Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən iki dəmir yolu xəttinin bərpa edilməsini xahiş edib. Paşinyan Azərbaycan istiqamətində Arazdəyən (Yerasx) və Türkiyə istiqamətində Türk Qarakilsəsi dəmiryolu xətlərinin bərpası üçün müraciət edib. Yaxın gələcəkdə Rusiyadan Qazax-İcevan dəmir yolunun Ermənistan hissəsinin bərpa edilməsini də xahiş etmək niyyətindədir.
Bu barədə Moderator.az-a danışan Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib ki,
Paşinyanın Rusiya qarşısında dəmir yolu xətlərinin bərpası ilə bağlı müraciətini anlamaq üçün ilk növbədə Ermənistan dəmir yollarının statusuna diqqət yetirmək lazımdır:
“Ermənistan Dəmir Yolları nə Sovet dövründə, nə də ondan sonra müstəqil və suveren bir nəqliyyat şəbəkəsi olmayıb. SSRİ dövründə Ermənistan ərazisindən keçən dəmir yolu xətləri Cənubi Qafqaz (Zaqafqaziya) Dəmir Yolları sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərib və bu şəbəkə mərkəzləşdirilmiş şəkildə idarə olunub. Azərbaycanın əsas ərazisini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, indiki Zəngəzur dəhlizi coğrafiyasından keçən dəmir yolu isə hüquqi və inzibati baxımdan Azərbaycan Dəmir Yollarına tabe olub. Bu fərq prinsipial xarakter daşıyır və bu gün də aktualdır.
SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz Dəmir Yollarının Ermənistan seqmenti faktiki olaraq Rusiya Dəmir Yollarının tabeliyində saxlanıldı və bu, Ermənistanın nəqliyyat suverenliyinin məhdudlaşmasının açıq göstəricisinə çevrildi. Məhz bu səbəbdən Paşinyanın bu gün Rusiya qarşısında Arazdəyən–Yerasx, Türk Qarakilsəsi və perspektivdə Qazax–İcevan xətlərinin bərpası ilə bağlı müraciəti yeni bir reallıq yaratmır, sadəcə mövcud asılılıq modelini yenidən aktivləşdirməyə yönəlir. Bununla belə, eyni yanaşmanı Zəngəzurdan keçən dəmir yolu hissəsinə tətbiq etmək hazırkı mərhələdə hüquqi baxımdan mümkün deyil. Çünki söhbət artıq Ermənistanın daxili dəmir yolu şəbəkəsindən deyil, beynəlxalq tranzit və dövlətlərin suveren hüquqları ilə bağlı kommunikasiya xəttindən gedir”.
Millət vəkili vurğulayıb ki, məhz bu nöqtədə Ermənistanın mümkün manevr planları ortaya çıxır:
“İstisna deyil ki, İrəvan Rusiya ilə yeni bir müqavilə bağlayaraq Zəngəzurdan keçəcək dəmir yolunun inşasını və istismarını Rusiya Dəmir Yollarına həvalə etməyə çalışsın. Paralel olaraq avtomobil yolunun ABŞ-nin iştirakı ilə yaradılan ortaq şirkət vasitəsilə idarə olunması variantı gündəmə gətirilə bilər. Bu yanaşma Paşinyanın klassik balans siyasətinin növbəti nümunəsidir: bir tərəfdən Rusiyanı prosesdən kənarlaşdırmamaq, digər tərəfdən isə Qərbə “alternativ iştirak” görüntüsü vermək.
Lakin bu balans siyasəti mahiyyət etibarilə ziddiyyətlidir. Görünən odur ki, Paşinyan eyni vaxtda həm Moskvanı, həm də Qərbi razı salacaq mexanizm axtarır, amma praktikada bunun əksi baş verir. Avropa İttifaqı ilə koordinasiya görüntüsü altında ABŞ-nin regionda real təsir imkanlarını zəiflədən addımlar atılır, Vaşinqtonun təşəbbüsləri dolayısı ilə sabotaj edilir. Bu isə Ermənistanın nə müstəqil tranzit ölkəyə çevrilməsinə, nə də regional etimadın formalaşmasına xidmət edir”.
Millət vəkili Ermənistanın Azərbaycandan neft və neft məhsulları almağa davam etməsi sırf iqtisadi deyil, həm də logistika məcburiyyətindən doğan seçim olduğuna diqqət çəkib:
“Dəmir yolu xətlərinin bərpası bu asılılığı daha da institusionallaşdıra bilər. Rusiya isə bu layihələri regionda təsirini qorumaq və Ermənistan üzərində nəzarət mexanizmlərini dərinləşdirmək üçün əlverişli alət kimi görür. Nəticə etibarilə, Paşinyanın müraciətləri Ermənistanın regional kommunikasiyalara açılması istiqamətində strateji dönüşdən daha çox, böyük güclər arasında manevr etmək cəhdidir və bu cəhdlər uzunmüddətli perspektivdə Ermənistanın suverenliyini möhkəmləndirməkdən çox, onu yeni “balanslı asılılığa” sürükləyir”.
Mehin Mehmanqızı