“Vərəsəlik hüququ mülki qanunvericiliyin ən mürrəkkəb hissələrindən biridir bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəllənin 10-cu bölməsi tamamilə vərəsəlik hüququna həsr edilmişdir. Mülki məcəlləyə əsasən vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər”.
Bu sözləri Moderator.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
O qeyd edib ki, uşağın mənşəyinin müəyyən edilməsi isə Ailə Məcəlləsinin 44-cü maddəsi ilə tənzimlənir:
“Bu maddəyə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Kimlər qanun üzrə vərəsələr:-
Qanun üzrə vərəsələrin miras almaq hüququnun yaranması aşağıda göstərilən növbədə müəyyən edilmişdir:
1-ci növbə: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
2-ci növbə ölənin bacıları və qardaşları;
3-cü növbə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;
4-cü növbə xalalar və bibilər, dayılar və əmilər;
5-ci növbə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları”.
Mehin Mehmanqızı