Xəbərdarlıq: Bu dərmanları həkim nəzarəti olmadan qəbul etməyin
Aktual
521
12:26, Bu gün

Xəbərdarlıq: Bu dərmanları həkim nəzarəti olmadan qəbul etməyin

Son günlər apteklərdə immunitet gücləndirən dərmanlara maraq sürətlə artıb. Bir çox insan həkim təyinatı olmadan bu preparatlara üz tutur və nəticədə “daha sağlam olmaq” arzusu bəzən əks effekt yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, belə nəzarətsiz istifadə  sağlamlığa mənfi təsir göstərir.
Həkim təyinatı olmadan immunitet gücləndirən dərmanların qəbulunun hansı təhlükələri mövcuddur?
 
Mövzu ilə bağlı Moderator.az-a danışan terapevt Sübhan Hacıyev bildirib ki, immun sistemi orqanizmin təbii müdafiə mexanizmidir və bu sistemə hər hansı kənar müdaxilə düzgün deyil:
 
“İmmun sisteminə süni müdaxilə onun normal fəaliyyətini poza bilər. Bu isə bəzən autoimmun xəstəliklərin və ya hipereaktivlik reaksiyalarının yaranmasına səbəb olur. Təəssüf ki, bir çox insan immun sisteminin iş mexanizmini tam anlamır. Onlar düşünürlər ki, bu sistemi daim “gücləndirmək” lazımdır. Halbuki immun sistemini nə zəiflətmək, nə də həddən artıq gücləndirmək olmaz. Hər iki halda orqanizmin tarazlığı – yəni homeostaz pozulur və bu da müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır”.
 
Həkimin sözlərinə görə, bazarda “immunitet gücləndirici” adı altında təqdim olunan bir çox bioloji aktiv qida əlavələri də insanları çaşdırır:
 
“İnsanlar düşünürlər ki, bu preparatlar onları xəstəliklərdən qoruyacaq. Amma belə bir təsir sübut olunmayıb. Əslində, məqsəd immuniteti gücləndirmək yox, onu balansda saxlamaq olmalıdır. İmmunitetin sağlam saxlanması üçün dərmandan çox yaşam tərzi vacibdir. İnsan günün təxminən üçdə birini yuxuda keçirməlidir (7–8 saat). Açıq havada müntəzəm gəzintilər və fiziki fəaliyyət vacibdir. Kifayət qədər maye qəbul edilməlidir. Mövsümə uyğun qidalanmaq, təzə meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Xüsusilə qış aylarında orqanizmi dəstəkləmək üçün yalnız C vitamini, D vitamini, sink və selen kimi mikroelementləri az dozada qəbul etmək kifayətdir. Bundan artıq hər hansı dərman və ya əlavəyə ehtiyac yoxdur”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər