Alimentlə əlaqədar işçinin əməkhaqqında tutulmaya dair norma müəyyənləşib. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Əmək Məcəlləsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
Dəyişikliyə əsasən, sonuncu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz. Başqa sözlə, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.
Yeni qaydalar alimentin ödənişini daha təminatlı etsə də, boşanmaların sayının artdığı bir dövrdə bu dəyişikliklər ailələrin dağılmasının qarşısını almağa, boşanmaların sayını azaltmağa təsir göstərəcəkmi?
Moderator.az-a danışan sosioloq Naib Niftəliyev deyib ki, aliment məbləğinin həmin alimenti ödəyən şəxsin maaşının 70 faizindən çox olmaması ilə bağlı qəbul edilən dəyişiklik məqsədəuyğundur:
“Əgər valideynin əmək haqqı 70 faizi aliment ödəndikdən sonra onun özünə çatan məbləğ yaşayış minimumundan aşağıdırsa, həmin vətəndaşın özü üçün ünvanlı sosial yardım yönəldilməlidir. Qanunvericilik bu istiqamətdə dəyişsə, daha məqsədəuyğun olar. Əks halda, bu, təzyiq və kənar təsir amili olaraq qalır.
Adətən alimentlə bağlı dəyişikliklərdən sonra məcburi xarakter daşıması proseduru tətbiq olunur. Çox vaxt qarşı tərəf bunu bilərək boşanmağa bəhanə axtarır və əksər hallarda belə hallar xanımlar tərəfindən edilir. Kişilər nadir hallarda boşanmaq üçün müraciət edirlər. Aliment tələb edən tərəf də təbii ki, xanımlardır.
Ailələrin sosial təminatı məsələsi ilə bağlı ünvanlı sosial yardım tədbirləri, uşaq pulunun verilməsi və digər oxşar faktorlar nəzərə alınmalıdır. 70 faiz tələbi optimaldır, amma tamamlayıcı faktorlar nəzərə alınsa, daha yaxşı olar.
Məsələn, vətəndaş 700 manat maaş alırsa, bu məbləğ bir nəfərin yaşayış minimumundan bir qədər artıqdır. Əgər üç övladı varsa və onun 70 faizini aliment üçün ödəyirsə, bu kifayət qədər çoxdur. Burada şərtlər və təsnifatlarla bağlı detallı işləmələr vacibdir və qanunvericilikdə bu məqamların nəzərə alınmalıdır”.
Sosioloq əlavə edib ki, bu istiqamətdə mediasiya qurumlarının təsiri ilə ailələrdə barışın artırılması, Azərbaycan ailə modelinin müsbət dəyərlərinin qorunması və modernləşdirilməsi, həmçinin ailə siyasəti və sosial müdafiə tədbirlərinin gücləndirilməsi vacibdir:
“Bu istiqamətdə konseptual yanaşmalar və prinsipial sosial siyasət hədəflərinin icrasına ehtiyac var. Dövlət müəyyən addımlar atır, amma ictimai rəy göstərir ki, boşanmalara qarşı ictimai təzyiq zəifləyib.
Həm qadın, həm kişi kənar təsirlərə qarşı daha müdafiəsiz olur, çünki onların əsas müdafiə obyekti ailədir və bu istiqamətdə fəaliyyət qurulmalıdır. Aliment cəza vasitəsi olmamalıdır. Aliment ödənişi çəkindirici vasitə kimi nəzərdə tutula bilər, amma əsas məqsəd övladların saxlanmasını təmin etməkdir. İnsan başa düşməlidir ki, övlad dünyaya gətirilib və aliment vasitəsilə onların ehtiyacları ödənməlidir. Hər hansı şəxsin alimenti sui-istifadə etməsi qarşısını almaq üçün hüquqi, psixoloji və digər mexanizmlər tətbiq edilməlidir ki, aliment vasitəsi sui- istifadə alətinə çevrilməsin”.
Mehin Mehmanqızı