DTX-nin Balakən əməliyyatı
Aktual
1759
16:30, Bu gün

DTX-nin Balakən əməliyyatı "domino effekti" yarada bilər – Kimlərin növbəsidir?

Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayonunda keçirdiyi əməliyyat nəticəsində uzun illər rayona rəhbərlik edən icra başçısı İslam Rzayevin saxlanılması ölkədə yerli idarəetmə orqanlarında hökm sürən problemləri bir daha gündəmə gətirib. Məlumatlara görə, bu əməliyyat Ramiz Mehdiyev klanına bağlı icra strukturlarının “neytrallaşdırılması” prosesinin davamıdır. Son ayda bir çox rayonlarda icra başçılarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, korrupsiya faktlarına yol verməsi və vətəndaş narazılıqlarının artması sistemin dərin struktur problemlərindən xəbər verir. Bəs icra başçılarının özbaşınalıqlarına son qoymağın, yerli idarəetmədə şəffaflıq və hesabatlılıq mexanizmlərini gücləndirməyin vaxtı çatmayıbmı?
Moderator.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, yerli icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti uzun müddətdir davam edir:
 
“Əhalinin 80 faizi yerli icra başçılarının fəaliyyəti, özbaşınalığı, səriştəsizliyindən narazıdır. Vaxtaşırı sosial şəbəkələrdə müxtəlif icra başçıları barədə etirazlar səslənir, amma həmin sakinin  taleyi sonradan  heç də yaxşı olmur. Bu gün icra başçılarının əksəriyyəti Balakən rayonunun icra başçısının törətdiyi oxşar xəta və qanun pozuntularına yol verir. İstənilən icra başçısının fəaliyyətini yoxlamaq üçün kabinetinə DTX daxil olsa, eyni maddələri onların da üzərinə qoymaq olar. Amma bu o demək deyil ki, icra strukturlarını ləğv edib onların yerinə yeni qurum yaratmaqla vəziyyəti dəyişmək mümkündür. Yeni strukturun yaranması korrupsiya, rüşvət və özbaşınalıq hallarını avtomatik aradan qaldırmayacaq. Regionlarda vəziyyət bizim bildiyimizdən daha da ağırdır. Kənddə  adi bir insan həyətində tonqal  qalayanda belə  dərhal gəlib “ekologiyaya ziyan vurursan” deyərək pul tələb edirlər. Eyni hal meşə və dağlıq ərazilərdə də müşahidə olunur — insanlar ağacları kəsmir, sadəcə yerə tökülən budaqları yığırlar, amma buna baxmayaraq, onları cərimə adı ilə cəzalandırırlar. Yerli məmurların cərimə adı ilə topladıqları pullar birbaşa icra başçılarının cibinə axır”.
 
Ağ Partiyanın sədri qeyd edib ki, vəziyyəti dəyişmək üçün iki əsas addım atılmalıdır:
 
"Birincisi, qanunun aliliyinin təmin edilməsi, ikincisi isə müxalifətin dövlət idarəçiliyində təmsil olunmasıdır. Hər bir vəzifəli şəxs bilməlidir ki, qanun hər şeydən üstündür və hansısa maddəni pozan şəxs  cavab verəcək. Üstündən 3-5 il keçsə də , məhkəmədə bu məsələ ortaya çıxacaq və icra başçısı hesab  verəcək. Amma icra başçılarının çoxu hesab edir ki, etdikləri qanunsuzluqların 10 faizinə cəza veriləcək, 90 faizi isə cəzasız qalacaq. Bu toxunulmazlıq sindromu onlara istədiklərini etməyə şərait yaradır.
İkinci mühüm məsələ nəzarət mexanizmidir. Hazırda nəzarəti həyata keçirənlərin hamısı eyni sistemin içindədir. Belə şəraitdə korrupsiya və rüşvət faktlarını kim üzə çıxaracaq? Ölkədə müxalifət faktiki olaraq dövlət idarəçiliyindən tam kənar saxlanılıb. Hazırda parlamentdə 125 deputatdan cəmi 12-si formal olaraq müxalifət adlanır, onların da əksəriyyəti hakimiyyətə yaxın partiyalardandır. Müxalif mövqedə olan deputatların sayı cəmi 3–4 nəfərdir. Bu vəziyyət təkcə icra hakimiyyətlərində deyil, məhkəmələrdə  və digər dövlət qurumlarında da müşahidə olunur. Bu isə göstərir ki, qanunvericilikdə mütləq islahatlar aparılmalı, nəzarət mexanizmlərinin təşkili üçün müxalifətin dövlət idarəçiliyində müəyyən formada iştirakı təmin edilməlidir. Əks halda, proseslər insanların vicdanına buraxılacaq və korrupsiyaya meyillilik davam edəcək. Əgər bir məmurun nə Allah qorxusu, nə də qanun qorxusu yoxdursa, belə halların qarşısını almaq mümkün deyil. Qanunun işləməməsi və müxalifətin nəzarət-təftiş funksiyasını icra edə bilməməsi vəzifəli şəxsləri daha çox qanunsuzluğa sövq edir. Mən bu özbaşınalığın əsas səbəbini məhz bunda görürəm — başqa izahı yoxdur”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər