Trampdan qərar: Savaşın gedişatına mühüm həmlə - Müharibə bitir?
Aktual
395
08:49, Bu gün

Trampdan qərar: Savaşın gedişatına mühüm həmlə - Müharibə bitir?

Rusiya- Ukrayna müharibəsi tezliklə başa çata bilər. Bunu ABŞ Prezident Donald Tramp deyib.
"Ukraynada işlərimizi yaxın vaxtda bitirəcəyik", - o söyləyib. Buna baxmayaraq, Ağ Ev lideri konkret tarix açıqlamayıb.
 
Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki,  Ağ ev rəhbəri Donald Tramp hələlik müharibənin bitməsi ilə bağlı nə konkret tarix, nə də aydın bir plan açıqlamayıb:
 
“Trampın dedikləri daha çox ümumi bəyanat xarakteri daşıyır. Bu isə onun sözlərinə inamı azaldır. Xüsusilə nəzərə almaq lazımdır ki, Tramp əvvəllər dəfələrlə oxşar açıqlamalar verib. Hələ hakimiyyətə gəlməzdən əvvəl müharibəni bitirəcəyini söyləmişdi, sonradan müxtəlif vaxtlar üçün vəd vermişdi – bir ay, beş gün, üç günə, – amma bunların heç biri reallaşmadı. Bu, onun istəməməsindən yox, gücünün çatmamasından irəli gəlir. Çünki Rusiya–Ukrayna müharibəsini bitirmək doğrudan da çox çətin məsələdir və bunun üçün çox güclü siyasi iradə lazımdır. Bu gün müharibənin taleyi təkcə Rusiya və Ukraynadan asılı deyil. Tramp hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa arasında da bu məsələyə yanaşmada fikir ayrılıqları yaranıb. ABŞ müharibənin bitməsini istəsə də, Avropa tam tərsinə, onun uzanmasında maraqlıdır. ABŞ-ın məqsədi Rusiyayla iqtisadi münasibətləri qorumaq, Ukraynaya investisiya qoymaq və diqqətini Yaxın Şərqə və Çinlə münasibətlərə yönəltməkdir. Avropa isə hazırda Rusiyadan ucuz enerji aldığı üçün bu vəziyyətin davam etməsini istəyir. Müharibə bitsə, həm bu imkandan məhrum olacaq, həm də Rusiyanın növbəti hədəfi ola biləcək ölkələrdən biri Avropa ərazisində ola bilər. Hazırda Ukrayna iki tərəfli təzyiq altındadır. Bir tərəfdən ABŞ danışıqlara başlamağa çalışır, digər tərəfdən isə Avropa Ukraynanı silahlandıraraq müharibəni uzadır. ABŞ-ın diplomatik təşəbbüslərinin artdığı bir vaxtda Avropanın Ukraynaya silah yardımını artırması da məhz bu təşəbbüsləri kölgədə qoymaq məqsədi daşıyır. Trampın vəziyyəti çox çətindir və yaxın zamanda müharibəni dayandıra biləcəyi inandırıcı görünmür. Əksinə, ABŞ, Avropa və Rusiya arasında artan gərginlik fonunda danışıqlar ehtimalı daha da azalır".
 
Siyasi şərhçi diqqətə çatdırır ki, Rusiya–Ukrayna müharibəsinin bitməsi həm Rusiyanın, həm də Ukraynanın maksimalist iddialarından asılı olduğuna görə, hazırkı vəziyyətdə hər iki tərəf üçün “ölüm-qalım” məsələsinə çevrilib:
 
“Həm Ukrayna, həm də Rusiya torpaq güzəştlərinə getmək istəmir. Bu müharibə artıq yalnız silahlı qarşıdurma deyil — burada hakimiyyətlərin taleyi də həll olunur. Ukrayna Prezidenti Volodimir Zelenski torpaq güzəştinə gedərsə, hakimiyyətdə qala bilməyəcəyini yaxşı başa düşür. Rusiya da müharibəni indiki halda dayandırsa daxildə ritorika dəyişə və təzyiqlə üzləşə bilər, buna görə də Moskva da güzəştə tələsmir. Avropanın mövqeyi müharibənin uzanmasında həlledici rol oynayır. Avropa Ukraynanı silahlandırmaqla münaqişənin davam etməsinə təkan verir. Qərb bir növ Ukraynanı şantaj edir".
 
Siyasi şərhçi diplomatik sülh sazişinin reallaşmasının çətin olduğunu, bunun üçün bir tərəfdən hakimiyyət dəyişikliklərinin lazım gələcəyini bildirir:
 
“Sülh sazişinin imzalanması üçün ən azı bir liderin hakimiyyətdən getməsi tələb oluna bilər — ya Putin, ya da Zelenski. Məncə, bu, böyük ehtimalla Zelenski tərəfdən olacaq. Zelenskinin istefa verməsi, qaçması və ya hətta öldürülməsi ehtimallarını tamamilə istisna etmirəm; o, özünə qarşı belə təhdidlərin olduğunu anlayır. Həmçinin mümkündür ki, onun yerinə başqa bir rəhbər gətirilsin. Mövcud geosiyasi münasibətlər və Avropanın davranışı danışıqlar perspektivlərini zəiflədə bilər”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər