Paşinyanın təklifi Kremlin masasında: Rusiyanın cavabı nə olacaq?
Aktual
9959
15:13, Bu gün

Paşinyanın təklifi Kremlin masasında: Rusiyanın cavabı nə olacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.
"Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünün başlanmasını alqışlayıb. Qeyd edək ki, Baş nazir Rusiya tərəfindən iki dəmir yolu xəttinin bərpa edilməsini xahiş edib. Paşinyan Azərbaycan istiqamətində Arazdəyən (Yerasx) və Türkiyə istiqamətində Türk Qarakilsəsi dəmiryolu xətlərinin bərpası üçün müraciət edib. Yaxın gələcəkdə Rusiyadan Qazax-İcevan dəmir yolunun Ermənistan hissəsinin bərpa edilməsini də xahiş etmək niyyətindədir. 
 
Bəs bu müraciətin arxasında hansı əsas səbəblər dayanır və layihələrin reallaşma ehtimalı nə qədərdir? Rusiya bu dəmir yolu layihələrini öz regional təsirini qorumaq üçün alətə çevirə bilərmi? 
Bununla bağlı Moderator.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya tərəfinə dəmir yollarının bərpası ilə bağlı müraciəti anlaşılandır. Onun sözlərinə görə, Ermənistanın dəmir yolu şəbəkəsi hazırda Rusiya Dəmir Yollarının idarəçiliyindədir:
 
“Paşinyan bu çərçivədə Rusiyadan üç istiqamət üzrə dəmir yolu xətlərinin bərpasını xahiş etməyi planlaşdırır: Azərbaycan istiqamətində Arazdəyən (Yerasx) xətti, Türkiyə ilə sərhəd istiqaməti və Qazax–İcevan dəmir yolu xətti. Bu layihələrdə Zəngəzur dəhlizi kənarda saxlanılır. Çünki sözügedən marşrutun ABŞ-ın dəstəyi ilə, “Tramp marşrutu” kimi ayrıca formatda reallaşdırılması nəzərdə tutulur. Bu baxımdan hesab edirəm ki, Rusiya Paşinyanın müraciətini yerinə yetirəcək. Çünki bərpa olunacaq dəmir yolları Rusiyanın balansında qalacaq. Əgər Rusiya bu addımı atmasa, bu, müəyyən mənada Ermənistanın da maraqlarına uyğun ola bilər. Belə olan halda,  Ermənistan alternativ variantlar taparaq dəmir yollarını özü bərpa edib istismar edə bilər ki, bu da Rusiyanın regiondakı imkanlarını azaldar. Dəmir yollarının bərpası və onların Rusiyanın balansında qalması Moskvanın bölgədə təsir imkanlarını qoruması baxımından olduqca vacibdir”
 
Politoloq həmçinin Ermənistanın Azərbaycandan neft məhsulları idxalını davam etdirib-etdirməyəcəyinə də münasibət bildirib:
 
“Ermənistan bu məsələdə maraqlıdır və enerji siyasətini şaxələndirmək, alternativ mənbələr tapmaq niyyətindədir”.
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər