Bizi sosial şəbəkələrdən izləyin:
Son vaxtlar ölkədə avtomobillərin qəfil alışması halları artıb. Sumqayıt şəhərində bir gündə iki avtomobil yanıb. İlk hadisə şəhərin Sahil küçəsində qeyd alınıb.Belə ki, Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Alim Sirac oğlu Nəzərliyə məxsus KIA markalı avtomobil yanıb. Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Növbəti hadisə "Xəzər bağları" adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Seymur Rahib oğlu Quliyevə məxsus "Volkswagen" markalı avtomobil alovlanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Bəs avtomobillər hansı səbəbdən birdən-birə alışır və bu cür yanğınların qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir?
Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücülər nəqliyyat vasitələrinin texniki vəziyyətinə ciddi şəkildə nəzarət etməlidirlər:
“Bu, qanunvericiliklə birbaşa sürücülərin öhdəliyi kimi müəyyən olunub. Heç kəs “çatdıra bilmədim” və ya “ala bilmədim” bəhanəsi gətirə bilməz. Hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamağa və istismar qaydalarını pozmamağa borcludur. Təəssüf ki, bir çox hallarda bu qaydalara əməl olunmur. Texniki parametrlərin pozulması, əlavə avadanlıqların quraşdırılması, işıq cihazlarına müdaxilə kimi halların nəticəsində avtomobillərin yanması və digər ağır nəticələr baş verir. Avtomobilə vaxtında qulluq göstərilməsi isə bu fəsadların qarşısını ala bilər. Xüsusilə mühərrik sisteminə diqqət yetirmək vacibdir. İkinci əl avtomobil alarkən diqqətli olmaq lazımdır, çünki bəzi xarici ölkələrdə suya düşmüş və ya zərər görmüş avtomobillər Azərbaycana gətirilir. Azərbaycanda açıq bazardı və bəzi alverçilər yalnız şəxsi mənfəətlərini düşünərək avtomobilləri ucuz qiymətə alıb, burada baha qiymətə satırlar. Onları “təzə” və ya “az işlənmiş” avtomobil kimi təqdim edirlər ki, bu da müəyyən faciələrə səbəb olur. Birinci növbədə avtomobil alarkən diqqətli olmaq, ikinci növbədə isə istismar zamanı mütəmadi texniki qulluq göstərmək vacibdir. Qanun da sürücülərin bu öhdəliyini açıq şəkildə müəyyən edir”.
Mehin Mehmanqızı