Nüvə müharibəsinin anonsu verildi – Rusiyadan ABŞ-yə sərt ultimatum
Aktual
1307
11:11, Bu gün

Nüvə müharibəsinin anonsu verildi – Rusiyadan ABŞ-yə sərt ultimatum

Budapeşt görüşü təxirə salındıqdan sonra vəziyyət daha da gərginləşib. Rusiya prezidenti Vladimir Putin yenidən dünyanı nüvə silahı ilə hədələdi. Strategiyasında dəyişiklik edən Kreml bu dəfə “Burevestnik” adlı yeni silahını təqdim edib.  Qərb Putinin təqdim etdiyi bu raketin qarşısında dayana biləcəkmi? 
 
Tramp–Si Cinpin görüşü ərəfəsində Putinin yeni raketi elan etməsi hansı mesajı ehtiva edir?
Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Budapeşt görüşünün təxirə salınmasından sonra ABŞ prezidenti Donald Tramp Çin rəhbəri Si Cinpinlə görüşməyə hazırlaşır. Bu müddətdə Rusiya ABŞ-ın Ukraynaya yeni dəstəyindən narahat olaraq yenidən nüvə ritorikasına əl atıb:
 "Putin öz köməkçisi vasitəsilə ABŞ tərəfinə mesaj göndərib, guya Rusiyanın yeni silahı – “Burevestnik” raketi var. Bu, onu göstərir ki, Rusiya həqiqətən də böyük təlaş içindədir. Kreml müharibəni dayandırmağa hazır deyil, əksinə, blef və şantaj taktikasını davam etdirir. Bilirsiniz ki,  Rusiya tərəfi bundan əvvəl də “Oreşnik”, “Kinzhal”  kimi silahlarla dünyanı hədələyirdilər. İndi də “Burevestnik” adı ilə eyni ritorikanı təkrarlayırlar. Budapeşt görüşü ləğv olunduqdan sonra Putin nüvə başlıqlı raketlərin təlimini keçirib, hərbi geyimdə çıxış edib və bu, onun Qərbə mesaj göndərmək cəhdidir. Qərb artıq Rusiyanın nəyə qadir olduğunu çox yaxşı bilir. Tramp da Putinin bu addımından narahatlığını ifadə edib. Rusiya müharibəni dayandırmaq deyil, əksinə, eskalasiyanı dərinləşdirmək istiqamətində addımlar atır. Ukraynanı bir həftəyə ram edəcəyini düşünən Rusiya artıq dördüncü ilə yaxınlaşır ki, ciddi hərbi, iqtisadi və siyasi problemlərlə üzləşir”.
 
Hərbi ekspert vurğulayıb ki, Rusiya artıq Qərbin sanksiyalarının ağır nəticələrini hiss etməyə başlayıb:
 
“Rusiya iqtisadiyyatının “ürəyi” sayılan iki əsas şirkət – “Rosneft” və “Lukoil”  yeni sanksiyaların hədəfinə çevrilib. Bu, Rusiyanın büdcəsini formalaşdıran əsas arteriyalardır və onların fəaliyyətinə məhdudiyyətlər Moskvanı ciddi şəkildə narahat edir. Rusiya özünü güclü göstərməyə çalışsa da, vəziyyət real olaraq çox gərgindir. Rusiya zahirdə şux görünməyə çalışır, amma fakt odur ki, Hindistan artıq Rusiya neftindən imtina edib. Tramp–Si Cinpin görüşündən sonra çox güman, Çin də müəyyən addımlar atmağa məcbur qalacaq. Baxmayaraq ki, Çin hələlik dolayı yolla, gizli formada Rusiyaya dəstək göstərir. Dünya artıq Rusiyanın təhdid və şantaj ritorikasını yaxşı tanıyır. Yeni beynəlxalq sistem artıq çox gözəl anlayır ki, Rusiya hansı avantüralara və hansı şantajlara əl atır. Moskva hələ də Ukraynanın Donbas bölgəsini tələb edir. Bu, təkcə Ukrayna üçün deyil, həm də ABŞ və ümumilikdə beynəlxalq ictimaiyyət üçün utandırıcı haldır. Çünki BMT üzvü olan bir ölkə – Rusiya, başqa bir suveren dövlətin ərazisini açıq şəkildə işğal edir və bu işğala hüquqi don geyindirməyə çalışır”.
 
Ekspertin fikrincə, Putinin yeni nüvə təhdidləri də əvvəlkilər kimi nəticəsiz qalacaq:
 
“Rusiya bundan sonra da dünyanı nüvə silahı ilə təhdid etməyə çalışacaq. Amma artıq beynəlxalq ictimaiyyət Rusiyanı “yerində oturtmağın” yollarını çox yaxşı bilir. “Burevestnik” raketi də sadəcə növbəti blef, növbəti təhdid mərhələsidir və dünya bu cür ritorikadan qorxmur”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər