Sağlam qidalanma trendi fonunda quru meyvələrə olan maraq xeyli artıb. Mütəxəssislər deyirlər ki, quru meyvələr insan sağlamlığı üçün həm də ciddi risk yarada bilər. Bu səbəbdən quru meyvələr seçilərkən və istehlak olunarkən diqqətli olmaq vacibdir.
Quru meyvələrin təhlükəli hala gəlməsinə hansı faktorlar səbəb olur və istehlakçılar bu məhsulları seçərkən nələrə diqqət etməlidirlər?
Moderator.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yüksək qidalılıq dəyərinə və zəngin tərkibinə görə quru meyvələr sağlam qidalanmanın vazkeçilməz məhsullarındandır:
“Onların faydasından yararlanmaq üçün ilk növbədə məhsulun mənşəyinin bəlli olmasına və təzə olmasına diqqət edilməlidir. Çünki quru meyvələr düzgün şəraitdə saxlanılmadıqda ən ciddi təhlükələrdən biri olan aflatoksin riski yarana bilər. Bu maddə kiflənmə nəticəsində əmələ gəlir, qaraciyər üçün kanserogen təsir göstərir və daxili orqanların fəaliyyətini pozur. Xüsusilə nəmlik dərəcəsi yüksək saxlanılan kişmiş, ərik, qoz, fındıq, badam və əncirdə bu problem daha çox müşahidə olunur.
Əksər hallarda quru meyvələr ayrı-ayrılıqda saxlanılmalıdır, lakin bəzən onları qarışıq halda hazırlayıb satışa çıxarırlar. Bu zaman məhsullar birlikdə daha tez xarab olur, kif əmələ gəlmə riski artır. Buna görə istehlakçılar diqqətli olmalıdır.
Digər məsələ isə bəzi satıcıların quru meyvələrin daha parlaq və cəlbedici görünməsi üçün kimyəvi maddələrdən, xüsusilə də "kükürdləmə" prosesindən istifadə etməsidir. Bu isə bronx və tənəffüs yollarında həssaslıq olan insanlarda ciddi reaksiyalara səbəb ola bilər. Belə şəxslər kimyəvi müdaxilə edilmədən təbii şəkildə qurudulan məhsullara üstünlük verməlidirlər.
Bundan başqa, quru meyvələrin çox vaxt açıq şəkildə satılması onları fiziki çirklənməyə məruz qoyur. Toz, həşərat, qeyri-sanitar şəraitdə qurutma halları tez-tez rast gəlinir. Bəzi insanlar isə bu məhsulları yuyulmamış şəkildə istehlak etdiklərinə görə zəhərlənmə və həzm pozuntuları ilə qarşılaşa bilirlər. Buna görə quru meyvələrdən istifadə etməzdən əvvəl onların yuyulması vacibdir”.
Qida mütəxəssisi qeyd edib ki, əgər quru meyvələrin hazırlanmasında keyfiyyətsiz xammaldan istifadə olunubsa, onların tərkibində müxtəlif kimyəvi maddələrin qalıqları qalması mümkündür ki, bu da insan sağlamlığı üçün ciddi zərər yarada bilər:
“Bu baxımdan belə məhsulları alarkən daha çox düzgün emal olunmuş, paketlənmiş və etibarlı mənbədən əldə edilmiş məhsullara üstünlük verilməlidir. Paketlərin üzərində istehsal tarixi, son istifadə müddəti, saxlama şərtləri və əgər məhsul idxal olunubsa, mənşə ölkəsi mütləq göstərilməlidir. Tərkibində GMO olub-olmaması, kimyəvi maddələrin istifadəsi ilə bağlı qeydiyyat xüsusilə allergiyaya meyilli insanlar üçün çox önəmlidir.
Məhsulun görünüşünə də diqqət yetirilməlidir: quru meyvələrin üzərində ləkələr, xallar, kifə bənzər izlər varsa, bu, keyfiyyətsizliyə işarədir. Qərzəkli meyvələr – badam, qoz, fındıq – təzə, parlaq rəngdə olmalı, qabığı ovulmuş, solğun görünməməlidir. Əgər dadına baxarkən ağızda acılıq, köhnə yağ dadı gəlirsə, bu, məhsulun xarab olduğunu göstərir. Həmçinin məhsuldan dərman və ya kimyəvi maddə qoxusuna bənzər kəskin qoxu gəlirsə, bu da kimyəvi müdaxilənin göstəricisidir.
Eyni zamanda quru meyvələrin ev şəraitində düzgün saxlanılması da vacibdir. Onlar sərin, qaranlıq, quru və günəş şüalarından uzaq yerdə saxlanılmalıdır. Məhsulların qarışıq şəkildə deyil, ayrı-ayrılıqda saxlanılması məqsədəuyğundur. Ən ideal saxlama qabları şüşə və ya hava keçirməyən konteynerlərdir. Bu, məhsulun keyfiyyətini daha uzun müddət qorumağa kömək edir”.
Mehin Mehmanqızı