Məşhur blogerlərin reklam etdiyi müəllim insanları belə aldadır
Aktual
1717
30 Oct 2025 | 14:14

Məşhur blogerlərin reklam etdiyi müəllim insanları belə aldadır

Moderator.az-a bir qrup vətəndaş tərəfindən Azər İsmayılov adlı şəxslə bağlı şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, həmin şəxs sosial şəbəkələrdə, xüsusilə  “Instagram”da insanları aldadır.
İddiaya görə, ingilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov “yalnız son bir yer qalıb”, “altı aylıq endirimli tədris paketi” kimi elanlarla insanların etimadını qazanıb. Tələbələrin bildirdiyinə görə, “iamzervacademy” kimi tanınan bu dil kursu üç ayın ödənişini əvvəlcədən alıb, lakin dərsləri keçməyib. Ödənişdən sonra nə tədris prosesi başlayıb, nə də vəsaitlər geri qaytarılıb.
 
Şikayətçilər qeyd edirlər ki, bu şəxs uzun müddətdir eyni fırıldaqla məşğuldur. Onun aldadaraq pullarını mənimsədiyi insanların sayı 53 nəfəri keçib. Zərərçəkənlərin sözlərinə görə, bəzi şəxslər 120–5200 manat aralığında məbləğlər ödəyib.
Qeyd olunur ki, Azər İsmayılov müxtəlif bəhanələrlə insanları aldatmağa davam edir — gah “kursun ofisi Ağ şəhərdədir”, gah “Ulduz metrosunun yaxınlığındadır”, gah da “yer dəyişmişik” kimi yalan məlumatlar verir.
 
Şikayətçilər bildiriblər ki, artıq prokurorluq, polis və digər aidiyyəti dövlət qurumlarına müraciət ediblər.
Maraqlıdır ki, bir çox xəbər saytları bu məsələni artıq işıqlandırsa da, hələ də çox sayda insan bu fırıldaqçının qurbanına çevrilməkdədir.
 
Şikayətçilərin sözlərinə görə, Azər İsmayılovun səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam etdiyindən, bir çox vətəndaş onun etibarlı şəxs olduğuna inanıb və buna əsasən ödəniş edib.
 
Şikayətçilər hüquq-mühafizə orqanlarından Azər İsmayılovun fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılmasını və zərərçəkmişlərin vəsaitlərinin geri qaytarılmasını xahiş edirlər.
 
Məsələ ilə bağlı Moderator.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxs tərəfindən bir neçə vətəndaşın hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı ərazi polis orqanlarına müraciətlər daxil olub. Həmin müraciətlər əsasında proessual araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcəkdir.
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər