Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasının hərəkətverici qüvvəsidir
Aktual
254
14:37, Bu gün

Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasının hərəkətverici qüvvəsidir

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycan xarici siyasətində müstəsna yerə malikdir. Azərbaycanın bütün regionun siyasi və iqtisadi xəritəsini dəyişməsi ilə bu münasibətlər tamamilə yeni, fərqli və daha yaxın bir sima alıb. Mərkəzi Asiya ölkələri ilə münasibətlər kontekstində Azərbacan-Qazaxıstan münasibətləri tamamilə fərqlənir. 

Hər şeydən öncə qeyd olunmalıdır ki, resurs potensialına, coğrafi mövqeyinə, əhali sayına və xarici siyasətdə atılan addımlara görə Qazaxıstan və Azərbaycanın öz regionlarının daha təşəbbüskar, fərqlənən aktorlar olduğunu demək olar.  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev siyasi arenada öz fikirləri olan liderlərdir. Bunu biz həm ikitərəfli görüşlər, həm də beynəlxalq platformalarda təmaslar zamanı görürük. 

Azərbaycan Prezidenti, cənab İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu səfər çərçivəsində də Azərbaycan liderinə göstərilən yüksək etimad və diqqətin şahidi olduq. Ölkə başçısını qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev şəxsən Astana şəhərinin Beynəlxalq Aeroportunda qarşılaması, onun şərəfinə verilən ziyafət və şəxsi ünsiyyət zamanı göstərilən diqqət bunun bariz nümunəsi idi. Qazaxıstan rəhbərinin Azərbaycan prezidenti haqda “O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Prezident İlham Əliyev tarixi missiyanı yerinə yetirib” fikirləri həm də qlobal miqyasda dövlət başçımızın siyasi portetinin ifadəsi idi.  

Eyni zamanda, keçirilən görüşlər və aparılan qarşılıqlı müzakirələr də onu deməyə əsas verir ki, bu gün Azərbaycan və Qazaxıstan etibarlı tərəfdaş və 2 qardaş ölkə olaraq həm bir-birinə güvənir, həm də bütün sahələrdə əməkdaşlığın genişlənməsini hədəfləyir. Ölkələr arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır. Xüsusən də son illər Türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirib. Bu isə ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir. 

Prezident İlham Əliyevin Qazaxıstana ikigünlük səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərdi. Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Bütün bunlardan çıxış edən Azərbaycan Prezidenti də haqlı olaraq qeyd edib ki, Qazaxıstan hər zaman bizim yanımızda olub, haqq səsimizə səs verib, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edib. Bəli, həqiqətən də belədir. Qazaxıstan Azərbaycana daim mənəvi və siyasi dəstək verib. Astana dostluğa və qardaşlığa sadiq olduğunu çoxdan sübut etmiş, on illərin sınağından çıxmış, güvəniləcək ölkədir. 

Bu gün Azərbaycan və Qazaxıstan siyasi və iqtisadi konsepsiya, həmçinin dövlət ambisiyaları baxımından yeni dünya düzəninə uyğun praqmatik baxış ortaya qoyub. Məhz bu yanaşma Türk Dövlətləri Təşkilatının güclənməsində mühüm rol oynayıb. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri ilə regional təşəbbüsləri və qlobal təcrübəni birləşdirərək, konkret sahələr üzrə model qurub bunu təsisat çərçivəsində bölüşməlidir. Ortaq ambisiya ilə çıxış etmək və qərar vermək çətin, lakin mümkündür. Azərbaycan və Qazaxıstan bu çətin şəraitdə mümkün olan bütün addımları atmaq yoluna çıxıb. 

Həm Azərbaycan, həm də Qazaxıstan Prezidenti siyasi nizamda nəyin lazım olduğunu dərk edən və ortaq vizyonlu liderlər, cəlb etməyə qadir olan siyasətçilərdir. Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. İki ölkənin strateji müttəfiqliyi qarşıdakı illərdə də regionda sabitliyin, inkişafın və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq.

Fəzail İbrahimli
Milli Məclisin deputatı

 

Link kopyalandı!
Son xəbərlər