Tarixi bərpa: Azərbaycan Mərkəzi Asiya ilə yenidən bütövləşir
Aktual
379
13:50, Bu gün

Tarixi bərpa: Azərbaycan Mərkəzi Asiya ilə yenidən bütövləşir

Bu gün Azərbaycan–Mərkəzi Asiya əlaqələri yeni geosiyasi mərhələyə qədəm qoyur.  Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının VII sammitində Azərbaycanın tam hüquqlu üzv qəbul edilməsi regional əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır. Bu qərar Azərbaycanın artıq Mərkəzi Asiya ölkələri ilə siyasi müstəvidə ortaq platformada təmsil olunduğunu göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tam hüquqlu üzv qəbul olunması regional güc balansını necə dəyişəcək?
Moderator.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib ki, qardaş ölkənin paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VII sammitində Azərbaycanın bu platformaya tamhüquqlu üzv qəbul edilməsi “5+1” formatını vahid “altılıq” modelinə çevirdi.
Onun sözlərinə görə, bu, bir neçə istiqamət üzrə tarixi hadisədir:
 
“Azərbaycan Prezidenti sammitin nəticələrini dəyərləndirərkən qeyd etdi ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə sinxron şəkildə hərəkət etmək imkanlarının yaranması həm geosiyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Doğrudan da, bu qərarın ciddi geosiyasi və geoiqtisadi aspektləri mövcuddur. Hadisə, əslində, vahid tarixi-coğrafi məkanın birləşməsi deməkdir. Türküstan coğrafiyası əslində qafqazlara qədər uzanan bir coğrafiyadır. Qafqazlar isə Ön Asiyaya qədər uzanan geostrateji ərazini əhatə edir. Belə olan halda, təbii tarixi-coğrafi məkan üzərində formalaşan yeni ittifaq modeli yenidən diqqət mərkəzinə gəlir”.
 
Millət vəkili əlavə edib ki, bu təbii tarixi-coğrafi birlik həm böyük iqtisadi resurslara və inteqrasiya potensialına, həm də geniş mədəni, humanitar və sosial əməkdaşlıq imkanlarına malikdir:
 
“Özbəkistan Prezidenti cənab Şövkət Mirziyoyev vurğuladı ki, “böyük altılıq” artıq qlobal xarakter daşıyan bir platformaya çevrilib. Bu, həqiqətən də belədir. Nəticə etibarilə, dərinləşən inteqrasiya qlobal altılığın beynəlxalq münasibətlər sistemində təsir gücünü daha da artıracaq”.
 
Millət vəkili qeyd edib ki, bu “altılığı” təyin edən əsas şərtlərdən biri Azərbaycanla bağlılığıdır:
 
“Ona görə də hər beş ölkənin prezidenti inteqrasiya prosesində Azərbaycanın yerini və rolunu xüsusi olaraq qiymətləndirməyi vacib hesab etdilər. Məsələ ondadır ki, Azərbaycan 2020-ci ilə qədər həyata keçirdiyi kommunikasiya xətləri ilə Orta Asiya ilə əməkdaşlıq üçün mühüm perspektivlər yaratmışdı. 2020-ci ildə əldə etdiyimiz tarixi zəfərdən sonra isə bu perspektiv imkanlar yeni üfüqlərlə genişləndi. Zəngəzur dəhlizinin mümkün perspektivləri Azərbaycanı ayrıca geostrateji məkan kimi önə çıxardı. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün vahid “altılıq” platformasından danışa bilməzdik, çünki bunun həyata keçirilməsi üçün şərtlər mövcud olmazdı.
Bu səbəbdən Orta Asiya ölkələri Azərbaycanın xüsusi rolunu və yerini bir daha qeyd etdilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya hazırda sənaye inqilabı ərəfəsindədir. Bu isə özü ilə yeni resursların iqtisadiyyata və texnologiyaya cəlb olunmasını şərtləndirir. Mərkəzi Asiya ölkələri isə bu baxımdan çox zəngindir: uran, litium və digər nadir elementlər baxımından böyük potensiala malikdirlər. Bu resursların effektiv realizə olunması üçün Mərkəzi Asiyanın mütləq şəkildə Qərblə əməkdaşlığına ehtiyac var və bu yalnız Azərbaycan vasitəsilə mümkündür. Hazırda Azərbaycan bu əməkdaşlıq üçün çox əlverişli yeni şərtlər yaradıb”.
 
Hikmət Babaoğlu vurğulayıb ki,  bu həm də tarixi ədalətin bərpasıdır:
 
“Vahid Türküstan coğrafiyası bizim milli və dini identikliyimizi, etnik yaxınlığımızı əks etdirir və onun üzərində böyük gələcək qurmaq imkanlarını təmin edir. Tarixən, Türküstan və Cənubi Qafqaz işğal altında olduğundan, bu bölgələr bütövləşə bilmirdi. Bu gün isə Azərbaycanın irəli sürdüyü şərtlərlə Mərkəzi Asiya və Azərbaycan yenidən bütövləşir. Bu isə şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir və yeni “altılıq” platformasını beynəlxalq münasibətlər sisteminin ən təsirli aktorlarından birinə çevirəcək".
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər