Bayram günlərində hotel və kirayə evlərdə qiymətlər necədir?
Aktual
993
09:40, Bu gün

Bayram günlərində hotel və kirayə evlərdə qiymətlər necədir?

Bu gündən etibarən başlayan ardıcıl qeyri-iş günləri daxili turizm bazarında canlanma yaradıb. Artan tələbat fonunda hotellər və günlük kirayə evlərdə doluluq səviyyəsi yüksəlib, qiymətlərdə isə müəyyən artım müşahidə olunur. Ümumilikdə, bu cür bayram istirahətləri daxili turizmin inkişafına, regionlarda iqtisadi fəallığın artmasına və yerli icmaların gəlirlərinin çoxalmasına müsbət təsir göstərir.
Moderator.az-a danışan Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, bu gün başlayan qeyri-iş günlərində daxili turizm bazarında canlanma müşahidə olunur:
 
“Turizm şirkətlərindən və yerləşdirmə obyektlərindən aldığımız məlumatlara görə, vətəndaşlar daha çox Qəbələ, Quba-Qusar, İsmayıllı, Şəki, Lənkəran və Naftalan kimi istiqamətləri seçirlər. Havanın nisbətən mülayim keçməsi həm dağlıq, həm də sahil bölgələrinə marağı artırıb.
Bu dövrdə həm hotellərə, həm də günlük evlərə tələbat var. Lakin ailəvi istirahət edənlər əsasən kirayə evləri, gənclər və qrup turları isə hotelləri üstün tuturlar. Qiymətlərdə müəyyən artım müşahidə olunur — xüsusilə populyar istiqamətlərdə 10–15 faiz civarında.
Ümumilikdə, bu tip uzunmüddətli istirahət günləri daxili turizm üçün müsbət təsir yaradır: regionlarda doluluq artır, xidmət sektoruna əlavə gəlir daxil olur, yerli icmalar da iqtisadi baxımdan fayda qazanır. Bu da ölkədə turizmin inkişafına yönəlmiş dövlət siyasətinin nəticəsidir.”Samir Dübəndi sözlərinə davam edərək qeyd edib ki, bayram dövrlərində region hotellərində qiymətlər adi günlərlə müqayisədə 35–50%, yüksək kateqoriyalarda isə 65–75% artır:
“Bayramlarda qiymət sərbəst bazar mexanizmi ilə formalaşdığından tələbat artdıqca tariflər yüksəlir.
Belə qeyri-iş günləri regional doluluğu artırır, xidmət və ictimai iaşəyə əlavə gəlir gətirir; lakin qiymət dalğalanmaları və son dəqiqə bronlarında məhdud otaq təklifi müşahidə olunur.
8 Noyabr – Zəfər Günü (2020-dən), 9 Noyabr – Dövlət Bayrağı Günü (2009-dan) rəsmi qeyri-iş günləridir. Bu il 10–11 noyabr da qeyri-iş günləri kimi müəyyənləşdirilib.
Bayramınız mübarək! Hamınıza xoş istirahət günləri, turizmçilərə isə bol turist axını arzu edirəm!”
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər