Bildiyimiz kimi, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanılmış hesab edilir.
Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Lakin əmək münasibətlərində bu müddəaların tətbiqi bəzən müxtəlif suallar yaradır. Əmək müqaviləsinin müddətinin hansı hallarda düzgün müəyyənləşdirildiyi, 47(f) maddəsindən istifadə zamanı yaranan mübahisəli məqamlar və işəgötürən–işçi münasibətlərində balansın necə qorunduğu məsələsi xüsusilə diqqət çəkir.
Məhz bu nüanslara aydınlıq gətirmək üçün iqtisadçı Rauf Qarayev mövzuya münasibət bildirib.
Moderator.az-a danışan iqtisadçı qeyd edib ki, işəgötürən burada üstün tərəfdir:
“Baxmayaraq ki, Konstitusiya Məhkəməsi bu maddəni şərh edərkən hüquq bərabərliyini qeyd edir, bir çox işəgötürənlər 3 aylıq müqaviləni 47(f)-ə əsaslanaraq bağlayırlar. Məsələn, HR menecer öz şöbəsinə götürdüyü işçi ilə müddətsiz müqavilə bağladığı halda, mühasib işə götürüldükdə 47(f) ilə qəbul edilir. Halbuki işin prinsipi qabaqcadan məlumdur. Bu halda 47(f)-lə işə götürmək yersizdir. 47(f)-in əsas məqsədi hamıya eyni yanaşmanın tətbiq olunması deməkdir. Yəni işəgötürən işçi götürərkən 47(f)-dən istifadə edirsə, bu, digər işə alınan işçilərə də şamil olunmalıdır. Məsələ o vaxt mübahisə doğurur ki, işçi işəgötürəndən şikayət edir. Digər hallarda isə bu, qapalı qalır. O halda da yenə işəgötürən üstün mövqedə olur. Səbəb artıq işçinin işəgötürənlərin “qara siyahısı”na düşməsidir. İşçi daim özünü qorumağa məcbur qalır.
Burada Əmək Məcəlləsində bir həftə əvvəl xəbərdarlıq məsələsinin əlavə edilməsi də işi tam həll etmir. Hesab edək ki, işçinin müqaviləsi dekabrın 8-də bitir, ona müqavilənin uzadılmaması ilə bağlı dekabrın 1-də rəsmi xəbərdarlıq göndərilir. Bu halda səbəb açıq şəkildə qeyd olunmalıdır. Səbəb göstərilirmi? Yoxsa sadəcə “mən səninlə işləmək istəmirəm” yanaşmasıdır? Qeyd edim ki, hətta işə alınmamışdan əvvəl də namizədə eyni münasibət göstərilir.
Burada nəzarət funksiyası Əmək Müfəttişliyi tərəfindən həyata keçirilir. Lakin qurum məsələyə yalnız şikayət daxil olduqda baxır. Şikayətin necə təmin edildiyi isə çoxlu suallar yaradır".
Mehin Mehmanqızı