Dünyada tuğyan edən virus  - Azərbaycan üçün təhlükə qapıda
Aktual
601
12:55, Bu gün

Dünyada tuğyan edən virus  - Azərbaycan üçün təhlükə qapıda

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri "Honkonq qripi" kimi tanınan A(H3N2) virusunun sürətlə yayıldığını təsbit edirlər. Bu barədə ÜST-ün Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın açıqlamasında deyilir.
Onun sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində aşkarlanıb:
"Şimal yarımkürəsində qış mövsümünün başlaması ilə qrip və digər tənəffüs yolu virusları ilə yoluxma hallarında artım müşahidə olunur. Bununla belə, qripə yoluxmanın qlobal səviyyəsi bu mövsümdə hələ gözlənilən diapazondadır".
A(H3N2) virusu ilk dəfə Avstraliya və Yeni Zelandiyada qeydə alınıb.
 
Bəs,həqiqətən narahatlığa səbəb varmı? Azərbaycanda onun yayılma ehtimalı nə qədərdir və hansı əlamətlərə diqqət etmək lazımdır?
 
Moderator.az-a danışan tibb sahəsi üzrə ekspert Rasif Bağırov deyib ki, “Honkonq qripi” klinik əlamətləri baxımından adi qriplərdən fərqlənmir:
 
“Xəstələrdə burun axması, öskürək, əzələ və sümük ağrıları kimi əlamətlər müşahidə olunur. Amma onun yoluxuculuğu çox yüksəkdir. Bu xəstəlik əvvəllər əsasən Çində və Honkonqda müşahidə olunub, lakin indi virusda müəyyən mutasiyalar yaranıb. Məsələn, koronavirus kimi, bu virus da zamanla mutasiya edir və təsiri zəifləyə bilər. “Honkonq qripi” ölümcül deyil, lakin yoluxma sürətli olduğundan əhali arasında geniş yayılırsa, insanların iş qabiliyyətinə təsir edərək ölkə iqtisadiyyatına müəyyən qədər təsir göstərə bilər. Həyat üçün təhlükə isə əsasən ürək-damar xəstəlikləri, xroniki ağciyər xəstəlikləri və digər xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur. Xüsusilə ürək-damar xəstəlikləri olan və ya 65 yaşdan yuxarı şəxslərdə xəstəlik daha ağır keçə bilər. Cavan adamlarda isə ciddi problem yaranmır.
Mövsümi peyvəndlərin tərkibində “Honkonq qripi” virusunun vaksini də var. Peyvənd olunan şəxslər yoluxma riskini azaldır, ona görə də peyvəndlənmək faydalıdır. Azərbaycana virusun gələ biləcəyi ehtimalı mövcuddur, çünki ölkəmizdə Çinlə sıx əlaqələr var. Virus əsasən hava-damcı yolu ilə yayıldığından, xəstə insanlarla yaxın kontaktdan çəkinmək, maska istifadə etmək və gigiyena qaydalarına riayət etmək yoluxmanın qarşısını almağa kömək edir. "Honkonq qripi" Azərbaycanda da yayıla bilər və bəlkə artıq ölkəyə daxil olub, sadəcə xəbərimiz yoxdur”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər