2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin büdcəsində nəzərdə tutulan ayırmalardan 480 milyon manat azdır. Cari dövrdə Fonda büdcədən 1,38 milyard manat vəsait ayrılacaq. Gələn ildən qeyd edilən xərclərdə 35 faizə qədər azalma baş verəcək. Eyni zamanda, gələn ildən etibarən əmək və ya mülki müqavilə əsasında işləməyən, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yalnız ödənişli əsaslarla istifadə edə biləcəklər.
Sözügedən qərar səhiyyə sektorunda və sosial təminat sistemində hansı iqtisadi riskləri yarada bilər?
Moderator.az-a danışan iqtisadçı ekspert Rauf Qarayev deyib ki, beynəlxalq praktikada işləməyən əhalinin tibbi sığorta xidmətlərindən yararlanması üçün xüsusi dövlət proqramları mövcuddur:
“Beynəlxalq təcrübəyə baxsaq, məsələn, ABŞ-da işləməyən əhali dövlət proqramları vasitəsilə tibbi sığortadan faydalanır. Almaniyada ailənin gəlirləri və ehtiyac meyarı nəzərə alınır. Əgər ailədə yalnız bir nəfər işləyirsə və ailənin gəliri müəyyən edilmiş ehtiyac meyarından aşağıdırsa, həmin ailənin digər üzvləri dövlət proqramı çərçivəsində pulsuz tibbi sığorta ilə təmin olunur. Amma bu imtiyazın da müəyyən limitləri var və həmin limit aşmamalıdır.
Rusiyada da oxşar mexanizm tətbiq olunur. Hər regionda sosial müdafiə orqanları və regional büdcələr hesabına işləməyən vətəndaşlara pulsuz tibbi sığorta xidməti təqdim edilir. Yeni layihələr çərçivəsində həmin şəxslər sığortadan yararlanırlar.
Ölkəmizdə isə əsas məsələ ondan ibarətdir ki, vəsait azaldılacağı halda, işləməyən əhali üçün minimal tələblər və təminat meyarları necə müəyyən ediləcək? Dövlət işləyən və ödəniş edən əhali hesabına fond formalaşdırırsa, bu sistemdə aztəminatlı vətəndaşların hüquqları da ayrıca nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, dövlət işləyən əhalidən toplanan vəsait hesabına tibbi sığorta fondunu formalaşdırır, lakin bu sistemdə işləməyən vətəndaşların tamamilə kənarda qalması real görünmür.
“Çünki bu, ciddi narazılıqlara səbəb ola bilər. Məsələn, pensiya sistemində də əmək stajı olmayan, heç yerdə rəsmi işləməyən şəxslərə müəyyən sosial ödənişlər edilir. Eyni yanaşma tibbi sığorta sistemində də tətbiq oluna bilər.
Düzdür, ayrılan vəsaitin azalması bəzi sahələrə, xüsusilə də bahalı əməliyyatların maliyyələşdirilməsinə təsir göstərə bilər. Bu əməliyyatların sayı azaldıla bilər. Amma ümumilikdə işləməyən əhalinin tibbi xidmətlərdən tamamilə məhrum edilməsi böyük ictimai narazılıq doğurar.
Digər tərəfdən, işləməyən əhali qrupuna yalnız işsizlər deyil, həm də uşaqlar, pensiyaçılar, iş axtaranlar və analıq məzuniyyətində olan qadınlar daxildir. Bu kateqoriyaların hər biri ayrıca müəyyənləşdirilməlidir.
Büdcəsi haqqında qanun layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait birdən-birə azaldılarsa, bu, təkcə səhiyyə sisteminə deyil, sosial sabitliyə də təsir edə bilər. Odur ki, beynəlxalq təcrübəyə əsaslanaraq, bu məsələdə daha çevik və sosial ədalətli mexanizmlər müəyyənləşdirilməlidir”- deyə iqtisadçı qeyd edib.
Mehin Mehmanqızı