Ermənistandan gözlənilməz təklif - Bakının cavabı nə olacaq?
Aktual
1997
14:45, Bu gün

Ermənistandan gözlənilməz təklif - Bakının cavabı nə olacaq?

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün mümkün marşrutu açıqlayıb. O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır və ən real istiqamət Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutudur.
“Əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, biz bu marşrutu dərhal tranzit üçün açmağa hazırıq. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”, – Paşinyan qeyd edib.
 
Bəs Ermənistanın təklif etdiyi bu marşrut iqtisadi və logistik baxımdan Azərbaycan və Türkiyə üçün nə dərəcədə sərfəlidir?
 
Moderator.az-a danışan politoloq Fəqani Məhərrəmli deyib ki,  Vətən müharibəsində Azərbaycanın sürətli və parlaq qələbəsi nəinki Cənubi Qafqazda, bütövlükdə Avroasiya bölgəsində qüvvələr nisbətini böyük ölçüdə dəyişdirdi:
 
“Artıq Pekindən Londona uzanan Yeni İpək Yolunun ən strateji ölkəsi məhz Azərbaycandır. Yəni Azərbaycanın rəyi və razılığı olmadan heç bir iqtisadi-siyasi proyektin uğur qazanmaq şansı yoxdur. Ermənistanda da, gecdə olsa bu reallığı anlamağa başlayıblar. 8 avqustda, Ağ Evdə ABŞ prezidentinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, Zəngəzur koridorunun "TRİPP marşurutu" adı altında açılmasına erməni tərəfinin razılıq verməsi Azərbaycan adına böyük uğurdur. Bu koridorun açılması Azərbaycanı Türkiyə üzərindən Ağ dənizə və Avropaya daha qısa yoldan çatdırmaqdan daha öncə və daha vacib, Naxçıvanla birləşdirəcək ki, bu da ölkəmiz üçün olduqca vacibdir. Lakin bu koridorun açılması üçün görülən və görüləcək işlər ,cənab Prezidentimizin də elan etdiyi kimi 2028-ci ildə bitəcək”.
 
Politoloq qeyd edib ki, daxildən və xaricdən siyasi- iqtisadi təzyiqlər altında olan Ermənistan isə tələsir:
 
“Kommunikasiya xətlərinin daha tez açılması ilə iqtisadi fayda əldə etmək,bununla da ölkədəki gərginliyi bir azda olsa zəiflətmək  istəyir. Bilindiyi kimi, Ermənistanla Azərbaycan arasında bir neçə istiqamətdə nəqliyyat- kommunikasiya xətləri mövcuddur ki, bu xətlərdən istifadə hazırki şəraitdə daha tez reallaşa bilər. Odur ki, Ermənistan Baş naziri Nikol Paşinyan Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşurutunu təklif edir. Sözsüz ki, bu xətt Zəngəzur dəhlizinə alternativ deyil, ola da bilməz. Əks-tədqirdə Azərbaycan buna razılıq verməz”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər