Demoqrafik uçurumun bir addımlığında:
Aktual
451
14:05, Bu gün

Demoqrafik uçurumun bir addımlığında: "Millət olaraq tarix səhnəsindən silinə bilərik"

Ölkəmizdə doğum sayı azalır. Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72210 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşmüşdür. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Azərbaycanda doğum göstəriciləri niyə aşağı düşür? Yaxın bir neçə ildə ölkəmizi  demoqrafiq böhran gözləyə bilərmi?
Moderator.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda demoqrafik böhran əslində uzun illərdir davam edir və proses son 20-30 ildə daha da sürətlənib. Onun sözlərinə görə, statistika vəziyyətin nə qədər ciddi olduğunu açıq göstərir:
 
“80- 90-cı illərdə, sovet dövründə Azərbaycanda illik doğulan uşaqların sayı 200 minə yaxın idi. O vaxt əhali 7 milyon idi. Bu gün isə doğumların sayı cəmi 100 min civarındadır. Yəni uşaq doğumu 2 dəfədən çox azalıb. Bu, olduqca narahatedici rəqəmdir.
Bununla yanaşı, boşanmalar ən yüksək həddə çatıb – təxminən 50 faizdir. Bu, dünya üzrə ən yüksək göstəricilərdən sayılır. Evliliklərin sayı da son 10 ildə təxminən 40 faiz azalıb. Gənclər sosial-iqtisadi səbəblərə görə ailə qura bilmir. Mövcud ailələrdə isə uşaq sayı minimuma enib, artıq “bir uşaqlı model” geniş yayılıb. Vəziyyət ildən-ilə daha da pisləşir, çünki böhranı yaradan əsas səbəblər aradan qaldırılmayıb. Sosial-iqtisadi çətinliklər — yoxsulluq, işsizlik, evsizlik — evlilikləri azaldır, ailələrdə uşaq sayını aşağı salır. Normalda bir millətin özünü bərpa edə bilməsi üçün ailələrdə orta hesabla üç uşaq olmalıdır. Hazırda isə iki uşağı belə çətinliklə təmin edən ailələr var, bir uşaq isə azalma deməkdir. Bu dinamika davam edərsə, yaxın onilliklərdə millətin sayında ciddi geriləmə qaçılmaz olacaq”.
 
Sosioloq hesab edir ki, ölkədə əhalinin qocalması, gənclərin və uşaqların payının sürətlə azalması millətin həm fiziki, həm də mənəvi baxımdan deqradasiyasına yol açır. Bu millətin həm fiziki,həm mənəvi baxımdan yox olması deməkdir. Sosial-iqtisadi şərtlərin olmaması bu prosesi daha da gücləndirir:
 
“Dünya ölkələrinin əksərində bu problemi aradan qaldırmaq üçün geniş sosial dəstək proqramları mövcuddur. Bunlara ailələrin qorunması, uşaq pulu, birdəfəlik doğum haqqı, evlilik təşviqləri, çoxuşaqlı ailələr üçün əlavə güzəştlər, ev, torpaq və avtomobil təminatı daxildir. Məsələn, Ermənistanda aylıq uşaq pulu 220 manatdır, çoxuşaqlı ailələr üçün əlavə yardımlar mövcuddur. Azərbaycanda  uşaq doğumuna görə ödənilən məbləğ təxminən 500–600 manat civarındadır, yəni digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Bu səbəbdən gənclər evlənə bilmir, ev və iş problemi var, gəlirlik aşağıdır, mövcud ailələr isə bir uşaqlıqla kifayətlənir. Hazırda çoxuşaqlı ailə statusu altı uşaqdan başlayır, halbuki reallıq göstərir ki, üç uşaq artıq nadir hallarda təmin olunur. Bu meyarın üç uşağa endirilməsi və əlavə güzəştlərin verilməsi zəruridir.
Dolayı səbəblərdən biri də mənəvi deqradasiyadır. Təminatlı gənclər belə yalnız fərdi maraqlar və əyləncə üçün yaşayır, evlənməkdən və uşağa sahib olmaqdan imtina edirlər. Bu, ailə və mənəvi dəyərlərin çökməsi, insanların eqoistləşməsi deməkdir. Aztəminatlı qrup isə sosial-iqtisadi səbəblərdən uşaq sahibi olmaqdan imtina edir.
Nəticədə doğum göstəriciləri ildən-ilə pisləşir və həyəcan təbili çalmağın vaxtı artıq keçib — bu barədə 15 il öncə xəbərdarlıq edilmişdi, amma tədbir görülməyib. Doğum sayındakı kəskin azalma və əhali strukturunda yaranan dəyişikliklər artıq ciddi təhlükə mərhələsinə keçib və təcili tədbirlər görülməlidir. Problem ildən-ilə daha da kəskinləşir, amma nə dövlət qurumları, nə cəmiyyət, nə də ictimai institutlar bununla bağlı real narahatlıq göstərir. Heç bir sosial proqram irəli sürülmür. Proqnozlar isə çox narahatedicidir. Əgər bu templə davam etsə, yaxın onilliklərdə millətin həm fiziki, həm də mənəvi baxımdan tükənməsi mümkündür”.
 
 
Sosioloq vurğulayıb ki, vəziyyətdən çıxış üçün iki əsas istiqamət üzrə təcili addımlar atılmalıdır:
 
“Birinci istiqamət sosial dəstək paketləridir. Ailələrin qorunması, çoxuşaqlığın stimullaşdırılması üçün geniş proqramlar həyata keçirilməlidir. Dünya ölkələrinin əksəriyyəti bunu edir. Bizdə də belə mexanizmlər yaradılmalıdır: evlilik və doğuma görə maddi dəstək, çoxuşaqlı ailələr üçün xüsusi güzəştlər, mənzil və iş təminatında yardım. İkinci istiqamət mənəvi deqradasiyanın qarşısının alınmasıdır. Milli və ailə dəyərlərini zəiflədən təbliğat dayandırılmalı, gənclərimiz milli əsaslarla tərbiyə olunmalıdır. Ailə institutunun ən yüksək dəyər olduğu gənclərə aşılanmalıdır. Gənclərin normal iş və mənzil təminatı üçün təcili dəstək göstərilməlidir ki, sosial-iqtisadi səbəblər aradan qalxsın. Bu tədbirlər həyata keçirilmədiyindən vəziyyət ildən-ilə daha da pisləşir. Mən ehtimal edirəm ki, yaxın illərdə doğum göstəriciləri daha da aşağı düşəcək, genefondumuz məhv olacaq və demoqrafik fəlakət qaçılmaz olacaq. Belə davam etsə və tədbir görülməsə, yaxın onilliklərdə  bir millət olaraq tarix səhnəsindən silinə bilərik. Gec də olsa təbirlər görülməlidir. Azərbaycanın bu tədbirləri həyata keçirmək üçün kifayət qədər maliyyə resursu var. Strateji valyuta ehtiyatlarımız böyükdür, büdcəmiz imkan verir. Bizdən qat-qat kasıb ölkələr belə bu proqramları geniş tətbiq edir. Bizim isə imkanlarımız daha çoxdur. Rəsmi statistika faciənin yaxınlaşdığını açıq göstərir. Hər şey ortadadır, lakin tədbir görülmürsə, deməli, biz məhv olmağa hazırıq. Bu vəziyyət belə davam edə bilməz.Əgər ciddi dəyişikliklər və genişmiqyaslı proqramlar icra olunmasa, demoqrafik fəlakətin qarşısını almaq mümkün olmayacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər