Kiyevdə Azərbaycan səfirliyinə HÜCUM: Moskva Bakıya hansı mesajı verməyə çalışır?
Aktual
1302
14:00, Bu gün

Kiyevdə Azərbaycan səfirliyinə HÜCUM: Moskva Bakıya hansı mesajı verməyə çalışır?

Xəbər verdiyimiz kimi, Rusiyanın Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb. Qeyd edək ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib. Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub. Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa  Azərbaycanın Rusiya səfirini çağırmasına cavab verib. Parlamentari heç kimin respublikanın Kiyevdəki səfirliyinə hücum etməyi planlaşdırmadığını bildirib.
 
Diplomatik korpusların kordinatları verildiyi halda səfirliyimizin zərbəyə məruz qalmasına səbəb nədir?
Moderator.az-a danışan  Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib ki, Rusiya Azərbaycanla münasibətlərdə ciddi irəliləyiş əldə etmədən, yenidən etimadı zəiflədəcək, yeni sərinliyə gətirib çıxaracaq, bu kimi addımlar atır:
 
“Kiyev milyonlarla insanın yaşadığı böyük bir şəhərdir və “İskəndər” kimi raketlərin hədəf koordinatları öncədən dəqiq müəyyən edilir. Azərbaycan səfirliyinin yerləşdiyi əraziyə yaxın nöqtəyə zərbə endirilməsi də təsadüfi görünmür. Bu, Rusiyanın Azərbaycan–Ukrayna münasibətlərindən narahat olduğuna və bu yaxınlaşmadan narazılıq ifadə etdiyinə işarə edir. Kiyevdə səfirliyimizin yaxınlığına raket atılması təkcə Ukraynaya deyil, eyni zamanda Azərbaycana ünvanlanmış bir təzyiq və xəbərdarlıq kimi dəyərləndirilə bilər.
Bu addım həm iki dövlət arasındakı münasibətlərə, həm də beynəlxalq hüququn prinsiplərinə ziddir. Təəssüf ki, son illər Rusiya tərəfindən bu kimi təxribat xarakterli addımların artdığının şahidi oluruq. Keçən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulması, Ukraynada bir neçə dəfə Azərbaycana aid infrastruktura – o cümlədən səfirliyimizin binasına və qaz paylayıcı şəbəkəsinə qarşı edilən hücumlar bunun bariz nümunələridir.
Rusiya müxtəlif regionlarda və müxtəlif ölkələrə qarşı bu cür təxribatları daha tez-tez həyata keçirir. Bu isə göstərir ki, Rusiya hakimiyyəti beynəlxalq hüquqa və beynəlxalq münasibətlər sisteminə zidd davranaraq özünü bu hüquqi çərçivədən təcrid edən bir dövlət mövqeyi sərgiləyir”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər