verilən mesajlar - ŞƏRH
Aktual
205
16:37, Bu gün

Ağdamdan dünyaya və ermənilərə verilən mesajlar - ŞƏRH

Ali Baş Komandan  İlham Əliyev dekabrın 24-də  Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində bir çox mühüm məsələlərə toxundu. Prezident qeyd etdi ki, Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər.
Bəs ATƏT-in Minsk qrupunun illərlə nəticəsiz fəaliyyəti işğalın uzadılmasına necə xidmət edib?Minsk qrupunun ləğvi regionda sülh prosesinə hansı təsirləri göstərəcək?
Moderator.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda ikinci yaşayış kompleksinin açılışı zamanı vətəndaşlarla görüşündə bir sıra mühüm məqamlara toxunub. Deputatın sözlərinə görə, Prezidentin çıxışı, əslində, tarixi yaddaşımıza və Qarabağ müharibəsinin tarixinə bir ekskursiya idi.
 
“Bütün  sualların cavabı Prezident İlham Əliyevin nitqində aydın şəkildə ifadə olundu. Prezident tarixi yaddaşın bütövlüyü naminə münaqişənin keçdiyi yolu bir daha xatırladaraq yalnız Ermənistanla müharibə aparmadığımızı diqqətə çatdırdı. Eyni zamanda, Ermənistan tərəfindən dolayısı ilə Azərbaycana qarşı aparılan bu müharibədə iştirak edən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların mövqeyi və davranışları da bir daha xatırladıldı. Prezidentin çıxışından aydın oldu ki, Azərbaycan torpaqları yalnız Ermənistan və erməni separatçıları tərəfindən deyil, eyni zamanda “dünya erməni birliyi”nin, eləcə də Ermənistanın arxasında dayanan böyük dövlətlərin dəstəyi ilə işğal olunub. Məhz bu qüvvələr münaqişənin uzanmasında, 30 ildən artıq davam etməsində əsas rol oynayıb. Bu prosesdə ATƏT və xüsusilə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər, həmçinin Ermənistanın güclənməsində maraqlı olan islamofob mərkəzlər də xüsusi yer tutub. Bütün bu amillər nəticə etibarilə torpaqlarımızın 30 il işğal altında qalmasına səbəb olub”,- deyə millət vəkili vurğulayıb.
 
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında isə 44 günlük Vətən müharibəsində Azərbaycanın təkcə Ermənistanla deyil, məhz bu güclərlə də necə mübarizə apardığı və tarixi Zəfəri hansı şərtlər daxilində qazandığı bir daha aydın şəkildə ortaya qoyuldu:
 
“Eyni zamanda, torpaqlarımızın bir daha işğal olunmaması üçün tarixi yaddaşın qorunmasının nə qədər vacib olduğu xüsusi olaraq izah edildi. Bu gün də Ermənistanın havadarları tərəfindən müxtəlif təxribatlar davam etdirilir. ATƏT Parlament Assambleyasında reallıqları əks etdirməyən qətnamələrin qəbul edilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə “strateji gündəm” adlı sənəd imzalayarkən yenidən Azərbaycanı hədəf göstərməsi bunu açıq şəkildə sübut edir. Nüharibə hazırda aktiv fazada olmasa da, passiv formada davam edir. Azərbaycan cəmiyyəti erməni vəhşətini,  erməni cinayətlərini daim tarixi yaddaşında canlı saxlamalıdır ki, gələcəkdə bu kimi faciələr bir daha təkrarlanmasın”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər