Xətai rayonu, Nəsrəddin Tusi küçəsinin sakinləri ərazidə aparılan tikinti işlərindən narazıdır.
Moderator.az-a daxil olan şikayətə görə, Şərur MTK tərəfindən gecə-gündüz demədən, tikinti işləri aparılır.
Sakinlər deyir ki, ağır texnikalar gecə saatlarında da işləyir. Ərazidə yaşayan sakinlər saatlarla davam edən səs-küy səbəbindən evlərində istirahət edə bilmirlər. İstirahət və bayram günləri də eyni hal yaşanır.
Bundan əlavə, tikinti zamanı həm əmək təhlükəsizliyi qaydalarının pozulması, həm də ətraf sakinlərin istirahət hüququnun kobud şəkildə tapdanması halları qeydə alınır.
Şikayətçilərin sözlərinə görə, tikinti ərazisində təhlükəsizlik normalarına əməl olunmur, ustalar təhlükəli şəraitdə işlədilir və xəbərdarlıq lövhələri yoxdur.
Sakinlər dəfələrlə müraciət etsələr də, vəziyyət dəyişməyib və aidiyyəti qurumları məsələni araşdırmağa, təhlükəsizliklə bağlı tədbirlər görməyə çağırırlar.
Səs-küy salaraq sakinlərin istirahət hüququnu pozan tikinti şirkətlərini hansı inzibati cəzalar gözləyir? Qanun bu halları necə tənzimləyir?
Məsələ ilə bağlı Moderator.az-a danışan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Eminli Rusif Novruz oğlu deyib ki, qeyd olunan məsələ Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənir:
“Belə ki, milli qanunvericiliyə əsasən tikinti işləri zamanı səs-küy salmaqla sakinlərin istirahət hüququnun pozulması inzibati məsuliyyət yaradır. Gecə vaxtı, yəni saat 24:00-dan 07:00-dək səs-küy salmaq qadağandır və bu qaydanı pozan hüquqi şəxslər 2.000-2.500 manat, vəzifəli şəxslər isə 2.000-2.500 manat cərimə edilir.
Bununla yanaşı “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsini Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 71 nömrəli qərarına uyğun olaraq tikinti və tikinti-bərpa işləri adi günlərdə yalnız saat 09:00-dan 18:00-dək, bazar və bayram günlərində isə saat 10:00-dan 14:00-dək aparıla bilər; bu vaxtlardan kənar tikinti işləri aparılması qadağandır. Beləliklə, gecə saatlarında və bayram günlərində müəyyən olunmuş saatlardan kənar tikinti işləri aparmaq qanunla qadağandır və pozuntu hallarında inzibati cəza tətbiq olunur”.
Mehin Mehmanqızı