Nüvə ilə bağlı təcili tapşırıq – Tramp dünya müharibəsini başladır?
Aktual
648
13:35, Bu gün

Nüvə ilə bağlı təcili tapşırıq – Tramp dünya müharibəsini başladır?

ABŞ prezidenti Donald Tramp Rusiyanın yeni raketləri sınaqdan keçirməsindən sonra Pentaqona nüvə silahlarını sınaqdan keçirməyi əmr edib. Bu qərar beynəlxalq ictimaiyyətdə yeni nüvə gərginliyi dalğası yaradıb. Artan ritorika və qarşılıqlı hədələr fonunda “taktiki nüvə müharibəsi” anlayışı yenidən gündəmə gəlib. Qlobal təhlükəsizlik balansının pozulduğu bir dövrdə bu proseslərin mümkün nəticələri ciddi narahatlıq doğurur. Artan nüvə ritorikası dünyanı hara aparır? Rusiya Ukraynada taktiki nüvə silahı tətbiq edə bilərmi?
 
Moderator.az-a danışan Amerikada yaşayan həmyerlimiz, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus deyib ki, ikiqütblü dünyanın sonu və son illərdə yeni dünya nizamının formalaşmaması bəşəriyyəti elə bir vəziyyətə gətirib ki, beynəlxalq institutlar artıq işləməməyə başlayıb və nəticədə, planetin indiki vəziyyətinə gətirib çıxarıb:
 
“Qanunun gücü yerinə gücün qanunu bu gün hökm sürür. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı təcavüz isə bütün bu proseslərin bariz nümunəsidir.
Bu münaqişənin uzun çəkməsi və Rusiyanın ilkin mərhələdə gözlədiyi uğuru əldə edə bilməməsi onu davamlı olaraq eskalasiya həddini artırmağa məcbur edir.
Məhz buna görə də ABŞ və Rusiya kimi böyük dövlətlərin artan nüvə ritorikası etimadsızlıq və qorxu atmosferi yaradır, bu isə soyuq müharibə dövrünü xatırladır. Beynəlxalq razılaşmaların eroziyası müşahidə olunur — bəziləri zəifləyib, bəziləri isə tamamilə qüvvədən düşüb. Bu, silahlara nəzarəti və şəffaflığı azaldır.
Nəticədə, yeni silahlanma yarışı başlayıb və aparıcı dövlətlər daha müasir, “ağıllı” və mobil nüvə sistemlərinin hazırlanmasına böyük sərmayələr yatırırlar.
Bununla əlaqədar olaraq, səhvlərin artma riski də yüksəlir — yüksək gərginlik şəraitində texniki nasazlıq və ya yanlış xəbərdarlıq fəlakətli nəticələrə səbəb ola bilər.
Kreml ümid edirdi ki, Trampın prezident seçilməsi ilə bu müharibəni öz xeyrinə həll edə biləcək. Lakin bu ümidlər özünü doğrultmadı və məhz buna görə Rusiya Qərbə psixoloji təzyiq göstərməyə, nüvə ritorikasını şantaj və güc nümayişi vasitəsi kimi istifadə etməyə çalışır. Bu isə dünyada və müttəfiqlər arasında narahatlıq səviyyəsini artırır”.
 
Ramiz Yunus vurğulayıb ki, artan nüvə ritorikası birbaşa silah tətbiqinə deyil, daha çox beynəlxalq münasibətlərdə qeyri-sabitlik və etimadsızlığın artmasına gətirib çıxarır:
 
“ABŞ-ın cavab reaksiyası və Prezident Trampın bəyanatları, eləcə də Çinin narazılığı, Rusiyanın bu nüvə şantajının təsirini kəskin şəkildə zəiflədir.
Rusiya Ukraynada taktiki nüvə silahı tətbiq edə bilərmi? Nəzəri baxımdan — bəli, Rusiyanın texniki imkanı var, lakin praktik olaraq bu, olduqca az ehtimal olunur, bir neçə səbəbdən:
Çünki bunun Rusiya üçün çox ağır siyasi nəticələri ola bilər, hətta məhdud miqyaslı nüvə zərbəsi Rusiyanı beynəlxalq təcridə salacaq, neytral ölkələrlə (məsələn, Çin və Hindistanla) münasibətləri dağıdacaq.
Hərbi baxımdan isə Ukraynada cəbhə xətti Rusiyanın sərhədlərinə yaxındır və radioaktiv çirklənmə həmçinin Rusiyanın öz ərazisinə də təsir göstərə bilər.
Qərbin reaksiyası isə çox güman ki, nüvə ilə cavab verməyəcək, lakin güclü, dağıdıcı qeyri-nüvə zərbələri endirəcək və Rusiyanı tam təcrid edəcək. Üstəlik, Rusiyanın daxilində əlavə risklər ola bilər və hərbi və siyasi rəhbərliyin bir hissəsi belə addıma qarşı çıxa bilər.
Beləliklə, nüvə silahı tətbiqi təhdidi real plan deyil, daha çox təzyiq və qorxutma alətidir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər