Moskva Ermənistanda planlarını işə salır – Putin Paşinyanla məxfi razılaşma əldə edəcək?
Aktual
5799
13:11, Bu gün

Moskva Ermənistanda planlarını işə salır – Putin Paşinyanla məxfi razılaşma əldə edəcək?

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının iclasından əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş zamanı hansı məsələlərin müzakirə olunduğu ilə bağlı təfərrüatlar açıqlanmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. “Çoxtərəfli tədbirdən (MDB-nin qeyri-rəsmi sammitindən) sonra Putin Ermənistan Baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”, - Kremlin nümayəndəsi qeyd edib.
Avropanın Ermənistanda seçkilərə hazırlıq prosesində aktivləşdiyi bir mərhələdə Vladimir Putinin Nikol Paşinyana əsas mesajı nə ola bilər?  Görüşdən sonra Ermənistanın xarici siyasətində balans kursunun dəyişməsi gözlənilirmi, yoxsa bu, yalnız zaman qazanmaq cəhdidir? Bu görüş Rusiyanın Ermənistana verdiyi “son siyasi kredit” kimi dəyərləndirilə bilərmi? 
Moderator.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Vladimir Putinin Avrasiya İqtisadi Şurasının iclası ərəfəsində Nikol Paşinyanla keçirdiyi görüş təbii olaraq zamanlama və siyasi kontekst baxımından diqqət çəkir. Onun sözlərinə görə,  Avropanın Ermənistanda seçkilərə hazırlıq prosesində aktivləşdiyi, Qərb institutlarının siyasi və ictimai müstəvidə təsir imkanlarını genişləndirməyə çalışdığı bir mərhələdə bu görüş təsadüfi sayıla bilməz:
 
“Görüş zamanı konkret mövzular açıqlanmasa da, Putinin Paşinyana verdiyi əsas mesajın mahiyyəti aydındır: Ermənistan Qərblə münasibətləri genişləndirə bilər, lakin bu proses Rusiyanın regiondakı strateji maraqlarını və təhlükəsizlik arxitekturasını açıq şəkildə təhdid edən mərhələyə keçməməlidir. Moskva üçün əsas qırmızı xətlər Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsindəki öhdəliklərinin sual altına alınması, eləcə də ölkənin Rusiyaya qarşı geosiyasi platformaya çevrilməsidir.
Paşinyanın son illərdə yürüdüyü xarici siyasət xətti kəskin geosiyasi dönüşdən çox, balans və zaman qazanmaq üzərində qurulub ki, bu da təbiidir. Bir tərəfdən Qərbə yaxınlaşma cəhdləri daxili siyasi legitimlik, maliyyə dəstəyi və təhlükəsizlik alternativləri axtarışı ilə izah olunur. Digər tərəfdən isə Ermənistanın Rusiya ilə dərin iqtisadi, enerji və təhlükəsizlik asılılığı bu əlaqələrin birdən-birə qoparılmasını mümkünsüz edir. Bu baxımdan Putin–Paşinyan görüşündən sonra Ermənistanın xarici siyasətində köklü dəyişiklik gözləmək real deyil. Daha çox Moskvaya qarşı ritorikanın yumşaldılması və balans siyasətinin müvəqqəti korrektəsi ehtimalı var”.
 
Politoloq hesab edir ki, bu görüşü Rusiyanın Paşinyana verdiyi “son siyasi kredit” kimi qiymətləndirmək qismən doğru olsa da, tam mənada yekun qərar kimi dəyərləndirmək çətindir:
 
“Moskva Paşinyanı ideal tərəfdaş hesab etməsə də, onu hələ ki, idarəolunan və daha az riskli fiqur kimi görür. Ermənitsanın Rusiyanın sanksiyalardan yayınması üçün göstərdiyi fəlaiyyət və reeksportda oynadığı rol buna əyani misaldır. Odur ki, indiki görüşü daha çox, Rusiyanın səbrinin məhdud olduğunu xatırladan və Paşinyana açıq xəbərdarlıq xarakteri daşıyan bir siyasi jest kimi qiymətləndirmək olar. Yəni söhbət son şansdan deyil, şərtli etimadın uzadılmasından gedir.
Bununla yanaşı, Moskvanın Ermənistanda alternativ planları da mövcuddur və bu planlar uzun müddətdir gündəmdədir. Bunlara Ermənistan daxilində yeni siyasi fiqurların və ya köhnə elitanın yenidən aktivləşdirilməsi, iqtisadi rıçaqların, xüsusilə də enerji və miqrasiya mexanizmlərinin daha sərt şəkildə tətbiqi, eləcə də təhlükəsizlik sahəsində dəstəyin selektiv zəiflədilməsi daxildir. Moskva üçün əsas məqsəd konkret şəxsi deyil, ümumi siyasi sistemi və qərar qəbuletmə proseslərini nəzarətdə saxlamaqdır.
Ümumiləşdirərək deyə bilərik ki, Putin–Paşinyan görüşü Ermənistanın xarici siyasət kursunu dəyişmir, lakin bu kursun hərəkət sərhədlərini bir daha xatırladır. Ermənistan hələlik nə Qərbə tam inteqrasiya etməyə, nə də Rusiyadan qəti şəkildə uzaqlaşmağa hazır deyil. Məhz bu qeyri-müəyyən balans siyasəti Moskvanın əsas narahatlıq mənbəyi olaraq qaldığından Putin ara-sıra bu narahatlığını Paşinyana çatdırmaq ehtiyacı duyur”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər